Vahid Məhərrəmov: “Hökumət nə istədiyini bilmir”

Vahid Məhərrəmov: “Hökumət nə istədiyini bilmir”
9 Oktyabr 2016
Mətni dəyiş
“Yeganə problem idarətemədir, başqa problem yoxdur. Ölkənin torpaq-iqlim şəraiti, su resursu imkan verir ki, Azərbaycan özünü ərzaq buğdası ilə təmin etsin”.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov ölkə başçısı İlham Əliyevin “Kənd təsərrüfatında zəif yerimiz taxılçılıqdır” fikirlərini şərh edərkən deyib.
Prezident Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında etiraf edib ki, Azərbaycan taxıl idxalından asılıdır.
Vahid Məhərrəmov hesab edir ki, düzgün idarəetmə sistemi qurulsaydı, Azərbaycan özünü taxılla və digər dənli bitkilərlə təmin edə bilər:
“Yeganə lazım olan odur ki, məhsuldarlığı artırıb maya dəyərini aşağı salasan. Bunun üçün ölkəyə gətirilən mineral gübrənin təsiri zəifdir və məhsuldarlığa pis təsir edir. Su resursu kifayət qədər ola-ola fermer bəzən taxılını suvarmağa su tapmır. Problem idarəçilikdədir”.
“Strategiya yoxdur”
Ekspert prezidentin kənd təsərrüfatı ilə bağlı toxunduğu digər məsələlərə də toxunur, deyir ki, hökumət aqrar sahədə proriteti müəyyənləşdirməlidir:
“Nə istəyirlər, hələ də anlaya bilmirəm. Hökumət hər şeylə məşğul olmaq istəyir, amma belə olmur. Bir neçə sahə üzrə ixtisaslaşırsan və ixracını da o üzrə istiqamətləndirirsən. Həm baramaçılıq, həm pambıqçılıq, həm fındıqçılıq, həm heyvandarlıq, həm zeytunluğu inkişaf etdirmək istəyirlər. Hər hektardan 500-600 kilo yığmaqla dünya bazarına çıxmaq olmaz. Türkiyə, İspaniyada hər hektardan 4-5 min ton məhsul əldə edirlər, onlarla necə rəqabətə girəcəksən?..”
Vahid Məhərrəmov deyir ki, hökumətin aqrar sahədə strategiyasını görmür: “Hökumət hədəfini aydın müəyyənləşdirə bilmir. Azərbaycanda münbit şərait var, nəyə yönəltsən nəticə əldə edərsən, amma proritet olmalıdır. Dünya təcrübəsində ölkələr müəyyən məhsulların istehsalı üzrə ixtisaslaşırlar, bəzi məhsulları artıq isthesal edib ixraca yönəldirlər”, - ekspert vurğulayıb.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun