7 saylı CÇM-nin dustaqları: “Həbsxana rəhbərliyi xüsusi guşə yaradıb, orada məhbuslara işgəncə verirlər”

7 saylı CÇM-nin dustaqları: “Həbsxana rəhbərliyi xüsusi guşə yaradıb, orada məhbuslara işgəncə verirlər” Foto: E-huquq
10 Sentyabr 2024
Mətni dəyiş

Məhbuslardan birinin sözlərinə görə, həbsxana rəhbərliyi Ombudsman Aparatının monitorinqindən əvvəl işgəncələri izləmək üçün qurulan besedkanı söküb, aparat işçiləri gedəndən sonra yenidən quraşdırıb

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhbuslar davamlı işgəncələrə məruz qalırlar.

Bununla bağlı məlumatı “Abzas Media”ya həmin müəssisədə cəza çəkən məhbuslar ötürüblər. Onlar təhlükəsizlikləri üçün adlarının anonim saxlanmasını xahiş ediblər.

Məhkumların dediyinə görə, işgəncələrə müəssisənin rəisi Mehman Əliyev rəhbərlik edir. Mehman Əliyevin müavini Kənan Orucov isə işgəncələri şəxsən icra edir, məhbusları ağır şəkildə təhqir edərək döyür. İşgəncə və qeydi-insani rəftar hallarını 7 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan daha 5 məhkum təsdiqləyib.

“Həbsxana rəhbərliyi müəssisənin “promzon” deyilən hissəsində, inzibati binanın yaxınlığında bir işgəncə guşəsi yaradıb. Bu guşə qışda şüşə ilə örtülən, yayda isə açılan “besedka”dan və su ilə dolu hovuzdan ibarətdir. Kənan Orucov dustaqları döyür, sonra da yay-qış demədən onları hovuza atır”, – deyə onlar bildiriblər.

Məhbusların dediyinə görə, Kənan Orucovun sevdiyi işgəncə formalarından biri də dustaqları həbsxananın həyətində olan qalın gövdəli ağaclara qandallayıb saatlarla, bəzən günlərlə saxlamaqdır. Rəis müavini məhbusların əllərini qabaqdan, ağacları qucaqlayırmış kimi qandallayır.

Məhbuslar dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini, ancaq şikayətlərilə bağlı ciddi tədbir görülmədiyini bildirirlər.

“Bir dəfə Ombudsman Aparatından gəldilər, hovuzu axtardılar, həmin guşəyə baxdılar. Bu ərəfədə rəisin və müavinlərin işgənc verdikləri və ya oturub bu işgəncələri izlədikləri “besedka” söküldü. Amma bir ay keçməmiş “besedka”nı yenidən düzəldib, öz işlərinə davam etməyə başladılar”, – onlar vurğulayıblar.

İyulun əvvəlində Azərbaycan Avropa Şurasının İşgəncələrə Qarşı Mübarizə Komitəsi ilə əməkdaşlıqdan imtina edib. Qurum bəyanat yayaraq bildirib ki, ölkədə işgəncə halları sistemli xarakter alıb və hökumət bununla bağlı heç bir tədbir görmür. Bu hallar həm polis idarələrində, həm də Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində baş verir.

“Müdafiə xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov deyir ki, onlar həbs yerlərində monitorinq aparmaq üçün  dəfələrlə Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə müraciət etsələr də, müsbət cavab ala bilməyiblər.

Onun sözlərinə görə, cəzanın icrası siyasətini həyata keçirən dövlət orqanları həbs yerlərini, əsasən, hakimiyyətin hüquq siyasətini təbliğ edən, dövlətin kurasiyasında olan hüquq müdafiəçilərinin monitorinq etməsində maraqlı olurlar.

"Çünki belə olduqda pozuntularla bağlı məlumatlar tam olmur və hərtərəfli, şəffaf şəkildə cəmiyyətə təqdim edilmir", – deyə o əlavə edib.

Hüquq müdafiəçisi deyib ki, hökumət “Müdafiə xətti” hüquq-müdafiə təşkilatını dövlət qeydiyyatına almayanda artıq onlara məlum olub ki, həbs yerlərində monitorinq imkanları olmayacaq.

"Azərbaycanda fiziki və psixoloji işgəncələr əlavə cəza növünə çevrilib. Bu, qanunvericilikdə nəzərdə tutulmasa da, hüquq mühafizə orqanlarının, Penitensiar Xidmətin fəaliyyətində əlavə cəza növü kimi diqqət çəkir. Zaman-zaman həm bizim təşkilat, həm də bu müəssisələrdə cəza çəkən şəxslər faktlara söykənən məlumatlar yayırlar", –  Rüfət Səfərov bildirib.

Məhkumlar saytımız vasitəsilə növbəti dəfə Ombudsmana, Penitensiar Xidmətin rəhbərliyinə və Baş Prokurorluğa 7 saylı Cəzaçəkmə Müəssisəsində baş verən işgəncələrlə bağlı müraciət edərək bu halların araşdırılmasını xahiş edib.

Məsələ ilə bağlı Penitensiar Xidmətlə əlaqə saxlamaq mümkün olmayıb.

7 saylı Cəzaçəkmə Müəssisəsindən isə sualları eşitdikdə şikayətçi məhkumların adını soruşublar. Bunun konfidensial saxlanıldığı bildirildikdən sonra isə telefonu söndürüblər.

Ombudsman Aparatı “Abzas Media”nın  telefonla ünvanladığı sualları cavablandırmaqdan imtina edib. Qurumdan bildirilib ki, bu kimi hallarla bağlı Ombudsman Aparatına yazılı formada müraciət etmək lazımdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun