1 Noyabr 2016
Mətni dəyiş
Məhəmməd Talıblı
Son illərin ən çox oxuduğum kitabları arasında uğur bestellərinin müəllifi kimi tanınan Brayan Treysinin əsərləri xüsusi yer tutur. Onların oxunmasını “olmazsa olmaz”dan hesab edirəm: “Bəhanələrə yox! Daxili intizamın gücü”, “Uğurun 100 qanunu”, “Xarizma nədir”, “Satışın 21 qanunu”. Müəllifin bəyəndiyim fikirləri ilə yanaşı, yazı üslubu daha cəlbedicidir. Həqiqətən bunları oxuyanda vaxt itirmirsən, zamanı sanki udursan. Gerçəkdən zövq alırsan. Oxumayanlara tezliklə oxumalarını tövsiyyə edirəm.
Mediadan xəbər tutdum ki, əsərləri çoxdan stolüstü kitablarım olan bu dərin fikir sahibi bu gün Bakıda seminar verəcək. Dəyərli biznes məsələhətləri, rəqabətli şəraitə hazırlaşmaq yolları, antiböhranlı idarə etmə kimi olduqca çox maraqlı mövzularla çıxış edəcək. Amma çıxışında diqqətimi cəlb edən təkcə mikroiqtisadiyyatla bağlı konsultativ mövzular olmadı. Makroiqtisadi konteksdə Azərbaycan iqtisadiyyatı ilə bağlı doğru dəyərləndirməsi diqqətimi cəlb etdi.
Təbii ki, Brayan Treysi Azərbaycan iqtisadiyyatının neft iqtisadiyyatı olduğunu bilməmiş deyil. Ona görə ona ölkəmizdə ona veriləcək suallara cavabı elə gəlməmişdən öncə öz vətənində cavalandırıb. Bizdə dünya çapında tanınmış şəxslərə Azərbaycan iqtisadiyyatı və siyasəti, o cümlədən rəhbər şəxslərlərlə bağlı tərifə yönəlik suallar vermək kimi anormal dəbi hələ də cəmiyyətdə qalıb. Qabağımıza keçən insandan özümüz haqqında yalnız tərif eşitmək kimi aşağı görüşü özlərinə yol yoldaşı etmək vərdişini elitamız hələ tərk etməyib. Bu mənim yaddaşıma ibrətamiz bir hadisəni saldı.
Xatirimdədir... Gündəliyimə özü də elmi-akademik çevrədə baş vermiş bu hadisəni yazmışdım. İki il bundan Bakıda iqtisadiyyat üzrə “Nobel” mükafatı lauratı Piter Daylmondla görüşdə iştirak edirdim. Bu mükafata layiq görüldüyü iqtisadi paradiqmanı geniş izahı ilə bağlı təqdimat etdi. Müzakirəsindən sonra sual-cavab hissəsi başladı. P.Daylmonda Azərbaycan iqtisadiyyatının güclü olması haqqında yönləndirici sual verəndə, onun buna çox təmkinlə cavab verməsindən xüsusi zövq almışdım. Cavabda təkcə fundamental idrak yox, həm də böyük ədalət yatırdı: “Bəziləri hesab edirlər ki, “Nobel”çilər hər şeyi bilirlər. Amma bəzi “Nobel”çilər hesab edirlər ki, onlar bildiklərini danışmalıdırlar. Biz təfərrüatı ilə bilmədiklərimiz haqqında şərhlər verməli deyilik. Çünki, “Nobel”çilər hər şeyi bilənlər deyillər.” Statusuna və obyektivliyinə hörmət qoyan hər bir şəxs illərlərini öz şəxsi zəhməti hesabına qazandıqlarını nüfuz çətəri altında yalan pərdəsinə bürüməli deyil. Təfərrüfatları ilə bilmədiyi və ciddi mübahisə doğran mövzularda qeyri-kompitent ifadələri ilə nifuzunu xərcləməli deyil. Bu baxımdan illərlə “qarışqa” çalışqanlığı ilə faydalı ömürü geridə buraxmış tanınmış şəxslər daha müvazinətli davranışa və kompitent mülahizəyə sahib olmalıdırlar. Əksini etmək ada və nüfuza layiqsizlikdir.
Brayan Treysinin ölkəmizə gəlməmişdən öncə Azərbaycan iqtisadiyyatı ilə bağlı maraqlı bir neçə çağrışla çıxış edib. Həmin çıxışı diqqətlə dinləyib lakonik olaraq belə sistemləşdirdim: (ı) neft və qaz gəlirlərindən asıllığın azaldılması; (ıı) idxaldan asıllığın azaldılmasını yerli istehsalın genişlənməsi və ixracat potensialın artırılması; (ııı) ixracat sənayesinin artırılması və dünya bazarına çıxmağı sahibkarlıq mühitinin yaxşılaşdırmağı nəzərdə tutur ki, bu da öz növbəsində daha çox insan öz biznes fəaliyyətinə, daha çox məhsul istehsal etməyə təşviq edəcəkdir. Bu isə dünyanın müxtəlif yerində satmaqla xarici valyuta əldə edə bilməsi; Yəqin ki, bu tezisləri oxuyan hər biriniz özünüzə sual verdiniz: Axı, bu fikirləri daha əsaslandırılmış və daha çox detallı olaraq bizim hər gün az qala yazılarını oxuduğumuz ölkə iqtisadçıları dəfələrlə deməyiblərmi? Burada orijenallıq nədir?
Açıq söyləməyimiz lazım. B.Treysinin qeyri-neft sektorunun inkişaf trayektoriyasını hədəfləyən bu təklifləri ölkəmizdəki həmkarlarımızla illərdir ki, deyirik və yazırıq. Deməli, təkcə ölkəki iqtisadçı-ekspertlər yox, xarici ölkə vətəndaşları da vəziyyətimizin nə yerdə olduğunu bilir. “Sözlər deyil, onları danışan dillər önəmlidir” prinsipini əsas götürən hökumət əcnəbi çağrışlara daha həssas olduğunu bilirəm. Təki, problemlər həll edilsin. Müəllifi biz olmasaq da olar. Biz buna razı.
Düşündüm ki, görən B.Treysi öz ölkəsində bizdəki mövcud olacaq bu kimi problemləri necə izah edərdi? Mən elə onun öz fikirləri, bestsellərinə istinad edərək izah etməyə çalışacam.Daha doğrusu müəllifin çağrışlarını özünün yazdığı kitablardakı fikirləri ilə əlaqələndirməyə cəhd edəcəm.
Müəllif bir neçə yerdə yazıb ki, maliyyə vəziyyətinin pis olmasına görə kimisə günahlandıramağa dəyməz. Siz qazanclarınızı və sərmayələrinizə cavabdehliyi artırmaq hesabına iqtisadi imkanları genişləndirməsinə nail ola bilərsiz. Siz bu zaman “iqtisadi uşaqlıqdan” “iqtisadi yetkinliyə” qədəm qoya bilərsiz. Bizim neftdən əldə etdiyimiz gəlirlər üzərində məsuliyyət hissimizi artırmaqla və cavabdehliyimizi açıq bəyan etməklə “yetkinlik” mərhələsinə addlmlaya bildikmi? Fikrimcə, biz neft gəlirlərinin pik dövründə şəffaflığı şübhə doğran və zəif hesabatlılıqla bu işlərin öhdəsindən gələ bilmədik.
Qeyri-neft sektorunun inkişafı ara-sıra yada salınmaqla və epizodik tədbirlərlə alınmaz. Həvəskarlıqla və populizm xatirinə atılan addımlar ciddi nəticə doğra bilməz. Biz hədəfləri soyuqqanlılıqla və elmi dəlillərlə müəyyənləşdirməli və həmin trayektoriya ilə sürətlə addımlamaq yolun tutmalıyıq. Sistemsiz nə ediriksə bu nə aktivə yazılır, nə də ciddi nəticələr doğrur. “Biz aramsız nə ediriksə, oyuq; mükəmməllik isə müəyyən bir iş deyil, adətdir.” (Aristotel)
Bu baxımdan biz qeyri-neft oriyentasiyasında tədbirləri davamlı etmədikcə, həmin sahələr “ölü” nöqtələr kimi heç qıcığa reaksiya verməyəcək. Ona görə, biz sanki gecikmiş addımları indi yada salmaqda heç bir fayda əldə etməyəcəyik.
Brayan Treysi haqlı olaraq qeyd edir ki, iqtisadiyyatın birinci qanunu çatışmazlıqdır. Hamıya çatacaq qədər nəsə ortada olmayacaq. Çünki, iqtisadiyyat nəyəsə ehtiyac duyur. Amma bizim iqtisadiyyat üçün “aclıq” tələbini təmin edən təbiətin “hədiyyələri” var. Bu resurs üstünlüyü bizə avtomatik üstünlük qazandırır. Biz bundan istifadə etmədikcə, “resurs lənəti” dairəsinə düşürük. Çatışmazlığı aradan qaldırmaq üçün daxili və xarici resursun cəlbi zəruridir. Biz birinci şansı itirməyə çox yaxınlaşdığımız bir dövrdə, hazırda ikinciyə daha çox müraciət edirik. Bu beynəlxalq maliyyə qurumlarından kredit alacağımıza olan ümiddir. Halbuki, əlimizdə vaxtı ilə elə “limonlar” var idi ki, onları “limonada” çevrə bilmədik.
B.Treysi “Təzyiqli Effekt” qanununa istinad edərək yazır: “Hər işi görməyə heç zaman vaxt çatmır, lakin ən vacib işləri görmək üçün kifayət qədər vaxt var.” Bizim neft pullarından faydalanmaq və üstünlüyün coğrafiyasın genişləndirmək üçün xeyli vaxtımız olub. Onda qlobal konyuktura xeyrimizə işləyirdi. Neft qiyməti və daxili hasilat səviyyəsi ölkə daxili ehtiyacları tam qarşılayırdı. Arada kreditor funksiyasını da yerinə yetirirdik. Başqa dövlətlərə borc verdiyimiz zamanlar da var idi. Amma vacib işləri görmürdük. İxracatçı sahibkar təbəqə formalaşdıra və azad biznesi çiçəkləndirə bilmədik. Antiinhisar tədbirləri siyasi iradə ilə möhkəmlənmədi. Sadəcəq anunverici çərçivələr qurmaqla işimizi bitirmiş olduq.
Qura bilməyəcəyimiz iqtisadi azadlıqlar fonunda gözümüzü açıb sistemdə oturuşmuş oliqarxiyanı gördük. Güclənmiş məmur kapitalizmi iqtisadi resurslara nəzarəti ələ götürdü. Biznes və siyasi idarəçilik culğalaşmış şəkildə simbioz forma aldı. Bütün bunlar təkcə itirilmiş illər olmadı. Həm də iqtisadiyyatın cazibədarlığını bütöv halda itməsi ilə nəticələndi. Daxili sərmayədarlar hürkək quşlar kimi ölkədən “uçdular”. Xarici sərmayədarları isə cəlb edəcək təminatlı investisiya iqlimi formalşdıra bilmədik.
B.Treysi özünün mülahizələrində etməli olunası nüanslardan bəhs edir. Həm dövlət idarəçiliyində, istərsə də şəxsi inkişafla bağlı dəyişməz olan bu qaydanı nəzərə almamız lazım: əvvəlkindən fərqli adam olmağın üçün əvvələr etmədiyin işləri etməlisən. Biz indiki iqtisadi böhrandan çıxmağımız üçün indiyə qədər etdiklərimizi etməməli, başqa iqtisadiyyat qurmağımız üçünsə heç vaxt etmədiklərimizi bundan sonra etməliyik. Edə bilmək imkanı olan yerdə edilməyənləri, edilməyəsi mümkün olmayan yerdə etmək mənə çətin gəlir. Sizi bilmirəm...
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.