Fuad Əhmədli valideynləri ilə görüşə bilib

Fuad Əhmədli valideynləri ilə görüşə bilib
29 Oktyabr 2016
Mətni dəyiş
Nəhayət ki, 2 aylıq qadağa aradan götürüldü və Fuad Əhmədli oktyabrın 28-də valideynləri ilə görüşdü.
Bu sözləri vəkil Əsabəli Mustafayev sosial şəbəkədə yazıb.
Vəkil, yaxın zamanlarda Fuad Əhmədlinin ailəsinə qovuşacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, F. Əhmədli avqustun 18-də saxlanıb. Ona CM-nin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
Bu həbslə əlaqədar DTX və Baş Prokurorluq birgə məlumat yaymışdılar. Məlumatda qeyd edilirdi ki, "Azerfon" MMC-də "Zənglər mərkəzi "ndə operator vəzifəsində işləyən Fuad Əhmədli abunəçilərə aid fərdi məlumatları və antenalar üzrə olduqları yerləri müəyyən adamlara ötürüb. İddiaya görə, onun yaşadığı evdən axtarış zamanı qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat, CD disklər, Fethullah Gülen-in çıxışları , "Hizmet imam"ları adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələrinə dair sənədlər götürülüb.
Fuad Əhmədlinin yaxınları isə evdən Fethullah Gülen-ə aid kitab və sənədlərin götürülməsi barədə deyilənlərin yalan olduğunu bildirir.
AXCP isə bəyan edib ki, Fuad Əhmədliyə irəli sürülən ittihamlar yalan və quramadır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun