4 Noyabr 2016
Mətni dəyiş
Əsabəli Mustafayev: ''Təxminən 40-dan çox iş icraya yönəldilib''
Azərbaycan hökuməti Avropa Məhkəməsinin 2016-cı ildə çıxardağı qərarlar üzrə maliyyə kompensasiyalarını hələ də ödəməyib. Bu barədə vəkil Əsabəli Mustafayev Meydan TV-yə açıqlamasında deyib.
Vəkilin sözlərinə görə, ilin əvvəlindən 1-2 nəfər istisna olmaqla qalanlarına kompensasiya ödənilməyib: "Söhbət təxminən 40 iş civarından gedir. Təkcə məndə 22 işdir, o cümlədən, İntiqam Əliyevdə, Xalid Bağırovda işlər var. Bu baxımdan bəlkə də 40-dan çox iş icraya yönəldilib. Ortalama 10 min avrodan götürdükdə, təqribən 400 min avro edir, amma dəqiq rəqəm deyə bilmərəm. Faiz məsələsinə gəldikdə, bir sıra işlərdə cərimələrin ödənilməsinin vaxtı 2 aydan çox keçib.
Əsabəli Mustafayev bildirib ki, iş icraya yönəldiyi vaxtdan hökumətə 2 ay vaxt verilir. O qeyd edib ki, adətən hökumət kompensasiyaları üçüncü ayın sonunda verirdi:
"Məsələn, avqustda icra müddəti bitən işlər var. Faizlərə gəldikdə, bunu hesablamaq mənim üçün çətindir, çünki indiyə qədər belə hal olmayıb. Əsasən Mərkəzi Avropa Bankının faiz hesabı götürülür və faiz ödənilməsi qərarda yazılır. Amma mən iqtisadçı olmadığımdan bu barədə dəqiq heç nə deyə bilməyəcəm".
Vəkil yaxın iki ayda Avropa İnsan Haqları Məhkəməsinin növbəti qərarları olacağını da istisna etməyib: "Çünki həddindən çox kommunikasiyası bitmiş işlər var. Məndə 70-ə yaxın iş var ki, kommunikasiyası bir neçə ildir bitib. Yəqin ki, yeni qərarlar olacaq, hazırda hakim dəyişikliyi ilə bağlı bir qədər gecikmə ola bilər. Mən Xanlar Hacıyevin vaxtının bitməsini nəzərdə tuturam".