Qiyas İbrahimovun məhkəmədə son sözü - tam mətn

Qiyas İbrahimovun məhkəmədə son sözü - tam mətn
26 Oktyabr 2016
Mətni dəyiş
2016-cı il, oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilmiş NİDA Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimovun məhkəmədəki son sözü. Tam mətn:
- Ətraflı olsun deyə, yazılı şəkildə son söz hazırlamışdım, amma əlimdən aldılar. Mənə verilmiş ittiham üzrə özümü müdafiə etmək fikrim yoxdur. Əsl cinayət fəaliyyətim püskürtmə boyamın rəngi kimi ağdır. Əsl səbəbi insanı olduğum bu ölkənin, bu ölkədə mövcud olan siyasi sistemin yalanlarına və dərəbəylik zehniyyətinə yetəri qədər sivil şəkildə, adi tələbə gənc olaraq etiraz etmiş olmağımdır. Heç bir yazılı qanunu pozmamışam.
Hansı ki, yazılı qanunda etdiyim əməl cinayət hesab olunmur. Pozduğum sistemin yazılmamış qanunudur. Hansı ki, sistem bu yazılmamış qanunlarıyla ayaqda qalmağa, ədalətsizliyi ədalət, köləliyi azadlıq kimi göstərmək üçün istifadə edir. Dövlətin yazılı qanunları olan, kağızda əksini tapmış qanunları pozmaqla cəzasız qalmaq mümkündür.
Yetər ki, sistemin mövcudluğunda hansısa rol oynayasan. Yaxud bu rol oynayanlardan kimlərisə, yaxud kimisə satın almaq iqtidarında, gücündə olasan. Belə olan halda yazılı qanunları pozub cəzasız qala bilərsən, ancaq bu sistemin yazılmamış qanunlarını pozanda cəzasız qalmaq mümkün deyil. Sistemin yazılmamış qanunlarını pozmusansa, ki, bunlar hamıya məlum olduğu kimi bir jurnalistin doğruları, həqiqətləri yazıb göstərməyi, bir siyasətçinin müxalif mövqeyi, bir bloggerin internetdə öz fikirlərini yazmağı, bir aktivistin dinc etirazı, bir ölkə vətəndaşının öz haqqını tələb etməyidir. Qısası vicdanına qulaq asan dilinin olmağıdır. Vicdanlı olursunuzsa siz artıq sistemin yazılmamış qanununu pozursunuz və sizin artıq cəzadan qurtulmaq şansınız yoxdur. Mən də bu gün həmin qanunu pozmuşam və özümə qədərki bu vəziyyətdə olanların sırasına qoşulmuşam. Ancaq bu yazılmamış qanunları pozanda bu sistem bizi yazılı qanunları pozmaqla ittiham eləyir, cinayətlə şərləyir və həmin qanunlarda nəzərdə tutulan cəzaları verir. Bu da hamıya məlumdur. Bunu eləməklə öz yazılmamış qanunlarını kağıza köçürməyə guya utanırlar. Ancaq hər il bu utancaqlıq daha da azalır. Yəqin növbəti intervalda bu utancaqlıq ümumiyyətlə qalmayacaq və elə insanları kölə olmaq istəmədikləri üçün birbaşa ittiham edib cəzalandıracaqlar. Əslində bu bizim üçün yaxşı olardı. Yəni vicdan məhbusları, doğrunu istəyən insanlar üçün yaxşı olardı. Çünki belədə cibimizə, evimizə qoyulan narkotik, molotov kokteylinin, silah-sursatın bizim olmadığını sübut eləməyə, danışmağa əziyyət çəkmərik. İğtişaş törətmək yox, sadəcə söz demək istədiyimizi sübut eləməyə əziyyət çəkmərik. Kiminsə kök saldığı kreslodan yıxıb, o kresloda özümüzün kök salmaq istədiyimizi yox, sadəcə həmin kresloda oturanın vaxtı gələndə getməli olduğunu istədiyimizi açıqlamağa əziyyət çəkmərik. Birbaşa nə etmişiksə onunla da ittiham olunardıq. Yəni totalitar bir sistemin vətəndaşı olarıq. Bilmirəm bu olacaq, ya olmayacaq mən hər halda bunun olmamalı olduğuna inananlardan biriyəm, ona görə də bu gün vicdan məhbusu kimi burda sizin hökm verməyiniz üçün sizin dırnaqarası ədalət məhkəmənizə çıxarılmışam. Sistemin qanunlarından birini pozub, vicdanlı insan olaraq hansısa şəkildə etiraz eləməyim bu etirazımı heykələ şüar yazaraq çatdırmağım, bildirməyim sistemin öz yalanlarını doğru kimi qəbul etdirmək üçün yaratdığı pərəstiş kultunun simvolunda yazı yazaraq etiraz eləməyim bəziləri tərəfindən guya mənim, Bayramın həyatda olmayan şəxsin xatirəsini təhqir olunması kimi qələmə verilib. Hərçənd ki, bu belə olsa da, olmasa da biz heykələ yazıb etiraz etməsək və yaxud başqa şəkildə bizdən əvvəlki insanların timsalında gördüyümüz kimi bura çıxarılacaq vəziyyətdəyik.Yəni demək istədiyim odur ki, bunun bizim həyatda olmayan birinin xatirəsini təhqir eləyib hay-küy qaldırmağı və bizə verəcəyiniz cəzanın buna görə bir qədər də artırmağı ki, bunun heç bir əhəmiyyəti yoxdur. Bu sadəcə başının içində beyin yerinə pambıq gəzdirənlərin deyib danışa biləcəyi bir şeydir. Çünki indiki halda bu mövcud vəziyyətdə sistemin simvoluna, həmin heykələ şüar yazıb etiraz bildirməklə biz onu kiminsə şəxsinə ucaldılmış abidə kimi yox, bu sistemin böyük qardaşa göstərdiyi sevgi olaraq təzim elətdirilən bir pərəstiş kultu, simvolu kimi görmüşük. Ona görə ona şüar yazıb, sistemə bu cür etiraz eləmişik. Yoxsa kiminsə xatirəsinə ucaldılmış abidə kimi yox. Bir daha təkrar edirəm ki, bu cür yəni kiminsə guya xatirəsini təhqir elədiyimizi deyib heykələ niyə yazırdınız, gedib öz babanızın qəbir daşına yazaydınız deməyi sadəcə gülüncdür. Bayaq dediyim kimi başının içində beyindən başqa nə desəniz daşıyan biriləri ancaq bunu deyə bilər. Təcridxana rəisi də belə adamlardan biri idi. (Azər Seyidov) Mənə deyirdi ki, bunu elədiyinə görə xalq səni linç eləyər. Bilmirəm bu dediyinə nə qədər inanır, nə qədər yox. Yoxsa xalq deyəndə polis idarəsindəki bir dəstə quldurumu nəzərdə tutur deyə bilmərəm. Amma xalq bizi doğrudan da linç edərdisə rəisin sözündən belə çıxır ki, bu sistemin bir ünsürü kimi biz ona və polis idarəsinə, polislərə təşəkkür eləməliyik. Təşəkkür eləməliyik ki, nə yaxşı siz bizi tutmusunuz, yoxsa xalq bizi linç eləyərdi buna görə. Bu çox klişe bir ifadəni xatırladır mənə:
"Nə yaxşı ki, siz bizi döyürsünüz, nə yaxşı ki, siz az yeyirsiniz, başqaları gəlib bizi çox döyərdi, başqaları gəlib çox yeyərdi".
Rəisin dedikləri də bu şeylərin analoqudur. Bundan başqa narkotik ittihamı ilə özümü müdafiə etməyəcəm ən başda da dediyim kimi. Özü alçaqlığın hansısa bir pilləsində qərar tutmuş polis idarəsinin rəisi guya bizə mənəvi işgəncə vermək üçün, ya da alçaltmaq üçün yeri süpürtdürürdü, təmizlik işləri eləməyə məcbur elətdirirdi. Bu aciz məxluq başa düşmür ki, biz onun əmri ilə məcbur olub yeri təmizləməklə özümüzü alçalmış hiss eləmərik. Biz həbsxanaya girməyi gözə alanlarıq. Bundan qorxmayanlar olaraq özümüzü onda alçalmış hiss edirik ki, yalan maşınının dili ilə desək Avropanın inkişaf eləmiş şəhərlərindən, paytaxtlarından olan şəhərin küçələrini ac qalmamaq qarşılığında yaşlı qadınların süpürdüyünü görürük. Biz onda özümüzü alçalmış hiss edirik ki, oturduğu kresloda kök salan və bizim kimi adi tələbələrə – fərqi yoxdur etirazçı və nə olmağından asılı olmayaraq - qabağımda diz çökməlisiniz, “mən şaham qanun da mənəm” deyən xəstə zehniyyətli Mirqafarlar və onun kimi xəstə zehniyyətlilərin, iyerarxiyada qərartutanların əmri ilə sistemin qurduğu kölələr, quldurlar orduda oğlunu, övladını itirən anaları meydanlarda sürüyürlər. Onların səsini çatdırmağa çalışan insanları sürüyürlər. Biz bunu görəndə özümüzü alçalmış hiss edirik. Mirqafar kimilərin qabağında diz çökəndə özümüzü alçalmış hiss eləmirik. Özümüzü onda alçalmış hiss edirik ki, bu cür zehniyyət sahiblərinin əmrləri ilə hərəkət eləyən muzdlu quldurlar...
Hakim: - Sən ittihama qayıt, ittihama.
Qiyas: - Xeyr, mən ittihama qayıtmayacam. Bu mənim söz haqqımdır. Mən özüm bilərəm, cənab hakim nə deyirəm. Mən başda sizə dedim, mən özümü narkotik ittihamı ilə müdafiə etməyəcəm. Mən danışmaya da bilərəm, mahnı da oxuya bilərəm.
Hakim: - Hə, oxuya bilərsən oxu.
Qiyas: - Çox sağ olun, icazə verin tamamlayım. Dediyim kimi onda özümüzü alçalmış hiss edirik ki, bu cür xəstə zehniyyətin iyerarxiyasında yer tutanların əmri ilə hərəkət eləyən muzdlu kölələrin, muzdlu qatillərin, sistemin yalan maşınının dediklərinin tam əksinə olaraq ölkənin səfalət güzgülərindən biri olan Nardarana girib orda haqlarını istədilər deyə, sadəcə səslərini qaldırdılar deyə, söz dedilər deyə öz insanlarını vəhşicəsinə öldürmələri, qalanlarını da eynən bizim kimi etmədikləri cinayətlə şərləyib həbsxanalara doldurduqlarını görəndə...
Hakim: - Nardaran sənə aid deyil.
Qiyas: - Xeyr, bu ölkədə baş verən hər şey mənə aiddir, mən ona görə burdayam.
Hakim: - Sənə aid olan ittihamla danış, qanunla o deyil.
Qiyas: - Bu ölkədə qanun olsaydı mən burda olmazdım.
Hakim: - Bəs harda olardın?
Qiyas: - Tarix göstərəcək harda olacağımı. Nardarana girən muzdlu quldurların, zəncirli kölələrin heyvan cüssəsi qarşılığında Vətəni qorusunlar deyə səngərə tökülən uşaqların, hələ də körpə simalarını itirməmiş ana quzuları olduğunu, ana övladları olduğunu görürük. Bizi alçaldan budur. Bunun əvəzində isə belə heyvan cüssəlilər öz insanlarını işgəncə verib öldürürlər.
Hakim: – Oğul, mahiyyətə qayıt.
Qiyas: - Həbsimin mahiyyəti budur, cənab hakim.
Hakim: - Yaxşı, son sözün nədir hakimə?
Qiyas: - Son sözümü bitirmək üzrəyəm, icazə versəniz əlbəttə ki. Bayram Məmmədov, mən və məndən sonrakı şərlənərək həbs olunan insanlar – burda olan mən bütün bunları görüb yaşadığımız öz ölkəmizdə bizi öz köləsinə, quluna çevirməyə çalışdığını başa düşəndə, bunun bizi alçaltdığını başa düşəndə həbsdən qorxmayan, doğruları deməyə çəkinməyən insanların yanında olmaq, onlar kimi doğruların yanında olmaq vacib gəldiyini anlamışam. Bunu anladığımıza görə də o insanlardan biri olmağa çalışdığımız üçün heyflənmirik. Bizdən bir neçə əvvəl bizim kimi gənc insanlar - aralarında qadın və yaşlı olanlar da var idi - amma əsasən gənclər eynən bizim kimi doğruların yanında olduqlarına görə, düzünü dediklərinə görə, haqları olan şəkildə etiraz elədiklərinə görə eynən bugünkü kimi, eynən 10 may 2016-cı ildəki kimi Bayram Məmmədov və mənə qarşı edilən kimi şərlənib, etmədikləri cinayətə görə həbsxanalara salınıblar.
Sistem bununla doğru olanın, haqqı olanın darmadağın edə biləcəyini, öz yalanları ilə ayaqda qala biləcəyini fikirləşirdi, amma gördüyünüz kimi, sizin də, hamının da gördüyü kimi bu insanların həbsxanaya doldurulmağı, cəzalandırılmağı sistemin aləmində heç də hamıya göz dağı olmadı. Mənə, Bayrama gözdağı olmadı. Və ona görə də bu gün mən burdayam. Və gözdağı ola da bilməz. Ümumiyyətlə həbsimiz gözdağı olmayacaq, əlbəttə ki, vicdanlı insanlar olduqca, onların yanında insanlar olduqca bu cür əhəmiyyətsiz, bu cür cəzalar heç kimi qorxuda bilməz.
Mənə təcridxanada hədə-qorxu gəlirlər ki, özümü dərin quyuya salmışam. Bəli, elədir, mən də Bayram Məmmədov da, bizdən əvvəlkilər də - biz özümüzü quyuya salmışıq. Bunu bilirik. Ona görə salmışıq ki, bu quyunun suyunu tapıb çıxardaq və onun suyu bütün bu çirkabları, bütün bu iyrənclikləri yuyub aparsın. Biz buna görə özümüzü quyuya salmışıq. Bəlkə də bu quyunun suyu bizi boğa bilər, fərqi yoxdur, amma bu çirkabların təmizlənəcəyinə inandığımız üçün biz özümüzü bu quyuya salmışıq. Və buna görə də burdayıq və buna görə də sizdən bəraət dilənmirik. Olmayacağını bilə-bilə də dilənmirik.
Məndən əvvəlki etmədikləri cinayətlərə görə şərlənən bu gün də həbsdə olan və həbs cəzasını çəkib çıxan insanlar, vicdan məhbusları bu qapılardan girəndə ümidlərini bayırda qoyub giriblər. Çünki məsələnin mahiyyəti onlara çox aydındır, mən də eynən onlar kimi bu qapıdan girəndə ədalətə olan ümidlərimi bayırda qoyub girmişəm. Eynən Dantenin “İlahi komediya”sında cəhənnəmə girənlərdən tələb olunduğu kimi. Ancaq nə bu məhkəmə, nə həbsxanalar bizim üçün cəhənnəm deyil, ola da bilməz. Sistemin düşüncəsizliyinə ola da bilməz. İstər bu məhkəmə, istər həbsxanalar bizim kimi insalar üçün, mənim üçün, yaxud digərləri üçün, doğruların yanında olan insanların, bunları deməyə çəkinməyən insanların müvəqqəti olaraq müəyyən çətinlik çəkdiyi bir istirahət yeridir. Bu çətinliyi çəkməkdən qorxmuruq. Biz də çəkəcəyik, haqqımızda verdiyiniz hökmün kağız üstündə ağırlığından asılı olmayaraq bundan çəkinmirik. Və hətta deyərdim ki, bu cür insanların olduğu yerə, bu cür yaxşı insanların, doğrunu deyən insanların azadlıqlarından məhrum olub, salındığı yerlərə hətta sevə-sevə gedirik. Çünki bu inamımız doğruya olan inamdır, həqiqətə olan inamdır, azadlığa olan inamdır.
Və bu inamımızın tapıb çıxardığı təmiz su bütün bu çirkabları tarixin zibilliyinə qarışdıracağına inanırıq. Və anam burda ifadə verərkən dedi ki, o fəryad edir bir övladı üçün. Əlbəttə, o anadır və digər vicdan məhbuslarının anaları elə deyə bilərlər. Amma demək istəyirəm ki, övladlarının doğruların yanında olanlar olduğunu bilərək heç də fəryad eləməsinlər. Heç də olmayan ədalətdən bəraət istəməsinlər. Əksinə çox rahat və şən olsunlar deyərdim. Odur ki, haqqımda hökm verərkən bu dediklərimi də nəzərə alacağınızı, bu son sözümü də nəzərə alacağınızı yaxşı bilirəm. Elə bunun üçün də dedim. Odur ki, cənab hakim, haqqımda qərar verəndə öz insiativinizi, öz təşəbbüsünüzü irəli sürün. Hətta deyərdim ki, yəqin cənab ittihamçı bir neçə gün əvvəl mənə 9 il iş istədiyi üçün çox peşman olub. Yəqin maksimum cəza olan 12 ili istəyərdi. Onun peşmançılığına görə mən burda müəyyən qədər şənlənirəm. Qısası, cənab hakim, haqqımda qərar verəndə çəkinməyin. Biz doğrulara inanırıq, buna görə də həbsxanalar, işgəncələr, təhqirlər və s. bunun kimi əhəmiyyətsiz şeylər bizim kimiləri kölə və qula çevirməyə yetərli deyil. Çox sağ olun!

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun