Gürcüstanda saat 10-a qədər 8,4% seçici səs verib

Gürcüstanda saat 10-a qədər 8,4% seçici səs verib
8 Oktyabr 2016
Mətni dəyiş
Bu gün Gürcüstanda parlament seçkiləri ilə bağlı səsvermə keçirilir. Saat 10:00-a olan məlumata əsasən Gürcüstanda keçirilən parlament seçkilərində seçicilərin 8,4 faizi səs verib.
Bunu Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Anna Mikeladze bildirib. O, həmin saata qədər 292 min 957 seçicinin səs verdiyini deyib: “Bütün seçki məntəqələrində səsvermə sakit şəraitdə keçir”.
A. Mikeladze MSK-nın nəzdində fəaliyyət göstərən İnformasiya Mərkəzinin 24 saat ərzində fəaliyyət göstərdiyini və daxil olan bütün telefonlara cavab veriləcəyini, maraqlanan vətəndaşların məlumatlandırılacağını vurğulayıb.
Qeyd edək ki, seçkiləri azərbaycanlı parlamentarlar da izləyir. Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasını, Əli Məsimli GUAM Parlament Assambleyasını, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri Əflatun Amaşov və Hikmət Məmmədov Azərbaycanı təmsil edirlər.
***
Ölkənin bütün bölgələrində yaradılan 3703 seçki məntəqələrində səhər saat 08:00-da səsvermə prosesinə start verilib. Prezident Georgi Marqvelaşvili Tiflisin Mtasminda seçki dairəsinə daxil olan, 47 saylı ictimai məktəbdə fəaliyyət göstərən 6 saylı seçki məntəqəsində, baş nazir Georgi Kvirikaşvili 24 saylı seçki məntəqəsində, parlamentin sədri David Usupaşvili paytaxtın Saburtalo rayonundakı 54 saylı seçki məntəqəsində, baş nazirin müavini və “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze İncəsənət Gimnaziyasındakı seçki məntəqəsində səs veriblər.
G. Kvirikaşvili səs verdikdən sonra xalqı təbrik edib və bu günü vacib bir gün adlandırıb: “Mən şübhəsiz ki, bu vacib gündə ölkəmizin gələcəyini, vətəndaşlarımızın firavan yaşayışı naminə onun stabil demokratik inkişafını dəstəkləyirəm. Mən Gürcüstanın tez bir zamanda iqtisadi inkişafını, sağlam gəncliyi, yüksək təhsili və Avropa gələcəyini dəstəkləyirəm. Mən xoşbəxtəm və ümid edirəm ki, bu yol bizi xoş gələcəyə aparacaq”.
Səhər saatlarında müxalifət liderlərindən Vahid Milli Hərəkat Partiyasının lideri David Bakradze Tiflisdəki 172 saylı uşaq bağçasında yerləşən məntəqədə, Azad Demokratlar Partiyasının lideri İrakli Alasaniya Qoridəki 82 saylı seçki məntəqəsində səs veriblər.
Azərbaycanlıların kompakt yaşadığı Marneulidəki 3 saylı seçki məntəqəsində ilk səs verən şəxs 65 yaşlı Hüseyn Minasazov olub. O, sülhə, əmin-amanlığa və ölkənin inkişafına səs verdiyini bildirib. Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyası tərəfindən deputatlığa namizəd irəli sürülən Ruslan Hacıyev Marneulidə Əzizkənddə yerləşən 14 saylı seçki məntəqəsində səs verib. Səsvermə prosesini Britaniyanın Gürcüstandakı səfirliyinin və Demokratik Birlik İnstitutunun nümayəndələri müşahidə ediblər.
Marneuli şəhərindəki 22 saylı seçki məntəqəsinin sədri Koba Asanidze APA-ya açıqlamasında azərbaycanlıların kompakt yaşadığı rayonun ərazisində yaradılan 35 və 36 saylı seçki dairələrinin 98 mindən çox seçicini qəbul etməyə tam hazır olduğunu bildirib: “Hazırda Marneulidəki kəndlərdə yaradılan 89 seçki məntəqəsində seçicilər səs verirlər. Marneulidə 10 nəfər azərbaycanlı və 8 nəfər gürcü majoritar qaydada deputatlığa namizəd kimi qeydiyyatdan keçib və bu gün parlament üzvlüyü uğrunda mübarizə aparırlar”.
Qeyd edək ki, Gürcüstan parlamentində 150 yer uğrunda 19 partiya, 6 seçki bloku və müstəqil namizədlər yarışır. 73 deputat birmandatlı dairələrdən, 77 deputat isə proporsional qaydada parlamentə üzv seçiləcək. Səsvermə yerli vaxtla saat 20:00-da başa çatacaq.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun