Samir Şərifov ABŞ-da BVF və Dünya Bankı ilə danışıqlar aparıb

Samir Şərifov ABŞ-da BVF və Dünya Bankı ilə danışıqlar aparıb
8 Oktyabr 2016
Mətni dəyiş
Maliyyə naziri Samir Şərifovun başçılıq etdiyi nümayəndə heyəti “Cənub” qaz dəhlizi layihəsinin maliyyələşdirilməsi üzrə danışıqlar üçün ABŞ-a gedib.
Maliyyə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, Dövlət Neft Fondu və“Cənub Qaz Dəhlizi” QSC-nin nümayəndələrindən ibarət heyət oktyabrın 7-də Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankında danışıqlar aparıb.
Mənbənin məlumatına görə, danışıqların mövzusu sözügedən maliyyə qurumlarının“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsində iştirakının mümkünlüyü olub. “Cənub” qaz dəhlizi” layihəsinin həyata keçirilməsi ilə bağlı ABŞ hökumətinin dəstəyinin Azərbaycanda yüksək qiymətləndirildiyi qeyd olunub.
Məlumatda həmçinin, Azərbaycan nümayəndə heyətinin ABŞ-ın dövlət katibinin iqtisadi və biznes əlaqələri üzrə köməkçisi Çarls Rivkin, Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokştayn və ABŞ maliyyə nazirinin beynəlxalq bazarlar və inkişaf üzrə köməkçisi Marisa Laqo ilə də görüşlər keçirildiyi bildirilir.
Bu görüşlərdə ikitərəfli ticari-iqtisadi əməkdaşlığın inkişafı, enerji sahəsində iki ölkə arasındakı ənənəvi strateji əməkdaşlığın davam etdirilməsi müzakirə mövzusu olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun