Azərbaycanla İsveçrə arasında viza rəsmiləşdirilməsi asanlaşacaq

Azərbaycanla İsveçrə arasında viza rəsmiləşdirilməsi asanlaşacaq
11 Oktyabr 2016
Mətni dəyiş
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsveçrəyə rəsmi səfəri zamanı bu ölkənin Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalter ilə görüşüb.
Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan və İsveçrə arasında əlaqələrin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.
Nazirlər iki ölkə arasında fəal siyasi dialoqun mövcudluğunu təqdir edərək, bu səfərin ikitərəfli əməkdaşlığın hərtərəfli inkişafı üçün əlverişli imkanlar yaratdığını vurğulayıblar. Tərəflər ikitərəfli siyasi əlaqələrin ruhuna uyğun olaraq, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün iki ölkənin geniş potensiala malik olduğunu nəzərə çatdırıblar. Bu xüsusda, İsveçrənin 70-dən artıq şirkətinin Azərbaycanda, SOCAR-ın isə İsveçrədə uğurlu fəaliyyəti qeyd olunub.
Görüşdə İsveçrə şirkətlərinin Azərbaycanda həyata keçirilən nəqliyyat, xüsusilə dəmir yol layihələrində iştirak etməkdə maraqlı olduğu bildirilib.
Tərəflər peşə təhsili və təlim sahəsində əməkdaşlıq məsələlərinə toxunaraq və İsveçrənin bu sahədə təkmil sistemə malik olduğunu qeyd edərək, bu sahədə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini bildiriblər. Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı şəkildə beynəlxalq qurumlara olan namizədliklərin dəstəklənməsinə dair fikir mübadiləsi aparılıb. Nazirlər həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələləri müzakirə ediblər.
Görüşdən sonra nazir E.Məmmədyarov və federal müşavir D.Burkhalter “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” və “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” sazişləri imzalayıblar.
Sazişlər ratifikasiya edildikdən sonra iki ölkə arasında diplomatik və xidməti pasporta malik şəxslərin vizasız gediş-gəlişi təmin ediləcək və həmçinin digər kateqoriyadan olan şəxslərin viza almaları asanlaşacaq.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun