7 Oktyabr 2016
Mətni dəyiş
Oktyabrın 7-də səhər saatlarında "Gündəm - xəbər" qəzetinin baş redaktoru Şirin Cəfəri yaşadığı mənzildə DİN Mütəşəkkil Cinayətlarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub.
Məlumatı hüquq müdafiəçisi Oqtay Gülalıyev sosial şəbəkədəki səhifəsində yayıb.
O.Gülalıyev bildirib ki, jurnalistin həbsindən öncə onun evində axtarış aparılıb: "Axtarış zamanı order təqdim olunmayıb və evdəkilərə qarşı kobudluq edilib. Hazırda jurnalistin DİN Mütəşəkkil Cinayətlarlığa qarşı Mübarizə İdarəsində saxlandığı bildirilir. Əldə etdiyimiz məlumata əsasən Şirin Cəfərinin həbsinə səbəb onun baş redaktoru olduğu "Gündəm- xəbər" qəzetinin bu günki sayında Daxili İşlər nazirinin müavini Vilayət Eyvazov haqqında manşetdə dərc olunan tənqidi yazı olub".
O.Gülalıyev qeyd edib ki, Şirin Cəfəri rəhbəri olduğu qəzetdə dərc olunan tənqidi yazılara görə zaman- zaman təzyiqlərə və təqiblərə məruz qalıb: "Əsassız məhkəmə çəkişmələrinə cəlb edilib. "Gündəm-xəbər" qəzetinin baş redaktoru Şirin Cəfərinin həbsi hakimiyyətin azad mətbuatın susdurulması istiqamətində apardığı siyasətin tərkib hissəsidir".
2013- cü ildə Vergilər Nazirliyi tərəfindən 71.400 manat həcmində cərimələnən Şirin Cəfəri Kəpəz rayon məhkəməsinin qərarı ilə 3 il müddətinə şərti azadlıqdan məhrum edilib.