17 Oktyabr 2016
Mətni dəyiş
“Azərbaycanda siyasi məhbus olaraq tanınmış şəxslərin sayı 94-dür. Onlardan 6-sı jurnalist, bloqçu, 2-si şair, yazar, 1-i hüquq müdafiəçisi, 5-i gənc fəal, 5-i siyasətçi, 61-ı inanclı fəal, 3-ü isə ömürlük həbs olunma cəzasına məhkum olunmuş məhbuslardır. 11 şəxsi və digər kateqoriyalara aiddir”.
Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə işçi qrupun oktyabrın 17-də açıqladığı hesabatda belə deyilir. Hesabatda ümumilikdə 139 şəxs barədə məlumat verilir. İşçi Qrup 45 nəfəri potensial siyasi məhbus kimi tanıyır.
Həmin şəxslərin işləri barədə sənədlərə çatanda çətinliklər olduğundan onların adları hesabatdakı “İşləri monitorinq altında olanlar” bölməsinə daxil edilib. İşçi Qrup vurğulayır ki, ölkədə siyasi məhbusların sayının əslində qat-qat çox olduğu qənaətindədirlər.
“Lakin ölkədə hökm sürən repressiv mühit həbs olunan çox sayda insanları işlərinin ictimailəşdirilməsindən çəkindirir. Digər problem hüquqi məlumatsızlıq, vəkillərin azlığı, xüsusilə də regionlarda müdafiə mexanizmlərinin olmaması ucbatından müdafiənin təmin edilməməsidir”, deyə İşçi Qrup vurğulayır.
İşçi Qrup ömürlük azadlıqdan məhrum edilən məhbuslarla bağlı məsələyə də ayrıca şərh verib.
Qrup qeyd edir ki, 16 belə məhbusdan 1-i vəfat edib, digər 12 nəfərin siyasi məhbus olmadığı barədə Avropa Şurasının ekspertləri rəy veriblər. Yerdə qalan 3 nəfərin adı siyahıya daxil edilib. Qrup siyasi məhbusların vahid siyahısının hazırlanmasında əsas məqsədin siyasi motivlərlə həbs olunmuş şəxslər barədə ümumi ictimai mövqenin ortaya qoyulması, onların azad edilməsi üçün ölkə daxilində və beynəlxalq qurumlarda səyləri artırmaq olduğunu qeyd edir.
Siyasi məhbus təsnifləndirməsi apararkən İşçi Qrup Avropa Şurası Parlament Assambleyasının 1900 saylı Qətnaməsində qeyd edilən meyarlara əsaslanıb. Əsas meyarlar aşağıdakı kimidir:
Əgər həbs İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya və onun protokollarında təsbit olunmuş fundamental təminatlardan hər hansı biri pozulmaqla həyata keçirilibsə, həbs edilən şəxs siyasi məhbus sayılır.
Həbs heç bir cinayətlə əlaqəsi olmadan sırf siyasi səbəblərdən həyata keçirilibsə, saxlanmanın müddəti və ya onun şərtləri şəxsin şübhəli və ya təqsirkar sayıldığı cinayətə aydın şəkildə proporsional deyilsə, şəxs başqa şəxslərlə müqayisədə siyasi səbəblərdən ayrı-seçkilik şəraitində saxlanılırsa, saxlanılan şəxs siyasi məhbus hesab edilir.
Həbsin aydın şəkildə ədalətsiz məhkəmə proseslərinin nəticəsi olmasıda siyasi məhbus sayılmaq üçün əsaslardandır.