Bayram Məmmədovun işi məhkəməyə göndərilir

Bayram Məmmədovun işi məhkəməyə göndərilir
5 Oktyabr 2016
Mətni dəyiş
N!DA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bu barədə gənc fəalın vəkillərindən Elçin Sadıqov sosial şəbəkədə məlumat paylaşıb.
Onun sözlərinə görə, oktyabrın 5-də istintaqın bitməsi onlara elan edilib. Vəkillər istintaq materialları ilə tanış olublar.
Vəkil bildirib ki, cinayət işi yaxın günlərdə baxılması üçün məhkəməyə göndəriləcək.
Xatırladaq ki, Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə mayın 10-da saxlanıb.
Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Sentyabrın 6-da B.Məmmədov barəsindəki həbs müddəti 2 ay 1 gün artırılıb
Gənclər narkotikdə ittiham edilirlər. Ancaq onlar işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər.
Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.
Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi güman olunur.
Q.İbrahimovun işi isə artıq məhkəmədədir. O, məhkəməsində ifadəsində də, məhz Heydər Əliyevin abidəsinə şuar yazdığına görə, həbs edildiyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun