28 Oktyabr 2016
Mətni dəyiş
Vyanada ATƏT-in rəhbərliyi altında “Münaqişələr zamanı jurnalistlərin təhlükəsizliyi, söz azadlığı və plüralizm” mövzusunda ikigünlük konfrans keçirilir.
Oktyabrın 27-də başlayan konfransda Avstriya Xarici İşlər Nazirliyinin İnsan Hüquqları Departamentinin rəhbəri Gerhard Doujakın deyib ki, son vaxtlar həlak olan jurnalistlərin 80 faizi öz fəaliyyətinə görə, məqsədli öldürülüb.
ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç isə çıxışı zamanı hökumətlərin jurnalistlərə təzyiqlərində artımın müşahidə olunduğunu qeyd edib:
“Son 20 ildə hökumətin jurnalistlərə təzyiqlərinin artması müşahidə olunur ki, bu da özünü əsasən böhranlı vəziyyətlərdə göstərir. BMT-nin jurnalistlərin müdafiəsi üzrə 222 saylı qətnaməsi isə yerinə yetirilmir”. O, əsas problem kimi dövlətin bu sahədə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınmasını və ya imtina etməsini göstərib.
“Öhdəliklərin yerinə yetirilməsi vacibdir. Çünki bu, KİV-də əminlik yaradır ki, o, dövlət və beynəlxalq birlik tərəfindən müdafiə olunur”, - Miyatoviç vurğulayıb.
“KİV azadlığı təzyiqi altındadır”, - Almaniyanın ATƏT-dəki səfiri Eberhard Pol belə hesab edir. E.Polun sözlərinə görə, bəzi dövlətlərin KİV-i nəzarətə götürmək cəhdləri gündən-günə artmaqda davam edir.
Almaniyalı səfirin fikrincə, jurnalistlərin ən yaxşı müdafiəsi işi KİV-in siyasi və iqtisadi müstəqilliyidir. Bu, söz azadlığı məsələsində beynəlxalq siyasətdə öndə olmalıdır.
Avropa Şurasının İnformasiya Departamentinin rəhbəri Patrik Penninks isə deyib ki, onun təmsil olunduğu quruma üzvü olan ölkələrin 50 faizində jurnalistlərin təhlükəsizliyinə zəmanət yoxdur. Vəziyyətin pis olduğu ölkələrdə isə durum daha da pisləşib. “Bütün beynəlxalq təşkilatların birlikdə bu problemi həll etməsinin vaxtı çatıb”, - o, zala müraciət edib.