7 Oktyabr 2016
Mətni dəyiş
Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılın barəsində qanunsuz sahibkarlıqla əlaqədar maddənin ləğv olunması ilə bağlı apellyasiya şikayətinə baxılıb.
Vəkil Fariz Namazlının verdiyi məlumata görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd edək ki, Xədicə İsmayıl 2014-cü ilin dekabrında həbs edilib. Ona Cinayət Məcəlləsinin n 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 125( intihar həddinə çatdırma) maddələri üzrə ittiham elan edilib.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.
Ali Məhkəmədə mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə jurnalistə bəraət verib və o, 3 il 6 ay şərti cəza ilə həbsdən buraxılıb.
Daha sonra X. İsmayıl onun barəsində CM-nin 192.2.2-ci (qanunsuz sahibkarlıq) maddəsinə xitam verilməsi ilə bağlı şikayət ərizəsi verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, jurnalistin üzərindəki şərti cəza müddəti 3 il 6 aydan 2 il 3 aya endirilib.