Oğlanlarınızı "kaçok" eləyin - Fuad Rəsulzadə

Oğlanlarınızı "kaçok" eləyin - Fuad Rəsulzadə
5 Oktyabr 2016
Mətni dəyiş
Fuad Rəsulzadə
Bilirəm, Nobel mükafatının qaliblərinin elan edildiyi həftədə belə bir yazıyla çıxış eləmək tısbağanın işıq sürətiylə yarışması kimi şeydir, amma olsun.
Bir neçə gün bundan əvvəl gecə Nərimanovda yol gedən 2 cavan oğlanın bacısına idmançı uşaqların sataşmasını, idmançı Kamil Zeynallının Samiraldonu cinsi oriyentasiyasına görə təhqir edib öz stolundan qovmasını, Salam Sarvanın rejissor Kənan M.M-i plagiatlıqda ittiham elədiyi statusunda Kənanın orda şərh yazanları söyməsi, lazım gəlsə parçalamağa hazır olmasını görəndə bu haqda yazmağıma haqq verərsiz. Kənan orda şərh yazan uzun saçı olan şairi uzun saşı olduğuna görə təhqir eləməsi ümumiyyətlə bütün baş verənlərdən ağırdır.
Təbii ki, mən Kənandan Aki Kaurismiyaki, Cəfər Pənahi olmağını gözləmirəm, o heç, amma ən azından axı sən rejissorsan, cəmiyyəti belə mental fikirlərdən uzaqlaşdırmağı vəzifə kimi qarşına məqsəd qoymursan, başa düşdük, daha durub oğlanın saçının uzun olmasını hələ də necə əskiklik hesab edə bilərsən?! Sırf saçı uzun olduğuna görə onu necə təhqir edə bilərsən?! Onda belə çıxır ki, sən erotik səhnələrə çəkdiyin aktrisalarına da fahişə kimi baxırsan?!
Bu baş verən hadisələrə qısa nəzər salsaq görərik ki, heç birimiz belə hadisələrdən sığortalanmamışıq. Yazdığımız hər hansı yazı, şərh bizi ölümlə üzbəüz qoya bilər. Necə ki, jurnalist Rasim bu zorbalığın qurbanı oldu. Rasimdən əvvəl idman jurnalistlərinə qarşı futbolçularda dəhşət aqressiya vardı, hətta klublardan birinin rəsmisi futbolçulara deyirdi ki, sizin əleyhinizə yazanı tutsaz döyün, qorxmayın, arxanızdayam. Rasimin ölümündən sonra federasiya, klublar ciddi-cəhdlə futbolçulara tapşırdı ki, jurnalistlər hətta sizi təhqir də eləsə jurnalistə heç nə etməyin, əks halda klubdan qovulacaqsız.
İndi bu biri sahələrdə də gərək kimsə qurban gedə ki, vəziyyət düzəlsin?! Mən təbii ki, ölkədə qanunun işlədiyi, fərdin hüquqlarının təmin olunduğu cəmiyyətin qurulmasının tərəfdarıyam, amma bu yolda paralel olaraq (nə qədər utancverici cümlə alınsa da) oğlanlarımızın da ən azından sağ qalması, təhqir olunmaması üçün onları idmana qoymaq lazımdır.
Bu ölkədə başqa vaxt arıq, sısqa oğlanın yanında bir az dar geyinən qız görəndə söz atan "əxlaq keçikçiləri" boynuyoğun idmançıyla gedən mini yubkalı qıza qorxularından 3 saniyədən çox baxa bilmirlər. Ona görə də fiziki gücə sahib olmaq bizi ən azı belə tərbiyəsizlərdən sığortalayır. Və bunun üçün də bizim, uşağımızın təhsillə bərabər "kaçok" olması da onun cəmiyyətdə baş çıxarmasına kömək edəcək. Hamımız da yaxşı bilirik ki, nə yol hərəkəti zamanı hansısa boynuyoğunla sözü çəp düşəndə münasibətləri aydınlaşdırmağa Vyana Konvensiyası, nə də gecə sevgilisiylə şəhərdə gəzənlərə söz atan səviyyəsizlərlə Haaqa Konvensiyasının maddələri işləmir. Bir tinə aparıb 5 dəqiqəyə adamı öldürərlər, heç kimin də xəbəri olmaz. Çünki bu ölkədə adam qətl eləmək konstitusiyanı qətl eləmək qədər tez və asandır.
HAŞİYƏ: Bir dəfə dövlət vəzifəsində çalışan bir xanımı tənqid eləmişdim deyə onun bütün tanışları statusumun altında məni hədələməyə, nömrə filan qoymağa, qadını tənqid eləməyin kişiliyə sığmadığını görüşüb "başa salmağa" hazır olduqlarını dedilər. Dostlarımdan biri də qaydasız döyüşlə məşğul olurdu, iri cüssəli oğlandı, profilində məşqlərindən şəkillər də qoymuşdu. O statusun altına girib bir dənə yazdı ki, Fuad Rasulzadəylə işi olanın ağzını cıraram, (mən hələ abrıma qısılıb burda "cıraram" yazdım, yəqin bildiz hansı sözü dediyini) kimin sözü varsa mənə yaza bilər. Bayaqdan 70-80 şərh yazılıb hədə-qorxu gəlinən statusun altına ondan sonra heç kim heç nə yazmadı və açığı həmin dostumun bir dənə o sözü mənim üçün Vyana, Haaqa, Cenevrə konvensiyalarından daha güclü hüquqi statusa malik oldu.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun