"Nardaran işi"ndəki müttəhimlərdən birinin qardaşı "bandotdel"ə aparılıb

"Nardaran işi"ndəki müttəhimlərdən birinin qardaşı "bandotdel"ə aparılıb
6 Oktyabr 2016
Mətni dəyiş
Hüseynağa Hüseynovun həbsi qardaşı Abbasın hökumətə və adamlara işgəncə verən polislərə qarşı səsləndirdiyi tənqidlərə görə olduğu güman edilir. 
“Nardaran işi” üzrə həbs olunanlardan biri, hökumətin ünvanına sərt fikirlər səsləndirən Abbas Hüseynin qardaşı həbs olunub. Bu barədə “Azadlıq”a daxil olan məlumatda bildirilir ki, 30 yaşlı Hüseynağa Məmmədbağır oğlu Hüseynovu 6 oktyabr saat 20:30 radələrində yaşadığı evin yaxınlığında zorla maşına mindirib aparıblar.
Məlumata görə, Hüseynağa Hüseynovu həbs etməyə iki maşın silahlı gəlib. Onlar yaxınlaşaraq, Hüseynağa Hüseynovun kim olduğunu soruşublar. Özünü təqdim edəndən sonra onu zorla naməlum istiqamətə aparıblar. Yaxınları onun yerini müəyyənləşdirmək üçün müxtəlif polis idarələrinə müraciət ediblər. Sonradan öyrəniblər ki, onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) aparıblar. Onun hansı səbəbdən saxlanıldığı barədə yaxınlarına heç bir məlumat verilmir.
Yaxınlarının dediyinə görə, Hüseynağa Hüseynov siyasi məsələlərdən tamamilə uzaq bir adamdır. Onun kriminal motivli işlərlə də heç bir əlaqəsi yoxdur. Ona görə də Hüseynağa Hüseynovun məhz qardaşı Abbasa görə həbs olunduğu güman edilir. Çünki Abbas məhkəmədə hökumətin, eləcə də BMCMİ-də ona və Nardaran işi üzrə həbs olunmuş digər şəxslərə işgəncə vermiş polis əməkdaşlarının ünvanına sərt fikirlər səsləndirib.
Qeyd edək ki, ötən il noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat zamanı həbs olunan Abbas Hüseyn həm də Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırova yaxın şəxslərdən biridir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun