Seymur Baycan
7 Oktyabr 2016
Mətni dəyiş
Seymur Baycan
Belə nəql olunur ki, Harun ər-Rəşidin dövründə kasıb bir kişi yerdən parıltılı bir şey tapır. Kişi bilmir bu parıldayan şey nədir. Aparır Bəhlul Danəndənin yanına. Bəhlul Danəndə deyir ki, bu çox qiymətli bir mirvaridir, apar bunu xəlifənin hüzuruna. De ki, bunu məndən al, əvəzində özü ağırlığında qızıl ver. Kişi belə də eləyir. Xəlifə mirvarini tərəzinin bir gözünə qoyur, o biri gözünə bir qızıl atır. Mirvari qalxmır. İki qızıl, üç qızıl, dörd qızıl... Mirvari yenə qalxmır.
Xülasə, xəzinədəki bütün qızılları tərəzinin gözünə tökürlər, mirvari qalxmır ki, qalxmır. Mat qalan xəlifə əmr verir ki, gedin o Bəhlul Danəndəni gətirin bura, görək bu nə hikmətdi. Xəlifənin əmri əlbəttə ki, yerinə yetirilir. Bəhlul Danəndəni gətirirlər saraya. Bəhlul Danəndə vəziyyəti belə görüb deyir:
"Bu, mirvari deyil, bu acgöz insan gözüdür. Dünyanın bütün qızıllarını yığıb bura töksən də bu göz doymayacaq, yenə azdı deyib duracaq. Bu gözü ancaq torpaq doydura bilər". Bəhlul Danəndə bu sözləri dedikdən sonra yerdən bir çimdik torpaq götürüb gözün üstünə tökür. Tərəzinin gözü o dəqiqə qalxır.
Anlayanlar üçün çox ibrətamiz əhvalatdır. Dərin söhbətdi.
Ümumiyyətlə Harun ər-Rəşidin adı belə məzmunlu söhbətlərdə çox hallanır. Fanilik, hər şeyin gəldi-gedər olması haqqında söhbətlərdə adı hallanan şəxslərdən biri də Makedoniyalı İsgəndərdir. Harun ər–Rəşidin adının hallanmasını hardasa başa düşmək olar. Bəs qısa ömür sürmüş Makedoniyalı İsgəndərin adı maddiyat və mənaviyyat, fanilik söhbətlərində niyə çox hallanır, bax bu maraqlı məsələdir. O yazıq nə yatdı ki, nə də yuxu görsün. Bir tərəfdən baxanda da görürsən ki, Makedoniyalı Isgəndər ömrünü dördə, beşə vurmuş adamlardan biridir. Müəllimi Aristotel olmuş adamdan nə desən gözləmək olar.
Bəli, belə nəql olunur ki , İsgəndər öləndə qəribə bir vəsiyyət edir. Deyir ki, mənim tabutumu ən məşhur loğmanlar çiyinlərində aparsınlar. Qoy adamlar bilsin ki, ən məşhur loğmanlar həyatımı xilas edə bilmədi. Əllərimi də tabutdan bayıra çıxarın. Qoy adamlar əllərimə baxıb görsünlər ki, bu dünyadan heç nə aparmıram. Necə gəlmişdimsə elə də gedirəm.
İlin-günün bu vaxtı bu didaktik söhbətləri yazmağım səbəbsiz deyil, əlbəttə ki, bir səbəbi vardır. Akif Çovdarov həbsxanadan məktub yazıb. Yazıb ki, 2011-ci ilin may ayında altı saatdan artıq çəkən cərrahiyyə əməliyyatı nəticəsində mədəm, öd kisəm amputasiya olunaraq götürülüb. Çovdarov başqa xəstəliklərindən də şikayətlənib və qeyd edib ki, indi həkim müayinəsindən, nəzarətindən kənarda qaldığı üçün səhhəti günbəgün pisləşdiyindən hər an bu xəstəliklərin birindən ölə bilər, heç olmasa imkan verin öz vəsaitim hesabına müalicə olunum.
Maraqlıdı, görəsən bir insan bu qədər xəstəlikdən əziyyət çəkdiyi halda niyə başqalarını çapıb-talayırmış. Söhbət tək Çovdarovdan getmir, ölkədə onlarla adam var, bir ayağı gordadı amma yenə də gözü doymur, oğurlayır, vəzifədən, kreslodan ikiəlli yapışıb. Nə üçün? Məgər bu adamlar başa düşmürlər ki, heç kim bu dünyadan heç nə aparmır. Bəyəm adi bir hikməti başa düşmək bu qədərmi çətindir? Bu suallara görə bəndənizi bağışlayın, sözün həqiqi mənasında baş aça bilmirəm. Məncə hamısı mənəvi boşluğun nəticəsidir.
Bir dostumla görüşməli idim. Zəng edib dedi ki, tıxaca düşmüşəm, yarım saat gecikirəm. Bilmirəm doğrudan da tıxaca düşmüşdü, yoxsa gecikməyini tıxacın üstünə atmışdi, belə baxanda bunun o qədər də əhəmiyyəti yoxdu. Bir yerdə dayanmaq istəmədim. Vaxt öldürmək üçün girdim univermağa. Düşündüm bir az gəzim görüm adamlar nə satırlar, nə alırlar, nəylə məşğuldular? Ayaqlarım məni qızıl şöbəsinə apardı. Şöbədə müxtəlif yaş qruplarına mənsub adamlar vardı. Qızıl məmulatların barmaqlarına, boyunlarına, biləklərinə, qulaqlarına taxır, yanındakıların rəyini soruşurdular. Yaraşır yoxsa yaraşmır? Bahadı yoxsa ucuzdur? Onlar da həvəslə öz rəylərin bildirirdilər. Deyirdilər hə yaman yaraşır. Ya da deyirdilər yox, yaraşmır, onu çıxart bunu tax görək, bu necədir. Çox gülməli vəziyyət idi. Dəmir-dümürlə oynayan uşaqlara oxşayırdılar. Henri Millerin “Xərçəng tropiki” əsərindən bir məqam yadıma düşdü. Henri Miller həmin məqamda hərbi hissədə baş verənləri, zabitlərin əmr etməsini, əsgərlərin marş oxumasını, sırayla addımlamasını təsvir edir, bunları dəlilik adlandırır və çox unikal, dəhşətli dərəcədə energetik bir cümlə yazır: “Adama elə gəlir ki, onların atları da dəlidir”.
Qızıl şöbəsində qızıl məmulatlarını boyunlarına, barmaqlarına, biləklərinə, qulaqlarına taxan adamlara baxdıqca öz özümə fikirləşdim; gör nəyə görə ailələr dağılır. Gör nəyə görə insanlar bir-birinin paxıllığını çəkir. Gör nəyə görə insan cinayət törədir, yalan danışır, oğurlayır, başqasını əzir, qanını içib, ətini yeyir. Həmin anda çox dəqiqliklə başa düşdüm ki, insanın ən böyük faciəsi onun mənasızlığı, məzmunsuzluğudur və başqalarının min hoqqadan çıxıb, min cür pis əməl törədib əldə etmək istədiyi bu dəmir-dümürün, ümumiyyətlə belə mənasız şeylərin mənim üçün heç bir əhəmiyyət kəsb etməməsinə görə taleyimə minnətdarlığımı bildirdim. Həyatda, yaşamaq üçün vacib şeylər var. Elə şeylər də var ki, onlarsız çox asanlıqla keçinmək olar. Insanın asanlıqla keçinməli olduğu şeylər uğrunda şər əməllər törətməsi, oğurlaması, yalan danışması, böhtan atması, ədalətsizlik etməsi cılız və miskin bədbəxtçilikdir.
İnsan onsuz da bu və ya digər şəkildə gec ya tez həyatın sınaqları ilə üz-üzə gəlir. İnsanın inandığı ali, bəşəri bir dəyər olmalıdır ki, o bu sınaq qarşısında özünə mənəvi dayaq tapa bilsin. Bu gün Azərbaycanda baş verən dəhşətlərin müəlliflərindən, memarlarındam biri Əli İnsanov ömrünün ahıl çağlarını həbsxana divarları arasında keçirməkdədir. Yeri gəlmişkən bir məsələyə toxunmaq yaxşı olardı. Əli İnsanovun göstərdiyi dirəniş bir çox insanlarda heyranlıq oyatmaqdadır. Adın dirənişə, prinsipiallığa heyranlıq qoysalar da, əslində Əli İnsanova heyranlıq göstərənlərin bir çoxlarinin heyranlığı yerlipərəstlikdən qidalanır. Özlərin aldatmağa çalışmasınlar heyranlığın yerlipərəstlikdən qidalanması çox aydın görünür. Ən pisi də odur ki, Əli İnsanova heyranlıq edənlərin arasında onun memarı olduğu bugünki vəziyyətdən əziyyət çəkən adamlar da var. Zərərli heyranlıqdır. Əgər dirəniş, prinsipiallıq onlarda həqiqətdən də, səmimi olaraq heyranlıq oyadırsa zəhmət çəkib onda Taleh Bağırzadəyə də heyranlıq göstərsinlər. Çünki adam hər cür işgəncəyə məruz qalıb və hələ ki, öz sözünü deməkdədir. Əli İnsanov memarı olduğu həbsxanada yatmaqdadı. O, yüzminlərlə insanın bədbəxtliyinə, on minlərlə insanın rəzil vəziyyətə qalmasına, yüzlərlə insanın öz ölkəsindən didərgin düşməsinə səbəb olubdur. Onun yediyi çörəyin xəmiri məzlum insanların qanından yoğrulub. Onun gunahlarını bağışlamaq çox çətindir. Amma əgər o öz günahlarını başa düşürsə, həbsxana divarları arasında xalqa etdiklərinin mahiyyətini anlayırsa qoy xalqdan dönə-dönə üzr istəsin və nə var-dövləti varsa ehtiyacı olanlara paylasın.
Burda bir nüansi xatırlatmaq olduqca vacibdir. Bilin və agah olun, duyduq, duymadıq deməyin, yalnız və yalnız tərəqqiyə, ədalətə, insana xidmət edən dirəniş, ağıl, istedad hörmətə layiqdir. Lütfən bunu yaddan çıxartmayın. Gebbels, Himler də prinsipial adamlar idi. Maqda Gebbels altı uşağını öldürüb, sonra da intihar elədi. İndi neyləyək, işimizi gücümüzü atıb bu adamların prinsipiallığına heyranlıq edək?