10 Oktyabr 2016
Mətni dəyiş
Şamxal Nəsibbəyli
Ölkədə bilirsiniz ki, başını götürüb qaçmaq istəyənlərin sayı hədsiz dərəcədə çoxdur. Mən də hər dəfə bu insanların söhbətlərinə qulaq asanda yadıma siyasi məhbus İlkin Rüstəmzadə düşür və fikirləşirəm ki, görəsən o içəridə nə düşünür? Nəyə ümid bağlayır?!
Bu ölkədə əqidəsindən dönmədiyi üçün hələ də dustaq həyatı yaşayan bir İlkin Rüstəmzadə, eqoları, şəxsi ədavətləri və daha bilmədiyimiz və ya təsdiqini tapmamış bir sıra səbəblərdən ötürü birləşə bilməmiş müxalifət və bir də ortada qalmış bir Azərbaycan xalqı var.
Heç kimi qınamalı deyil, hamının yaşamaq istədiyi bir həyat var və istəyir ki, onu səmərəli dəyərləndirsin - bütün bunlara bir qarışacağımız yoxdur, bu öz yerində. Məni maraqlandıranmı deyim, düşündürənmi deyim, odur ki, adamlar var oxuyublar, hadisələri başa düşürlər və bilirlər ki, qalıb mübarizə aparmasan, hər vasitəyə əl atıb xalqı birləşdirməyə çalışmasan, bu iş heç vaxt baş tutası deyil. Di gəl bunu bilə-bilə ölkədən getməyi təbliğ və şiddətli şəkildə tövsiyyə edirlər.
Əllərində də hökümətimizin üzü "ağ" olsun, bir yox, bir neçə arqument var ki, bayraq edib durublar. Başa düşmürlər ki, İlham Əliyevin siyasətinin bir nöqtəsi də elə budur, əsəblərinizi korlayıb, sizi bu xalqa düşmən etmək. Heç arada-sırada nəyin sizi bu qədər getməyə vadar elədiyini düşünürsuz? Heç vaxt ona doğru-düzgün öyrədilməyən, təbliğ edilməyən şeylərə görə.
Gördünüzmü camaat bir günün içində necə keçdi avtobusda kart sisteminə? Bunu başqa şeylər üzərində etmək olmazmı? Bu gənclər nə vaxt analarının əllərində kitab gördü, nə vaxt müəllimləri onlara bir kitab tövsiyyə etdi? Bilirsiniz ki, tənqid mütləq şəkildə lazımdır, ancaq heç vaxt avakadonu dadmamış birini avakadonun dadını bilmədyi üçün qınaya və ya lağa qoya bilməzsiniz.
Bir fikir versəniz ki, son illərdə azdan-çoxdan kitab oxuyan, incəsənətə ədəbiyyata meyl edənlərin sayının nə qədər artdığını müşahidə edəcəksiniz. Ancaq çox pessimistsiniz, yaxşı tərəfləri görə bilmirsiz. Ən xırda şeylərdə ruhdan düşməkdən ötürü sinov gedirsiz.
Gələcək vəd edən gənclərin kütləvi olaraq xaricə getməsi öz-özlüyündə ayrıca bir dəhşətdir. Desəm ki, gedib orada bir qəzət, ya jurnal çap edirsiz, ölkə həqiqətlərini dünyaya çatdırırsınız, ya master edib savadınızı artırırsınız, dərd yarıdı, gedib 400-500 avronu alıb "araz aşığımdan, kür topuğumdan" deyib fırlanacaqsınız.
Təzlikcə mühacirət etmiş bir dostum mənə yazdıqlarının heç bir əlavəsiz sizə çatdırıram: "Bura tam olaraq vaxt itirməkdi, son 5-6 aya qədər qaçqınlara fərq qoymurdular, hər şərait yaradırdılar, amma indi Suriyadan və digər ölkələrdən gələnlərə üzr vermirlər, azərbaycanlılara da ümumiyyətlə. Nə kursa yazdırırlar, nə universitetə kömək edirlər, iş tapmaq çətindir. Türklər var, onlar da bir saat üçün 4-5 avrodan çox pul vermirlər. İndi bir fəhlə işi tapmışam saatı 9 avro, həftədə 35 saat. Burada iki variant var, müəllim, ya gərək yaxşı olacaq ümidiylə çürüyəsən, ya da evlənəsən, o da ki, qızlar qaçqın olduğunu biləndə uzaqlaşırlar. Bu almanlar yaman "nemesdi", müəllim".
Gəlin səmimi, guya ölkənizi bu vəziyyətdə qoyub gedib hardasa elmi dərəcə alsanız hamı sizə yüksək dəyər verəcək, əmin olun ki, o inteqrasiya etmək istədiyiniz ölkələrdəki insanlar bu cür insani meyarlara daha çox üstünlük verirlər. Dünyanın harasında getsəniz həmişə bir üçüncü dünya vətəndaşı olmağınız həmişə sizə xatırladılacaq. Ona görə də ən yaxşısı elə qalıb buranı düzəltməkdir.
Açın oxuyun, ən adi "bəyənmədiyiniz" türklərin ölkələrinin düşmən işğalı altında olanda etdiyi fədakarlıqları. Mən, sən əlimizi ağdan qaraya vurmayaq, sonra deyək ki, "əşi bu xalq düzələn deyil". Təbii ki, düzələn deyil. Hamı bir gerçəyi yaxşı bilir ki, ölkədə müxalifətə olan inam ölüb, ona görə də ölkənin ən real xilaskarları biz gənclərik.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.