35 məntəqə seçki komissiyası nəticələrinin ləğvi ümumi nəticəyə təsir etməyib

35 məntəqə seçki komissiyası nəticələrinin ləğvi ümumi nəticəyə təsir etməyib Arxiv foto: sosial media
16 Sentyabr 2024
Mətni dəyiş

"Abzas Media"nın pozuntu aşkarladığı 4 məntəqənin nəticələri ləğv edilib, 3 komissiya buraxılıb

Sentyabrın 16-da Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib və bir sıra məntəqə seçki komissiyaları buraxılıb. 

İclasda çıxış edən Məzahir Pənahov və müavini Rövzət Qasımov bildiriblər ki, artıq şikayətlərə baxılma məsələsi yekunlaşır. Qeyd olunub ki, daxil olan şikayətlərdən də əlavə 1500-dən çox paylaşım araşdırılıb.

Daha sonra Rövzət Qasımov pozuntular aşkarlanan 36 məntəqənin nəticələrinin ləğvini və məntəqə seçki komissiyalarının buraxılmasını təklif edib. 

Bundan sonra MSK sədri çıxış edərək bildirib ki, bu 36 məntəqədən biri - 119 saylı Ağdam seçki dairəsi üzrə 21 saylı məntəqədə pozuntunu edən bir məntəqə üzvüdür, ona görə ümumilikdə komissiyanı buraxmaq düzgün olmaz. Sırf pozuntunu edən komissiya üzvü cəzalandırılmalıdır. 

Məzahir Pənahovun çıxışını MSK üzvləri də dəstəkləyiblər və 119 saylı Ağdam seçki dairəsi üzrə 21 saylı məntəqsində nəticələr ləğv edilsə də, komissiya buraxılmayıb.

Bu, "Abzas Media"nın pozuntu aşkarladığı məntəqədir. Yayılan görüntülərdən aydın olurdu ki, iki məntəqə üzvü seçki qutusuna dəfələrlə bülleten atır. 

"Abzas Media"nın bu seçkidə pozuntu aşkarladığı bütün məntəqələrin - 104 saylı Gədəbəy seçki dairəsinin 20, 25, 34 saylı və 119 saylı Ağdam seçki dairəsinin 21 saylı seçki məntəqəsinin nəticələri ləğv edilib, 3-nün komissiyası buraxılıb.

Ümimilikdə 35 seçki məntəqəsinin seçki məntəqə komissiyası buraxılıb. Ancaq nəticələrin ləğv olunması və komissiyaların buraxılması seçkilərin ümumi nəticələrinə təsir göstərməyib. 

Sentyabrın 1-də Milli Məclisə növbədənkənar parlament seçkiləri keçirilib. Bu gün açıqlanan son nəticələrə görə, dairələr üzrə deputat seçilmiş şəxslərin adları müəyyənləşib. VI çağırışda deputat seçilən 121 nəfərdən 89-u yenidən mandat qazanıb. Parlament çoxluğunu yenə də hakim Yeni Azərbaycan Partiyası (YAP) təşkil edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun