11 Oktyabr 2016
Mətni dəyiş
"Azərbaycan artıq yeni Konstitusiyanın diktə etdiyi dövrə qədəm qoyub".
Həbsdə olan REAL sədrinin siyasi məsələlər üzrə müavini, bir həftə əvvəl isə sözçüsü elan olunan Azər Qasımlı referendumun nəticələrini və ReAL-dakı hazırkı durumu şərh edib.
Azər Qasımlı ilə jurnalist Natiq Cavadlı danışıb.
Azər bəy, ölkə siyasi dairələrində hər kəs referendumun nəticələrini müzakirə edir, suallardan biri, bəlkə də birincisi belədir: 26 sentyabr referendumuna çıxarılan təkliflər sizcə kimin layihəsi idi?
- Əslində, 26 sentyabr referendumun nəticələri daha əvvəldən bəlli idi, ona görə nəticələri müzakirə etməyin heç anlamı yoxdur. Hətta İlham Əliyev referendum aktını təklif edəndə hər kəsə az, ya çox dərəcədə dəyişikliklərin qəbul olunacağı bəlliydi. Sadəcə, biz hakimiyyətin referenduma bu qədər həssas yanaşacağını gözləmirdik. Məsələn, hakimiyyətin 26 sentyabr referendumuyla bağlı hər hansı müzakirə və debat keçirilməsini istəməyəcəyini. Ən azı prosesin demokratikliyini imitasiya edə bilərdilər, amma imitasiya da etmədilər. Məsələni daxildə və xaricdə müzakirəyə çıxarmamaqla sakitliklə prosesin üstündən keçmək istəyirdilər. Layihəyə gəldikdə, bu, şok təsiri bağışladı. Hətta hakimiyyət daxilində orta məmur təbəqəsindən yuxarıdakılar da prezidentdən belə təklif gözləməyən və məlumatsız adamlar vardı.
Dedikləriniz informasiyaya, yoxsa təhlilə əsaslanır?
- Təhlilin nəticəsidir və görünən odur ki, hakimiyyət daxilində yalnız kiçik çevrə, hətta söhbət 5-6 nəfərdən gedir, onların xaricində bu barədə heç kəs məlumatlı deyildi. Referendum ideyasıyla bağlı daha çox adam bilsəydi, informasiya cəmiyyətə sızardı və bizlər də məlumatlı olardıq. Ən azı hakimiyyətdaxili qüvvələr öz mediaları vasitəsilə cəmiyyəti müəyyən mənada hazırlamağa çalışardırlar. Ancaq hakimiyyətin çox dar çevrəsində belə bir qərar verildiyi görünür. Nəticədə tələsik şəkildə istədiklərini həyata keçirdib niyyətlərinə nail oldular.
- Baş nazirin müavini Əli Əhmədov hələ təşviqat-təbliğat kampaniyası başlamamış "Azərbaycan" qəzetinə müsahibəsində prezidentliyə namizədin yaş senzinin azaldırması təklifini əsaslandırmaq üçün Şah İsmayılı, Makedoniyalı İsgəndəri misal çəkməsi dediklərinizi təkzib etmirmi?
- Yox, məlumatlı olduqlarına inanmıram. Sadəcə, İlham Əliyev sərəncam imzalayanda nə etmək və nələri demək lazımdır suallarına cavab vermək üçün Əli Əhmədov və başqalarına tapşırıqlar verildi.
"Təəssüflər olsun ki, biz çox zəifik"
- "Turan" İA-nin direktoru Mehman Əliyev referendumun Qərblə, Vaşinqtonla müəyyən qədər razılaşdığını və ona görə susqun yanaşdıqlarını demişdi...
- Mən Qərbin tam susqun yanaşdığını deməzdim. ABŞ Dövlət departamentinin bəyanatı olub və bəyanat REAL İH-nin üzvü Natiq Cəfərlinin, Təşəbbüs Qrupunun iki səlahiyyətli nümayəndəsinin həbsindən sonra yayıldı. Bəyanatda həbslərə və referenduma münasibət, o cümlədən, Venessiya Komissiyasının rəyinin vacibliyi vurğulanmışdı. Ondan sonra Avropa Birliyinin, Avropa Şurasının, o cümlədən də Venessiya Komissiyasının mövqeyi oldu.
...Məsələ ondadır ki, hər şey Azərbaycan cəmiyyətindən, siyasi qüvvələrdən asılıdır. Yəni Azərbaycanda demokratik təsisatların güclənməsini istəyən Qərb və digər ölkələr ilk növbədə cəmiyyətin nə qədər hazır olmasına, müxalifətin hansı vəziyyətdə olmasına baxırlar. Təəssüflər olsun ki, biz çox zəifik.
Bəs cəmiyyət hazırdırmı?
- Cəmiyyət tədricən hazırlanır, hakimiyyətin öz siyasəti cəmiyyəti aktiv edəcək. Sosial-iqtisadi problemlər yaxın 2 ildə ölkədə böyük proseslərin olacağını deməyə əsas verir. Çünki iqtisadi böhran daha da dərinləşir, sosial problemlərin də insanları aktivləşdirəcəyi və siyasi tələbləri meydana gətirəcəyi şübhəsizdir.
Əks proses baş verə bilərmi, yəni hakimiyyətin repressiyaları cəmiyyəti daha da passivləşdirməsi baxımından nəzərdə tuturam?
- İnanmıram.
Nəyə əsasən inanmırsınız?
- Məsələ ondadır ki, hakimiyyət bu illərdə cəmiyyəti susdurdu, sivil toplumu, azad medianı yox etdi, müxalifəti zəiflətdi. Yəni edəcəyini etdi, bundan o tərəfə artıq nə edəcək?!
İndi repressiyalar davam etmirmi?
- Edir, amma niyə davam edir sualına cavab verək. Ona görə davam edir ki, xalq, insanlar susur. Bax, sabah ölkə dəyişəndə Amerikanın və digər demokratik ölkələrin açıqlamaları da fərqli olacaq.
Dediyiniz susqun cəmiyyətə qarşı niyə repressiyalar olmalıdır?
- Mən müxalifətçilərə, fəallara qarşı repressiyalardan danışıram. Baxın, nə qədər insan mitinqə çıxır, nə qədər insan öz hüquqlarını tələb etmək istəyir? Hələ biz o nöqtəyə gəlməmişik və bunu ABŞ da, hər kəs də görür.
"Xaos olsa, Azərbaycan İran və Rusiyanın təsirinə düşəcək"
Həm müxalif mediada, həm də sosial şəbəkələrdə hakimiyyətin 26 sentyabr referendumunu hansı məqsədlə keçirməsi müxtəlif məzmunlarda izah olunur. Monarxiyadan da, avtoritarizmdən də danışanlar var, siz nə düşünürsünüz?
- İki variant barəsində danışılır, bunlar müsbət və mənfi cəhətlərə bölünür. Sözsüz ki, təklif olunan dəyişiklikləri hər bir halda mənfi hesab edirəm. Ancaq mənfidə də müsbət nələrsə tapmaq olar. Həm də irəlidə siyasi qüvvələrə fürsət imkanı aça biləcək baxımından müsbət çalarlar görmək olar. Birinci müsbətdən başlayaq, hakimiyyətin hansısa açar ölkələrlə anlaşdığını fərz edək. Bəli, ölkə iqtisadi-sosial böhrana doğru gedir, Rusiyanın bölgədə güclənməsi və Azərbaycana təzyiqlər etməsi, bunlar da aydındır. Bu gün cəmiyyət və müxalifət o qədər güclü deyil ki, hakimiyyətə ciddi şəkildə alternativ olsun. Çünki ötən illərdə hakimiyyət düşərgəsinin resurslarını alıb və iqtisadi-siyasi resurslar tam şəkildə bir qüvvənin əlindədir. Bunu Qərb də görür. Amma ölkə çox pis "inkişaf"a doğru gedir, irəlidə hansı proseslər baş verə bilər, xaosu isə heç kəs istəmir, nə iqtidar, nə qərb bunu istəyər. Əgər xaos olsa, Azərbaycan İran və Rusiyanın təsirinə düşəcək.
Bəs Rusiya xaosu istəyirmi?
- Rusiya İlham Əliyevlə tam dialoqda olduğundan hələ istəmir və onun yerinə kiminsə gəlməsində maraqlı deyil.
İran necə?
- İran da oxşar mövqedədir. Sadəcə, hər iki dövlət arzuolunmaz vəziyyətdən istifadə edə bilərlər. Son iki əsrin tarixi bizə bu barədə düşünməyə əsas verir. Ona görə hakimiyyət Referendum Aktını təklif edəndə vabankgetməyib, sadəcə, prezidentə daha çox səlahiyyətlərin verilməsini istəyib. Birinci səbəb hakimiyyət daxilində güclü iqtisadi-siyasi resurslara malik qrupları tam zəiflətməklə irəlidə hansısa islahatlar keçirmıklə bağlıdır.
"Hakimiyyət dekabrda prezident seçkiləri keçirmək niyyətindədir"
O zaman Mehman Əliyevin "referendum prezidentə mövcud komandanı demontaj etmək səlahiyyəti verir" açıqlamasını bölüşürsünüz?
- Gəlin dəyişikliklərə baxaq, prezident səlahiyyətlərinin 5 ildən 7 ilə qaldırdı, çünki 2018-ci ildə prezident seçkiləri keçirilməlidir. Həmin il iqtisadi-sosial baxımdan çox çətin olacaq.
Bəlkə seçkiləri tezləşdirdilər?
- Xeyr, əgər 26 sentyabr referendumu olmasaydı seçkilər 2018-ci ildə olmalıydı, indisə prezidentə vaxtından əvvəl seçkiləri təyin etmək səlahiyyəti verildi. 26 sentyabra qədər olan konstitusiyada bu yox idi. Hakimiyyət bununla seçkiləri 2 il sonra yox, dekabrda keçirmək niyyətindədir, söhbət bundan gedir. Dəyişikliklər gündəmə gələndə biz bu ehtimalın üzərində dayandıq. Oktyabrın 21-də MSK yekun nəticələri elan edəcək və ardınca növbədənkənar prezident seçkiləri təyin olunacaq. Seçkiləri gələn ilə saxlamayacaqlar, səbəb sosial-iqtisadi böhranın dərinləşməsidir. İkinci məqam, parlamenti buraxmaq, hakimiyyət niyə buna gedir, onsuz da özlərinin təyinatıyla deputatlar parlamentdə oturublar. Mən inanmıram ki, parlamentdə hakimiyyət daxilindəki qüvvələrin ciddi təmsilçiləri var. Fərz etmək olar ki, prezident irəlidə gözlənilən gərginliyi azaltmaq üçün müxalifətdən də 5-20 nəfərin parlamentə buraxılmasına razılıq versin. Əks təqdirdə, meydanlarda olan müxalifət 1 ildən sonra daha çox meydanlarda olacaq.
Demək istəyirsiniz ki, parlament seçkiləri də növbədənkənar olacaq?
- Bəli, mümkündür. Amma zamanı dəqiq deyə bilməyəcəm. Bilirsiniz, hakimiyyətə kredit lazımdır, krediti verən fondlar, təşkilatlar isə Qərbdədir. Başqa yerdən kredit ala bilməyəcəklər, ala da bilmədilər. Bax, həmin krediti almaq üçün müəyyən şərtlər olmalıdır, birinci şərt müxalifətin parlamentdə təmsil olunmasıdır, ikinci şərt struktur və iqtisadi islahatlara başlanmasıdır. Ola bilsin, hakimiyyət birinci şərtlə razılaşıb, amma prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilib, mənim dediyim fərziyyə buna əsaslanır. Vitse-prezidentlər məsələsi, bu institut nəyə lazımdır? Çünki bu institut mövcud sistemi çökdürə biləcək məsələdir.
Əgər vitse-prezidentlik institutu olacaqsa, Nazirlər Kabineti qalırmı?
- Bilirsiniz, vitse-prezidentlər institutu yeni oyunçular deməkdir, onların həm səlahiyyətləri və kurasiya etdikləri sahələr olacaq. Hələ təklif olunan Referendum Aktı bu məsələni tam açmır. Əgər onlara səlahiyyət veriləcəksə, təsir imkanları da olacaq.
Hazırda media və sosial şəbəkələrdə birinci vitse-prezidentin kim olacağı sualı aktuallaşıb, nə düşünürsünüz bu barədə?
- Mən birinci vitse-prezidenti kənara qoyuram, ümumiyyətlə, bu institutun yaratdığı sualların aydınlaşmasını istəyirəm. Çünki dəyişikliklərdə nə qədər vitse-prezidentin olacağını yazmayıblar, ümumi qeyd olunub. Fərz edək ki, odioz hesab edilən məmurlar nazir vəzifəsindən ayrılıb vitse-prezident olacaqlar. Yeri gəlmişkən, nazirlərdən fərqli olaraq vitse-prezidentlərin şəxsi toxunulmazlığı var.
"Komandaya vida"
Hakimiyyətin müəyyən qanadına yaxın sayılan deputat Qüdrət Həsənquliyev Referendum Aktı gündəmə gələndə demişdi ki, prezident referendumdan əvvəl vitse-prezidentlərin adını çəksin. Amma bundan bir həftə sonra dedi ki, Mehriban Əliyev də birinci-vitse-prezident ola bilər, amma Ramiz Mehdiyev, Kamaləddin Heydərov, Ramil Usubov, Əli Həsənov da vitse-prezidentlər olmalıdır. Bu açıqlamanı necə qiymətləndirirsiniz?
... Bu açıqlamaların ardı gəlmədi, mövzu qapandı. Bayaqkı məsələyə qayıdaq, həmin nazirlər vitse-prezident olur və şəxsi toxunulmazlıq alırlar, yəni onlar nazir kürsüsündən ayrılmaq hesabına şəxsi toxunulmazlıq əldə edirlər, buna diqqətdə saxlamalıyıq. Bu ehtimal onu deməyə əsas verir ki, həmin adamlar əvvəl rəhbərlik etdikləri sahəni kurasiya edəcəklər, sadəcə, həmin nazirliklərə yeni adamlar təyin olunacaq, daha gənc, işgüzar adamlar ola bilər. Bunlar isə öz növbəsində istər-istəməz müəyyən problemlər yaradacaq, nazirlərlə vitse-prezidentlər arasında. Baş nazirə gəlincə, o ikinciliyi itirir və birinci vitse-prezident olur, onu da prezident təyin edir. Bəs prezidentə belə post lazımdırmı? Əvvəlki, konstitusiyada baş naziri prezident parlamentə təklif edirdi, qanunverici orqan qəbul etmirdi, halbuki, bu praktika Azərbaycanda yoxdur, ikinci dəfə yenə göndərirdi, qəbul etməyəndə, özü təyin edirdi və məsələ həll olunurdu. Yəni prezident üçün heç bir problem yaşanmırdı. O zaman sual yaranır, birinci vitse-prezident nəyə lazımdır? Görünən odur ki, ikinciliyi baş nazirdən islahatlara başlamaq istədikləri üçün alırlar. Artur müəllim bunları edə bilməz, məsələ budur.
Demək istəyirsiniz ki, İlham Əliyev mövcud komandayla vidalaşmaq istəyir?
- Bu məntiqlə gediriksə, bəli, struktur dəyişiklikləri və ardınca yeni insanlar gəlir, baş nazir də işlək şəxs olur. Baş nazir iş görən adam olacaq və bu, onun siyasi çəkisinin güclənməsinə, populyarlıq qazanmasına təsir edər. Sadəcə, hakim elita onun ikinci adam olmasını istəmədiyindən birinci-vitse prezident institutunu yaratdı.
Ancaq bütün hallarda vitse-prezidentlər və nazirlər, birinci vitse-prezident və baş nazir, bu, bir qarışıqlıq yaratmayacaqmı, səlahiyyətlərin toqquşması baxımından?
- Müəyyən dövrdə birinci vitse-prezident vəzifəsinin boş qalacağını ehtimal edirəm. Çünki nə ehtiyac var, əgər ölkədə bir problem olarsa, prezident onu təyin edib öz vəzifəsiylə vidalaşa bilər. Amma birinci vitse-prezident təyinat olacaqsa, problemlər yaranacaq, ikincisi, hansısa iş görülürsə, islahatlar başlanılırsa, bu, özü yeni dinamika, proses deməkdir. 13 ildir siyasi proseslər ölü vəziyyətindədir, amma nələrsə olacaqsa, bundan fərqli vəziyyət doğacaq. Bu baxımdan müsbətdir. Həm də müxalifətin bir qismini parlamentə buraxacaqlarsa, o da müsbətdir, çünki dünən bu, olmayıb. Sözsüz ki, hakimiyyət bunlarla imitasiya edəcək, amma cəmiyyət üçün fürsətdir... Bütün bu dediklərim fərziyyədir! Bunun əksinə olan, daha mənfi tərəfə gələk, əgər Qərblə razılaşmayaraq vabank gediblərsə, bu, ikinci ssenaridir və məqsəd cəmiyyəti qapamaqdır.
Türkmənistan variantımı?
- Bəli, Türkmənistan.
Amma partiyadaşınız Natiq Cəfırli iki həftə əvvəl RBC kanalına müsahiibəsində 26 sentyabr referendumunu torpaq bölgüsüylə əlaqəlandirmişdi. REAL-da referenduma ikili yanaşma var?
-Yox, Natiq Cəfərlidən sadəcə torpaqlarla bağlı müddəanı soruşdular, çünki həmin kanal daha çox iqtisadi məsələləri qabardır.
Həbsdə olan lideriniz İlqar Məmmədovun 2009-cu ilin referendumu öncəsi ANS kanalındakı məşhur çıxışı xatırlayırsınız. Hələ İlqar Məmmədov o zaman deyirdi ki, İlham Əliyev İran şahı Rza Pəhləvinin yolunu gedir. Onun söylədikləriylə sizin və Cəfərlinin dedikləri arasında fərq görünmürmü?
- Şəxsən mən deməzdim ki, mənimlə İlqar bəyin fikirləri arasında fərqlər var.
"Cəfərlinin həbsi bizim üçün də qaranlıq qaldı"
Hakimiyyətin islahatlara gedəcəyinə ümid edirsiniz?
- Mən heç nəyə ümid etmirəm. İki variant var, onları da dedim. Hazırda isə ikinci variantı görürəm, halbuki, proses başlayanda birinciyə daha çox üstünlük verirdim. İndi fikrim dəyişib, çünki referendum bitən kimi ölkədən çıxışıma qadağa qoydular, səbəbini də bilmirəm. Düzdür, məndən əvvəl də nə qədər insanın ölkədən çıxışına qadağa qoyurlar, elə Meydan TV-nin jurnalistlərini misal çəkə bilərəm. Biz artıq avtoritarizmdən totalitarizmə gedir, SSRİ-də olduğu kimi insanları xaricə buraxmırlar. Əgər birinci variant idisə, referendumdan sonra bu qadağalar götürülməliydi, amma tam əksini etdilər. Başqa repressiyalar da oldu, AXCP üzvlərinin həbsi və s.
Azər bəy, Natiq Cəfərli niyə qəfildən həbs olundu və qəfildən də azad olundu?
- Natiq Cəfərli ilk növbədə referenduma görə həbs olundu. Bəli, hər şey gözlənilmədən oldu və qəfil də buraxıldı. Baxın, Təşəbbüs Qrupu yaratdıq, ilkin mərhələdən keçdik, hakimiyyət bizim prosesdə olmağımızı istəmirdisə, birinci mərhələdən keçməyimizə imkan verməzdi. Niyə bunu etdilər? Ondan sonra tamamilə başqa proseslər başladı, adamlarımızı saxladılar, 200 min flauer məsələsi vardı, ondan da çəkindilər.
Sizin üçün də Cəfərlinin qəfil həbsi və azad olunması qaranlıqdır?
- Bu həbsin 50 faizi referendumla bağlıdır, görünən odur. Qalan 50 faizi bizə bəlli deyil. Aydındır, Natiq Cəfərlinin öz statusları, digər tərəfdən də o, statuslarında "qırmızı xətti" aşmırdısa, onu həbs etsinlər. Ona görə onun həbsi bizim üçün də qaranlıq qaldı. Görünən odur ki, bu həbs referendumla bağlıdır.
"İdarə Heyətinin partiyalaşma haqda qərarı var"
Natiq Cəfərliylə aranızda intriqa yarandığını deyirdilər, bu barədə fikrinizi bilmək istərdik...?
- Bizim aramızda heç bir intriqa yoxdur.
Azər bəy, təkzib etsəniz də, sosial şəbəkələrdən bu açıq görünür. ..
- Sadəcə, mən Natiq bəydən fərqli olaraq daha açıq siyasətin tərəfdarıyam, xüsusilə partiyalaşmanın tezləşdirilməsinin.
Bu barədə şair Rasim Qaraca da yazmışdı ki,REAL-ın partiyaya çevrilməsi tələsik addımdır, bu barədə nə düşünürsünüz?
- Mən onun fikirlərinə qatılmıram. Hətta Rasim bəyin fikirlərində ziddiyyət var. Rasim bəy bir tərəfdən tələsməməyi məsləhət görür, o biri tərəfdən deyir ki, onlar maarifçililiklə məşğul olsaydı daha yaxşıydı. Maarifçilik siyasi partiyanın işi deyil, bunu anlamaq lazımdır. Maarifçiliyə ədəbiyyat, sənət adamları daha çox önəm verir, amma siyasi partiyaların da bununla məşğul olmasını vurğulayırlar. REAL maarifçi təşkilat deyil, partiyalarla maarifçiliklə məşğul olmur. Maarifçiliyin də fəaliyyətimizdə müəyyən mənada yeri var, çünki iqtisadiyyat və siyasət barədə fikir söyləıyiriksə, bunun özü də maarifçilikdir. Ancaq siyasi partiyanın fəaliyyəti maarifçi fəaliyyət deyil. Partiya siyasətlə məşğul olmalıdır.
Ümumiyyətlə, partiyalaşmaqda tələsməməyin tərəfdarı yalnız Natiq Cəfərlidir, yoxsa Altay Göyüşov da, Erkin Qədirlidə onunla eyni mövqedədir?
- Mən İdarə Heyətindəki müzakirələri açmaq istəməzdim, bu, yanlış olardı. Sadəcə, REAL İdarə Heyətinin partiyalaşma haqda qərarının olduğunu deyə bilərəm.
Hamı qərara səs veribmi?
- Bəli.
Ancaq müzakirələr zamanı da fikir ayrılıqları olmamış olmaz...?
- Fikir ayrılığı yox, hərənin öz fikri olur və bu, normaldır. Biri deyir ki, partiyalaşaq, amma indi yox, bir ildən sonra. Digəri əksini söyləyir, maarifçiliyi də dəstəkləyən var.
İlqar Məmmədovun həbsindən sonra niyə aralıq dövr üçün sədr seçmədiniz indiki problemlər yaşanmasın? Yoxsa bir-birinizə etibarınız yoxdur?
- REAL-ın icra katibi var, Natiq Cəfərli, xaricilərlə görüşdə o olur.
Aralıq dövr üçün sədr seçmək olmazdımı?
- Yox, mümkün deyil, yanlış olardı. Bizim bir sədrimiz var, İlqar Məmmədov. Adam həbsdədir, həbsdə ola-ola kimisə sədr seçməyimiz ona qarşı etimadsızlıq olardı. Çünki İlqar Məmmədov sədr olaraq həbs olunub və sədr olaraq həbsdın çıxacaq. Sadəcə, REAL-ın daxilində müəyyən struktur dəyişiklikləri etmək olardı, amma bunu etmədik.
Hansı struktur dəyişiklikləri?
- Demək istəyirəm ki, strukturu olduğu kimi saxladıq, icra katibi Natiq Cəfərli olduğuna görə, müəyyən mənada İlqar Məmmədovun funksiyasını o daşıyırdı.