Avropa Jurnalistlər Federasiyası: "Azərbaycanda fəaliyyət göstərə bilmirik"

Avropa Jurnalistlər Federasiyası: "Azərbaycanda fəaliyyət göstərə bilmirik"
28 Oktyabr 2016
Mətni dəyiş
"Azərbaycan Türkiyə və Rusiyadan sonra Avropada medianın durumunun ən pis vəziyyətdə olduğu ölkədir".
Bu sözləri Avropa Jurnalistlər Federasiyasının baş katibi Ricardo Gutierrez deyib.
O bildirib ki, "jurnalistlərin müdafiəsi və təhlükəsizliyi üçün Avropa Şurasının platformasında etdiyimiz xəbərdarlıqlara nəzərən" belə hesab etdiyini söyləyir.
"Problem təkcə Azərbaycandan daxil olan həyəcan siqnalları deyil, problem budur ki, biz Azərbaycanda fəaliyyət göstərə bilmirik. Biz siyasi təşkilat deyilik, amma Azərbaycanda işləyə bilmirik. Biz bir neçə il öncə Bakıda jurnalistlərin təhlükəsizliyi ilə bağlı təlim keçirmək istəyirdik, amma razılıq ala bilmədik. Avropada hazırda ən pis vəziyyət Türkiyədədir, amma biz orada işləyə bilirik."
Avropa Jurnalistlər Federasiyasının Azərbaycandakı təmsilçiliyi Jurnalistlərin Həmkarlar İttifaqıdır.
Azərbaycanın xarici işlər nazirliyinin sözçüsü Azərbaycanda medianın azad olduğunu bildirib.
"İstəyirik ki, Azərbaycanda digər təşkilatlara səsimizi çatdıraq"
Ricardo Gutierrez hesab edir ki, təmsilçi təşkilat üçün də yerli hökumətlə əlaqə qurmaq çətindir.
"Bəlkə də bu, özünüsenzuradır. Ola bilsin ki, onlar bu məsələni qaldıra bilmirlər. Biz istəyirik ki, Azərbaycanda digər təşkilatlarla əməkdaşlıq edək, səsimizi çatdıraq. İndiki şəraitdə JuHİ təkdir və bu da çətinlik yardır."
Gutierrez JuHİ-nin Avropa Jurnalistlər Federasiyasını həbsdə olan jurnalistlərlə bağlı onlara təfərrüatlı məlumatlar verdiyini bildirib.
Jurnalistlərin Həmkarlar İttfaqının sədri Müşfiq Ələsgərlinin sözlərinə görə, 15 ildən artıqdır ki, Beynəlxalq Jurnalistlər Federasiyası və onun Avropa üzrə filialı olan Avropa Jurnalistlər Federasiyası ilə əməkdaşlıq edirlər.
M.Ələsgərli əlavə edir ki, Jurnalistlərin Həmkarlar İttifaqı Beynəlxalq Jurnalistlər Federasiyasına üzv olana qədər, yəni 2001-ci ilə qədər Azərbaycan haqqında bəzən qeyri-real bəyanatlar da səsləndirib.
"JuHİ-nin üzvlüyündən sonra BJF-nin təmsilçilərinin Azərbaycana səfərləri təşkil olunub, onlar bütün məsələlərlə, problemlərlə yerində tanış olublar və ölkə haqqında hesabatlar hazırlayarkən, burada müşahidə etdiklərini nəzərə alıblar. Həmçinin, Azərbaycanda medianın inkişafı naminə çoxsaylı layihələr icra edblər."
JuHİ sədri BJF ilə 2014-cü ildə həyata keçirilməsi planlaşdırılan, lakin baş tutmayan layihəsi barədə məlumat verib.
"Media azaddır"
Onun sözlərinə görə, BJF-nin istəyi bu idi ki, Azərbaycanda jurnalist həmkarlar təşkilatı gücləndirilsin və Azərbaycanda fəaliyyət göstərən bütün jurnalistlərin problemləri ilə maraqlansın, onları qeydə alsın, proseslərə müdaxilə etməyə gücü çatsın.
"2014-cü ildə Qrantlar haqqında Qanuna edilmiş dəyişikliklər bizim işimizi yarımçıq qoydu. Baxmayaraq ki, bütün hazırlıqlar tamalanmışdı, donorlar layihəni maliyyələşdirməyə razılıq vermişdilər, müqavilə imzalnmışdı. Amma Ədliyyə Nazirliyindən bildiriş ala bilmədiyimiz üçün, layihənin icrasını müvəqqəti olaraq təxirə saldıq. Layihənin dayanması, BJF-nin Azərbaycandakı işinin dondurulması deməkdir. Problemin kökü də məhz budur."
M.Ələsgərli qeyd edir ki, oktyabrın 21-də prezident İlham Əliyevin xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqi haqqında fərman verməsindən sonra həmin layihənin qısa müddət ərzində qeydiyyatdan keçəcəyinə ümid edir.
hikm%c9%99t-haciyev
XİN sözçüsü Hikmət Hacıyev bildirib ki, Avropa Jurnalistlər Federasiyasının fəaliyyəti ilə tanış deyil:
"Azərbaycanda media azaddır. KİV Haqqında Qanunun tələblərinə uyğun olaraq akkreditasiyadan keçən meda qurumları Azərbaycanda işləyə bilirlər"
Bir sıra yerli və beynəlxalq QHT-lərə açılan "cinayət işi" ilə əlaqədar olaraq 2014-cü ilin yayında Azərbaycanda bır sıra xarici təşkilatların Azərbaycandakı nümayəndəliklərinə cinayət işi açılıb və xarici təşkilatların qrantları hesabına həyata keçirilən layihələrin keçirilməsinə qadağa qoyulub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun