Ölkə üzrə ictimai nəqliyyatın qiyməti dəfələrlə artsa da, keyfiyyət artımı olmayıb

Ölkə üzrə ictimai nəqliyyatın qiyməti dəfələrlə artsa da, keyfiyyət artımı olmayıb Foto: BakuPost
7 Avqust 2024
Mətni dəyiş

Elməddin Muradlı: "Hazırda "metallom"da olmalı olan avtobuslar Bakı kəndlərində, qəsəbələrdə sərnişindaşımada istifadə olunur"

Avqustun ilk həftəsində ölkədə avtobusların iştirakı ilə 3 nəqliyyat hadisəsi baş verib. Bunlardan birində 1 nəfər ölüb, 18 nəfər yaralanıb.

Avqustun 2-də Bakı-Sumqayıt yolunda 42 nömrəli marşrut xətti üzrə hərəkət edən "Isuzu NP 37" markalı mikroavtobus Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən başqa avtobusla toqquşub. 

Avqustun 5-də paytaxtın Yasamal rayonunda 165 nömrəli marşrut xətti üzrə hərəkət edən "Daewoo BS090" markalı avtobus gecə saatlarında park halında olduğu halda əl əyləci sistemində yaranmış problemə görə hərəkət edib və 19 avtomobilə zərər verib.

Son olaraq avqustun 6-da Səbail rayonu Badamdar qəsəbəsi ərazisində “KamAZ” markalı yük maşını ilə 31 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo BS090" markalı avtobus toqquşub.

"Abzas Media"nın araşdırmaları göstərir ki, Bakı-Sumqayıt yolunda qəzaya düşən "Isuzu NP 37" markalı mikroavtobus 12 ildən çoxdur, Bakıda nəqliyyat hadisələrinin iştirakçısı olan "Daewoo BS090" markalı 2 avtobus isə 10 ildən çoxdur istismar olunur. 

Ancaq son illərdə dəfələrlə artırılan ictimai nəqliyyat qiymətləri, əsasən, ictimai nəqliyyatın təşkilinin keyfiyyət artımı ilə əlaqələndirilib. İctimai nəqliyyatda isə bazar dəyəri 30-40 min manat arası olan köhnə avtobuslar istifadə olunur. 

Ölkə üzrə avtobusla sərnişindaşımada ümumi standartlar olmasa da, Bakıda bu standartlar var. Yəni, Bakıdan kənar ərazilərin idarəçiləri də bu qaydaları tətbiq etmək də sərbəstdirlər.

Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara dair tələblər hələ 2019-cu il 4 mayda Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunub.


Beləliklə, bu sərnişindaşımada istifadə olunan avtobuslar onlar üçün irəli sürülən milli və beynəlxalq standartlara və normativlərə uyğun texniki təchizata malik olmalıdır.

 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun saz vəziyyətdə saxlanılmalıdır. 

Dövri texniki baxışdan keçməmiş avtobuslar sərnişindaşımada istifadə edilməməlidir. 

Avtobuslar salonu isitmə və sərinləşdirmə funksiyalı tam havalandırma sistemi ilə, əlilliyi olan şəxslər üçün təkərli oturacaqların və uşaq arabalarının girişi və çıxışı üçün mexanizm ilə, nağdsız ödənişin aparılmasına imkan verən avadanlıqla, maksimal sürəti məhdudlaşdırmağa imkan verən qurğu ilə, bütün salonu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən və qeydə aldığı məlumatları ən azı 15 gün saxlaya bilən (video) yaddaş qurğusu ilə təchiz edilməlidir. 

Eyni zamanda qəza vəziyyətində edilməli olan və digər fəaliyyətləri nəzrədə tutan bir sıra təlimatlar da bu sənəddə təqdim olunub.

"Daşıyıcı şirkət düşünür ki, mən bu 50 qəpik gediş haqqı ilə 600 min manatı nə vaxt yığacam, qazanılan vəsait texniki xərclərə çatacaqmı?"

Nəqliyyat ekserti Elməddin Muradlı deyir ki, daşıyıcı şirkətlərə dövlət dəstəyi olmasa, ictimai nəqliyyatda keyfiyyət artımını ən azı yaxın müddət üçün gözləmək olmaz. 

Onun fikrincə, daşıyıcı şirkətlər dövlətdən subsidiya gözləyirlər. Bu dəstək olmasa, onların işi çox çətin olacaq.

"İndi şərt qoyulur ki, yalnız elektrik avtomobilləri gətirilsin. Elektrikli avtobusun qiyməti isə dizel yanacaqlı 2 avtobusun qiymətinədir. Yəni, 600 min manatdan yuxarıdır". 

Ekspert deyir ki, Abşeronda və Bakıdan kənarda bir çox yerlər var ki, orada ictimai nəqliyyatın yaxşı vəziyyətdə olduğunu demək çətindir. 

Onun fikrincə, hazırda "metallom"da olmalı olan nəqliyyat vasitələri Bakı kəndlərində, qəsəbələrdə sərnişin daşımada istifadə olunur. 

"Bu da insanların həyatı üçün çox təhlükəlidir. Bunlar yığışdırıla bilərmi? Ola bilər, amma onda da insanlar yolda qalacaq. Yəni, bu məsələ kompleks şəkildə hər yerdə həll olunmalıdır", - Elməddin Muradlı bildirib. 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qəzalarla bağlı rəsmi açıqlamalar versə də, açıqlamada avtomobillərin texniki göstəriciləri məsələsinə toxunulmayıb. 

Yalnız Yasamalda park halında olan avtobusun hərəkət edib 19 avtobusa zərər verməsindən danışan agentliyin sözçüsü bildirib ki, onlar ehtimal edirlər ki, qəza avtobusun əl əyləci sistemində yaranan nasazlığa görə olub və dəyən bütün zərər ödəniləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun