Mandatsız qalan keçmiş deputatlar hələ 1 il ərzində maaşlarının 80 faizini alacaqlar

Mandatsız qalan keçmiş deputatlar hələ 1 il ərzində maaşlarının 80 faizini alacaqlar Foto: sosial media
9 Sentyabr 2024
Mətni dəyiş

Cəmil Həsənli: "Deputat işdən ayrıldıqdan sonra 1 il ərzində maaşının 80 faizini alacaqsa, bu, neftçiyə, elektrikə, sürücüyə də aid edilməlidir"

Növbədənkənar parlament seçkilərindən sonra VI çağırış Milli Məclisin mandatsız qalan 16 üzvü maaşlarının 80 faizi qədər müavinət alacaq.

"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 30-cu maddəsində qeyd olunur ki, səlahiyyət müddəti qurtardıqdan sonra sabiq deputat işə düzələnədək 1 il müddətində hər ay deputatın aylıq vəzifə maaşının 80 faizi məbləğində qanunvericiliklə müəyyənləşdirmiş qaydada müavinət alır.

1 sentyabrda keçirilən parlament seçkilərində iştirak etməmiş və ya səs toplaya bilməmiş 26 nəfərdən 9-u deputat pensiyası, 16-sı isə müavinət alacaq. 

Beləliklə, keçmiş millət vəkilləri Vasif Talıbov, Cəbi Quliyev, Elnur Allahverdiyev, Əliabbas Salahzadə, Etibar Əliyev, Emin Hacıyev, İltizam Yusifov, Jalə Əhmədova, Rüfət Quliyev, İqbal Məmmədov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Nizami Cəfərov, Kamilə Əliyeva, Mahir Abbaszadə, Aqil Məmmədov iş tapana qədər 1 il müddətində müavinət ala biləcəklər.

Bəs bu qayda digər vətəndaşlar üçün necə tətbiq olunur? 

"İşsizlikdən sığorta haqqında" Qanuna əsasən, əgər şəxs əmək müqaviləsinə xitam verilənədək ardıcıl 12 ay sığorta stajına malik olubsa, itirdiyi orta aylıq əmək haqqının 50 faizi məbləğində işsizlikdən sığorta ala bilər.

Eyni qanunda deyilir ki, əgər şəxsin əmək müqaviləsinə xitam verildiyi günədək sığorta stajı 12 aydan azdırsa, o zaman həmin şəxsə minimum əməkhaqqı, yəni 345 manat məbləğində işsizlikdən sığorta ödənir.

Azərbaycanda işsizlikdən sığorta alma ilə bağlı şərtlərin qəliz olması və əlçatan olmaması tez-tez müzakirə edilən mövzulardandır. 

"Deputat üçün bir qayda, digər işçilər üçün başqa bir qayda yolverilməzdir"

Bunu keçmiş millət vəkili, professor Cəmil Həsənli deyir. Sabiq parlamentarinin sözlərinə görə, Əmək Məcəlləsində vahid sistem olmalıdır.

"Dünyanın bir çox ölkələrində işçi işdən azad edildikdə ya iş tapana qədər, ya da pensiya təminatı həll olunana qədər yardım göstərilir. Bir sıra ölkələrdə nəinki 1 il, 3 ilə qədər davam edir. Bəzi hallarda isə işçi işdən azad olunduqdan sonra ona böyük həcmdə kompensasiya ödənilir. Bu da onun bir neçə illik yaşayışını təmin edir". 

Cəmil Həsənli deyir ki, Azərbaycanda bu istiqamətdə də sosial ədalət prinsipi pozulur. Onun fikrincə, əgər deputat işdən ayrıldıqdan sonra 1 il ərzində maaşının 80 faizini alacaqsa, bu, neftçiyə də, elektrikə də, sürücüyə də aid edilməlidir.

"Aid edilməməsi diskrimnasiyadır, ayrıseçkilikdir. Bu, həm də deputatların öz vəzifələrindən sui-istifadə etmək cəhdləridir. Heç bir ədalət prinsipinə sığmır", - Həsənli fikrini tamamlayır. 

"Bu sistem nəinki ədalətsiz, həm də yırtıcı və xalqı kölə vəziyyətinə salan bir sistemdir"

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı deyir ki, ölkədə sosial təminat sistemi müasir dünyada qəbul olunmuş prinsiplər əsasında formalaşdırılmayıb.

Onun sözlərinə görə, deputatlara tanınan bu imtiyazın digər işçilərə tanımaması ədalətsizlikdir. 

"Müasir dünyada qəbul olunmuş sosial ədalət sistemi burada da yaradılmalı idi. Bunun da ilkin təməlini, hüquqi bazasını elə o pralamentdə oturan deputatlar yaratmalı idilər. Azərbaycanda bu sahədə də xaos var. Bu baxımdan, əlbəttə, ədalətsizdir".

Azər Qasımlının fikrincə, sistem elə olmalıdır ki, vəzifəli şəxslər rüşvət ala bilməsinlər.

"Amma Azərbaycanda bu sistem də formalaşmayıb. Tam əksinə, icraedici orqanda olan bir qrup şəxs özü üçün parlament, müxalifət, bələdiyyə yaradıb, bu insitutları bizə demokratik insitutlar kimi təqdim edir. Amma əslində isə altı boşdur. Sadəcə bu bir qrup insandır ki, ölkənin bütün resurslarını ələ alıb, özləri üçün bölüşdürürlər. Deputatlara yüksək maaş yazırlar, digər işçilərin isə buna əli çatmır. Bu sistem nəinki ədalətsiz, həm də yırtıcı və xalqı kölə vəziyyətinə salan bir sistemdir", - Azər Qasımlı bildirib. 

Sentyabrın 1-də Milli Məclisə növbədənkənar parlament seçkiləri keçirilib. İlkin nəticələrə uyğun olaraq dairələr üzrə lider namizədlər müəyyənləşib. VI çağırışda deputat seçilən 121 nəfərdən 89-u yenidən mandat qazanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun