- Azərbaycan prezidenti İlham Əliyev bu günlərdə Sizi ATƏT-in Bakı ofisinin bağlanmasında əsas günahkar kimi xarakterizə edib? Prezidentin dediklərinə münasibətinizi bilmək istərdik?
- Prezident Əliyevin mənim haqqımda söylədikləri məni təəccübləndirdi. Bu iddialar əsassızdır. Çox təəssüf ki, ATƏT-in Bakı ofisinin fəaliyyətinin dayandırılması Azərbaycan hökumətinin tələbi idi. Bu isə həm hökumət, həm də Azərbaycan xalqı üçün bir itkidir. Bildiyiniz kimi, ATƏT-in Azərbaycanla konstruktiv işini onun tərkibindəki qurumların və Vyanadakı Daimi Şurasında iştirakı formasında davam etdiririk. Bununla yanaşı inanırıq ki, ATƏT-in Azərbaycandakı missiyası Azərbaycan hökuməti və xalqına, həmçinin regionun təhlükəsizliyinə müsbət töhfə verəcək.
- Siz doğrudan cənab Aleksis Şahtaxtinskinin Fransa Xarici İşlər Nazirliyindən xaric edilməsindən ötrü Fransa hökumətinə təzyiq göstəribsiniz?
-Fikrimcə, kiminsə belə bir fikir söyləməsi gülüncdür. Bu doğru deyil. Fransa Xarici İşlər Nazirliyi Dan Baer ilə məsləhətləşmədən öz şəxsi heyəti ilə bağlı qərarları özü verir. ATƏT-in missiya rəhbərlərinə gəldikdə isə, həmin şəxslər ATƏT-ə hökumət tərəfindən təqdim olunur. Bu təyinat adətən bir illikdir və ATƏT ilə həmin şəxsi təqdim edən hökumətin qarşılıqlı razılaşması əsasında bu müddət yenilənə bilər.
- Belə başa düşürəm ki, cənab Şahtaxtinskinin təyinat müddəti başa çatmışdır. Prezident Əliyev ATƏT-in Bakıda ofisinin açılması üçün cənab Şahtaxtinskinin diplomat karyerasının bərpa olunmasını istədiyini deyib. Fikrinizcə, ATƏT-in Bakı ofisinin fəaliyyətinin bərpası üçün tərəflər hansı addımları atmalıdır?
- Sualınızın ikinci hissəsini cavablandıra bilərəm. ATƏT-in Bakıdakı fəaliyyətinin bərpasından ötrü Azərbaycanın atacağı addım onun bu qurumla əməkdaşlığa hazır olmasını göstərməsi olardı. Əgər Azərbaycan tərəfi Vyanaya gəlsə və ATƏT-in Bakıda fəaliyyətinin bərpasına hazır olduğunu söyləsəydi, Amerika Birləşmiş Ştatları bunu güclü bir şəkildə müdafiə edərdi. Daimi Şuranın Azərbaycanın xahişi ilə bağlı böyük dəstəyi olardı. Cənab Şahtaxtinskiyə gəldikdə isə, fikrimcə, bu məsələ yersizdir. Zənnimcə, prezident Əliyev özünü bunu fransız həmkarı ilə müzakirə edə bilər.
- Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib. Referenduma çıxarılan məsələləri Avropa Şurasının Venesiya Komissiyası "prezidentə görünməmiş səlahiyyətlər verərək, hakimiyyətin qolları arasında balansı pozur" kimi dəyərləndirib. Azərbaycanda referenduma çıxarılan məsələlər ATƏT prinsiplərinə nə qədər uyğundur?
- Venesiya Komissiyasının hesabatına baxmışam. Orada Venesiya Komissiyası tərəfindən hazırlanmış iki fərqli maddə vardı. Biri sizin qeyd etdiyiniz məsələ ilə bağlı maddə idi. Digəri isə proseslə bağlı maddə idi. Ümumiyyətlə, Konstitusiyaya dəyişikliklərin edilməsi ciddi bir məsələdir və qərəzli, münaqişəli formada ictimai maraq oyadır. Bu proses o qədər ləng irəliləyir ki, Konstitusiyaya dəyişikliklərin istər nəzərdə tutulmuş, istərsə də nəzərdə tutulmayan məqsədi ətrafında ictimai müzakirə və polemika yaradır. Fikrimcə, istənilən ölkədə Konstitusiyaya əlavə və düzəlişlər təklifi irəli sürüləndə, müzakirələrin bir hissəsi bunun bəşəri prinsiplərə uyğun olub-olmaması ilə bağlıdır. Bu, insan hüquqları və əsas azadlıqları qorumaq baxımından beynəlxalq hüququn təcəssüm etdirdiyi bəşəri prinsiplərə uyğundurmu? Bir çoxları belə bir fikir irəli sürdülər ki, referendumun keçirildiyi forma Konstitusiya dəyişikliklərinə legitimlik verən açıq müzakirələrin qarşısını aldı.
- Siz dəfələrlə Azərbaycanda insan hüquqlarının pozulması, azadlıqların məhdudlaşdırılması, siyasi məhbus kimi tanınan insanların azadlığa buraxılması tələbilə bəyanatlarla çıxış edibsiniz? Bu bəyanatların təsir gücü olubmu?
- Daha dəqiq söyləsək, nə mən, nə də ABŞ hökuməti yalnız Azərbaycan haqqında bəyanat vermirik. Azərbaycanda insanlar bəzən elə düşünürlər ki, biz səhərimizi Azərbaycanı necə tənqid etmək barədə fikirlərlə açırıq və hər gecə bunun haqqında fikirləşərək yuxuya gedirik. Ancaq bu belə deyil. Bizim etdiyimiz ATƏT-in birlikdə hazırladığımız öhdəliklərinə nəzər salmaq və bu öhdəliklərlə uzlaşmayan çatışmazlıqları qiymətləndirməkdir. Bununla yanaşı, eyni standarta əsaslanaraq, özümüz də daxil olmaqla, hər kəslə bağlı ölçü götürürük. ATƏT çərçivəsində yalnız bir meyar var: birlikdə hazırladığımız öhdəliklər. Öhdəliklərin tətbiqi ilə bağlı narahatlıq yarandığı halda etiraz etməyimiz etibarlı hərəkətdir. Effektivliklə bağlı sualınıza gəldikdə isə, əsas məsələ odur ki, Azərbaycan hökuməti insan hüquqlarına və Azərbaycan vətəndaşlarının əsas azadlıqlarına hörmət etməlidir. Siyasi məhbus saylan şəxsləri azadlığa buraxmalıdır. Ona görə yox ki, bunu Dan Baer söyləyir, ona görə ki, bununla daha güclü, daha firavan Azərbaycan yaratmış olacaq. Amerika Birləşmiş Ştatlarının isə güclü və firavan Azərbaycanla əməkdaşlıqda uzunmüddətli marağı var.
- İndi ölkədə insan hüquqlarının durumunu necə xarakterizə edərdiniz?
- ABŞ hökumətinin Azərbaycanda insan hüquqları ilə bağlı baxışını hərtərəfli qiymətləndirmək üçün ən son İnsan Hüquqları Hesabatına istinad edəcəyəm. Ümumiyyətlə, təəccüblü deyil ki, dəfələrlə Azərbaycanda fikir və söz azadlığı, birləşmək hüququ, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması ilə bağlı narahatlığımızı ifadə etmişik. Həmin müstəqil səslərin məhdudlaşdırılması hal-hazırda qənaətbəxş görünə bilər, hətta bəzi hökumət nümayəndələri tənqidçinin susdurulmasını sabitlik üçün vacib hesab edə bilərlər. Ancaq bu, uzun müddət ərzində ölkənin sabitlik və təhlükəsizliyini sarsıdacaq. Odur ki, biz dostcasına Azərbaycanda müstəqil səslərin və vətəndaş cəmiyyətinin məhdudlaşdırılması ilə bağlı narahatlığımızı ifadə edirik.
- Bir neçə konqresmen Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi ilə çıxış edib. Bu layihənin Konqresin gündəliyinə çıxarılması nə qədər realdır? Yaxud "Qlobal Maqnitski Aktı" Azərbaycana da tətbiq edilə bilərmi?
- Ümid edirəm, buna ehtiyac olmayacaq. Biz insan hüquqları, ATƏT öhdəliklərinə riayət olunmasında davamlı tərəqqi naminə dəstəyimizi göstərmək üçün Azərbaycan hökumətindəki həmkarlarımız və vətəndaş cəmiyyəti ilə əlaqələrimizi davam etdirəcəyik.