8 Oktyabr 2016
Mətni dəyiş
1 saylı İnzibati-İqtisadi Məhləməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun Nəsimi Rayon İcra Şöbəsinə qarşı şikayəti əsasında məhkəmə prosesi başa çatıb.
Məhkəmə Ə.İnsanovun şikayətini təmin etməyib.
Həmin qərardan narazı qalan sabiq səhiyyə naziri apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Xatırladaq ki, Ə.İnanovun iddiasına əsasən, ona məxsus qaraj özünün və ailəsinin xəbəri olmadan 50 min manata tikinti şirkətinə satılıb. Bir müddət sonra isə məsələnin üstü açılıb və Əli İnsanov ona məxsus olan qarajını satmış Vəfa Əlizadə adlı şəxsə qarşı məhkəmədə iddia qaldırıb. Nəsimi Rayon Məhkəməsi iddianı təmin edib və həmin qadının keçmiş nazirə 50 min manat ödəməsi barədə qətnamə çıxarıb. Qətnamə uzun müddət icra olunmayıb və Əli İnsanovun müdafiəçiləri müəyyənləşdirib ki, V.Əlizadənin adına bankların birində səhmlər var. Bu dəfə vəkillər səhmlərin bir hissəsinin (50 min manatlıq) üzərinə həbs qoyulması tələbilə məhkəməyə müraciət edib. Məhkəmə təqdimatı təmin edərək, qərardad çıxarıb. Həmin qərardadı Nəsimi Rayon İcra Şöbəsi icra etməyib. Bununla bağlı Ə.İnsanovun vəkili 1 saylı İnzibati-İqtisadi Məhləməsinə müraciət edib.
Qeyd edək ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, bu il avqust ayının 24-də Ə.İnsanova Cinayət Məcəlləsinin (CM) üç maddəsi ilə ittiham irəli sürülüb. Sabiq nazir CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunur.