Azərbaycanda yenə terror can aldı - Kamran İsmayılzadə

Azərbaycanda yenə terror can aldı - Kamran İsmayılzadə
6 Oktyabr 2016
Mətni dəyiş
Kamran İsmayılzadə
Səhəri yenə teror hadisəsi ilə açdıq. İllərdir Azərbaycanda baş verən terror hadisələrinə bir nəfər dur demir. Yüzlərlə insan terorun qurbanı oldu, olur. Bu günlərdə yenə gənc qızımız Azərbaycan səhiyyəsinin, Azərbaycan hakimiyyətinin teroruna qurban getdi.
Ölkəsində normal təhsil ala bilməyən, Türkiyəyə təhsil üçün gedən, maddi durumu yaxşı olmayan, universitet ödənişini etmək üçün çətin şəraitdə işləyən gənc qızımız xərçəng xəstəliyinə tutularaq terror qurbanı oldu. Təcili maşınla xəstəxanaya aparılarkən oksigen balonun bitməsi nəticəsində həyatı sona çatdı. Yəqin ki, bir çoxlarınızın "Azərbaycanda yene teror can aldı" başlığı cəlb etdi, amma mövzuda bir gəncin xəstəlikdən həyatını itirməsindən bəhs edilir. Siz hardasa partlayan bomba xəbərini gözləyirdiniz. Terror hardasa bombanın partlaması deyil, insanlığı ölüm həddinə çatdıran hər hadisə terrordu.
İllərcə biz ailə hakimiyyətinin terroruna məruz qalmışıq. Dövlət büdcəsinə gələn milyard dollardan xəbərimiz yoxdu. Hara xərclənir, kimə xərclənir deyə çıxıb xalqa da hesab vermirlər. Azərbaycan kimi zəngin bir ölkədə təhsil, səhiyyə yoxdur. Təhsil sistemindəki özbaşınalıq, rüşvət, boşluq illərdi terror havası əsdirir. Nə qədər gəncimiz bu təhsil sisteminin qurbanı oldu. Gələcəkləri məhv edildi. Gənclər məcbur qalıb digər ölkələrə üz tutdu.
Azərbaycanda ən böyük terror səhiyyə sistemindədir. Səhiyyədə özbaşınalıq, rüşvət indiyə kimi minlərlə can alıb. Yəqin ki, Aytac xanım hələ də yadınızdadır. Leykoz xəstəliyimə tutulmuşdu. Erməni kilsəsinə qaz verən, Vatikanı təmir etdirən, Avropa Oyunlarına milyardlarla dollar xərcləyən hakimiyyət Aytaca yiyə çıxmamışdı.
Aytacın müalicəsi üçün lazım olan pulu gənc dostları facebookda event yaradıb, kitab və sairə sataraq toplamışdı. Amma həyatını yenə də xilas edə bilməmişdilər. Xəstəxanadan aeroporta aparan tibbi yardım maşını 1000 azn civarında pul almışdı. Yazıçı Rafiq Tağı, jurnalist Rasim Əliyev xəstəxanada danışa bildikləri halda naməlum səbəblərdən qəfil vəfat etdilər. Bunlar terror deyilmi məgər?
Təhsildə olan boşluq bu xalqın gələcəyini məhv etdi. Səhiyyədəki boşluq gənc dostlarımızı bizdən aldı. Sabah hakimiyyət terrorunun qurbanı məməm, sənsən. Susduqca növbəmiz çatır. Görəsən sırada hansınızsınız?
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun