27 Noyabr 2016
Mətni dəyiş
Akşin İbişov
Əvvəlcə bir az əsər haqqında
Bunu başdan vurğulamaq istəyirəm ki, əgər Əli və Nino əsəri olmasaydı Azərbaycanlı identifikasiyasında nəzərə çarpacaq ölçüdə boşluq ortaya çıxardı. Milli kimliyimizin xarakteristikasına aid bir çox elementi bu əsərdə tapmaq olar. Əli və Nino əsərini biz azərbaycanlılar hara getsək çıxardıb vizitkart kimi göstərə bilərik.
Tarix elmi istinad nöqtəsi kimi Azərbaycan xalqının köməyinə çatmır, Rəsulzadənin deyimi ilə o və digər fədakar insanlar yoxdan, dayanağı olmadan bir bayraq qaldırmışdılar, amma Azərbaycan xalqı ədəbiyyatda hər zaman istinad edə biləcək nöqtələr tapa bilər. Əsərin taleyi də maraqlıdır, ilk dəfə alman dilində çap olunub, müəllifi müəmmalıdır, yəhudi əsilli sonradan müsəlman olmuş Lev Nussimbaum (Məhəmməd Əsəs bəy) və yaxud da Yusif Vəzir Çəmənzəminli olması iddiaları var. Hər ikisinin ruhu şad olsun. Böyük ehtimallar daha çox Məhəmməd Əsəd bəyin üzərində durur. Hər bir halda romanın hazırki halı onun əsəridir. Bir də bizim dilə almancadan nəfis tərcümə edən və digər yəhudi əsilli azərbaycanlı olan Mirzə Xəzərə də vacibdir ki, təşəkkür edək.
Əsər qərbdə, alman dilində çap olunub, yüksək standartlı qərb oxucusu üçün nəzərdə tutulmuşdur. Mövzuları da ümumbəşəridir. Eşq, müharibə, Qərb və Şərq, dinlərarası konflikt və tolerantlıq. İŞİD-in, məzhəb savaşlarının, artan milliyətçiliyin olduğu müasir dövrdə necə də aktual mövzuardır. Deməli əsər zamana da məğlub olmayıb.
Obyektiv və subyektiv səbəblərdən müti, sönük və cahil azərbaycanlı obrazları ilə dolu olan ədəbiyyatımızda Əli obrazı tək-tük parıldayan, alov saçan obrazlardan biridir. Əli dərin filosof deyil, hikkəli deyil, ideya adamı deyil ancaq onun müsbət azərbaycanlı instinktləri və praktik ağlı Əlini nəticə etibarı ilə haqlı çıxarır. Əli üçün müharibə şöhrət və qorxu mövzusu deyil, o mənası olmayan müharibədən boyun qaçırır, amma gərək olduqda ailəsini qoyub müharibədə ölməsini də bilir.
Əli müsəlman kimliyindədir amma fanatik deyil, dininə hörmət edir ancaq dinlər Əlinin eşqinə mane ola bilmir. Gözünün qarşısında ona görə adam öldürən Əlini Nino da heç vaxt onu qızı ilə buraxıb işğalçı ilə mübarizədə öldüyünə görə qınaya bilməzdi. İşğalçı ilə mübarizə etmək lazımdır və ölən dostlarının heç biri Əlidən artıq deyil.
Əli xarakterdə insanlar bir xalqın önünə düşüb onu tarix səhnəsinə, tarix səhifəsinə çıxartdılar, Azərbaycan Xalq Cumhuriyyətini qurdular, mütilər isə xalqın önündə olanda bu günkü kimi onun torpaqları işğal altında olur, o torpaqlarda nə ədalət olur, nə də çörək olur, vətəndaşlar didərgin düşür, ləyaqətlərini qoyub başqa ölkələrə çıxıb gedirlər. Bunun məntiqi nəticəsi də tarixdən silinmiş bir millətdir.
Deməli azərbaycanlı xarakteri fanatik olmamaqla prinsipsiz olmaq arasında sürüşkəndir, bu torpaqlar həyat yaşamağı bilən, fərqli fikirlərə, dinlərə, etnik köklərə hörmət edən xoşbəxt insanların vətəni ola bilərdi, amma prinsipsizlik varsa ortada nə xalq olacaq, nə də vətən.
Filmə gəlincə
Film əladır. Film haqqında tək bu cümləni də yazıb bitirmək yetərli olardı. Həvəsi olmayanlar heç bundan sonra yazılanı da oxumasınlar.
Başqa hansı əsərə, başqa hansı mövzuya film çəkilə bilərdi ki? Bütün faktorları nəzərə alanda film çəkilməsi üçün bu romana heç 1000 km-dən də yaxınlaşan başqa əsərimiz yoxdur. Birincisi vacib idi ki, Əli Nino əsərinə bu standartlarda film çəkilsin, ikincisi də Azərbaycanın belə bir filmi olması vacib idi, bu da yuxarıda göstərildiyi kimi Əli Nino olmalı idi.
Kino əvvəla görüntü sənətidir, bu cəhətdən hər şey yerindədir. Film texnikaları maraqlı idi. Film musiqisi də gözəl. Halit Ergençdən başqa digər aktyorların oyunu yaxşı və yaxşının üzərindədir. Nino obrazını canlandıran Maria Valverdenin oyunu ayrıca qeydə dəyərdir. Bu səviyyədə filmi sənayeye çevrilmiş Türkiyə kimi ölkənin aktyoru da xarici aktyorların yanında zəif qalır, buna görə də bizlərdən aparıcı rollarda aktyor görməməyimiz anlaşılandır.
Hələ mən bir neçə dil bilməyi şərt kimi demirəm. Bizdə film sənayesinin inkişafı çoxşaxəli işlərdən asılıdır, ümid edək ki, Əli və Nino filmi bu mənada bir stimul olar və beləliklə yerli istehsal olan bayağı komedi kommersant filmlərinin yanında süjet xətti və mövzusu olan film də olar.
Filmdə Rəsulzadədən bəhs olunmamağına gəlincə, heç əsərdə də Rəsulzadədən bəhs olunmayıb. Əsərin müəllifi də bunu lazım biməyib, əsərin original müəllifi bunu lazım bilməyibsə filmi əlavələrlə çox da propaqandaya çevirməyə ehtiyac yoxdur. Əgər əsərin özəyi Çəmənzəminlinindirsə, bunun üçün özünə görə səbəbləri də olub, hər kəsin sevimlisi olmaq olmaz.
Rəsulzadə, ümumiyyətlə, Milli Şuranın sədri kimi AXC-nin qurulmasına öz töhfəsini vermiş və müsbət keyfiyyətləri ilə bu torpaqların yetişdirdiyi 5-10 böyük şəxsiyyətdən biridir. Onun onsuz da dərrakəsi olan hər bir vətəndaşın qəlbində öz yeri var, filmdə olub-olmamağı elə də əhəmiyyət kəsb etmir. Anti-Rusiyaçılıqda və Türkiyə qardaşlığında da original əsərə sadiq qalınıb, çox da siyasi hesab-kitab güdülməyib
Filmi öz dilimizdə dublyajdan və original ingiliscəsini izlədim, dublyajı elə də bəyənmədim, yəqin ki, yeni səslərə ehtiyac var. Kinoteatrda filmi izləyən əcnəbilərin də təəssüratı müsbət idi. Leonardo Di Kaprio oynamadığını nəzərə alsaq "The Great Gatsby" filmindən heç nəyi ilə aşağı deyil. Əgər marketinqi düzgün qurulsa, filmin başda müsəlman-türk coğrafiyası olmaqla dünyada kifayət qədər rəğbət görməməsi üçün heç bir səbəb yoxdu.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.