6 Oktyabr 2016
Mətni dəyiş
Oktyabr ayının 5- də Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədəki ictimai-siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilib. Müzakirələr zamanı 26 sentyabr referendumu ərəfəsində ictimai-siyasi fəallara qarşı hakimiyyət tərəfindən həyata keçirilən repressiyalar pislənilib.
Qeyd olunub ki, Milli Şuranın sentyabr mitinqlərindən sonra 200 nəfərə yaxın AXCP fəalı və bəzi müstəqil şəxslər polisə çağrılıb, onlara hədə qorxu gəlinib. Milli Şura təəssüflə qeyd edir ki, bu qeyri – qanuni prosesə son günlər müxtəlif rayonların icra hakimiyyətləri də qoşulub.
Milli Şura polisin və icra hakimiyyətlərinin vətəndaşların siyasi fəaliyyətini məhdudlaşdırmaq səylərini qəti şəkildə pisləyir və bu qanunsuz fəaliyyətlərin dayandırılmasını tələb edir.
Toplantıda Koordinasiya Mərkəzinin üzvləri son günlər mətbuata və vətəndaş cəmiyyəti fəallarına qarşı artan təzyiq və təhdidlərdən narahatlığını bildirib. Xüsusən, bir aydan artıqdır ki, “Azadlıq” qəzetinin müxtəlif bəhanələrlə çapına imkan verilməməsi və bu yolla ölkədə yeganə müstəqil qəzetin faktiki olaraq susdurulması, Milli Məclisdə Meydan TV-nin və “Sancaq production” səhifəsinin bağlanmasına çağrışların edilməsi, jurnalistlər Aynur Elgünəşin və Sevinc Osmanqızının təhdid olunması hakimiyyətin azad düşüncəli qələm sahiblərinə, bloggerlərə qarşı apardığı kampaniyanın tərkib hissəsi kimi qiymətləndirilib.
İclasda gömrük xidmətində bəzi məhsullara əlavə rüsumların tətbiq olunması müzakirə olunub və bildirilib ki, bu addım hakimiyyətin ölkə iqtisadiyyatında yaranmış böhranın aradan qaldırılması istiqamətində apardığı “islahatlar”ın illuziya olduğunu bir daha göstərdi. Qeyd olunub ki, ərzaq və meyvə-tərəvəz məhsullarına gömrük rüsumunun tətbiq olunması ölkədə növbəti bahalaşma dalğasının genişlənəcəyinə səbəb olacaq.
İclasda Müsəlman Birliyi Hərəkatının sədri Hacı Taleh Bağırzadənin mətbuatdakı yazılarına və xalqa müraciətinə görə “kars”a salınması pislənilib. Eyni zamanda Milli Şura “Nardaran işi” ilə bağlı şərlənərək həbs olunmuş 80-dən artıq dinc və günahsız insanların hüquqlarını yerli və beynəlxalq səviyyədə qorunmasının vacibliyini bildirərək aidiyyatı qurumlara bununla bağlı çağırış edib.