AXCP-nin həbsdə olan gənc üzvü Fuad Əhmədlinin vəkili Əshabəli Mustafayev açıqlamalar verib.
Onun sözlərinə görə, F.Əhmədli səhhətindəki problemlərlə bağlı nəzarətçilərə bildirsə də, hələlik, həkim müayinəsinə nail ola bilmir: "Baxmayaraq ki, dəfələrlə müraciət edilib, amma, hələ də, tibbi yardım göstərilmir".
Ə.Mustafayev F.Əhmədli ilə bağlı daha bir problem olduğunu deyib: "Bu adama saxlandığı gündən (avqustun 18-i) bu yana ailəsi ilə görüşə və ya telefon əlaqəsinə imkanı verilmir. Bu isə birbaşa vətəndaşın hüququnun pozulması deməkdir".
Vəkil deyir ki, bu məsələ ilə bağlı istintaq orqanı qarşısında vəsatət də qaldırıb: "Əgər bu məsələ həllini tapmasa, məhkəməyə müraciət edəcəyəm. İstər F.Əhmədliyə tibbi yardım göstərilməməsini, istərsə də ailəsi ilə təmasa icazə verilməməsini əlavə psixoloji təzyiq sayıram".
Vəkilin bildirdiklərinə, hələlik, nə prokurorluqdan, nə də Penitensiar Xidmətdən münasibət almaq mümkün olub.
Qeyd edək ki, F.Əhmədli avqustun 18-də saxlanıb. Ona CM-nin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
Bu həbslə əlaqədar DTX və Baş Prokurorluq birgə məlumat yaymışdılar. Məlumatda qeyd edilirdi ki, "Azerfon" MMC-də zənglər mərkəzində operator vəzifəsində işləyən F.Əhmədli abunəçilərə aid fərdi məlumatları və antenalar üzrə olduqları yerləri müəyyən adamlara ötürüb. İddiaya görə, onun yaşadığı evdən axtarış zamanı qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat, CD-disklər, Fethullah Gülen-in çıxışları, "Hizmet imamları" adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələrinə dair sənədlər götürülüb.
F.Əhmədlinin yaxınları isə evdən Fethullah Gülen-ə aid kitab və sənədlərin götürülməsi barədə deyilənlərin yalan olduğunu bildirir.
AXCP isə bəyan edib ki, F.Əhmədliyə irəli sürülən ittihamlar yalan və quramadır. Bunda məqsəd partiya və onun lideri Əli Kərimlini hədəf almaqdır.