Jurnalistləri Müdafiə Komitəsi: Azərbaycan hakimiyyəti “Abzas Media” əməkdaşlarını dərhal azad etməlidir

Jurnalistləri Müdafiə Komitəsi: Azərbaycan hakimiyyəti “Abzas Media” əməkdaşlarını dərhal azad etməlidir
21 Avqust 2024
Mətni dəyiş

JMK Azərbaycan hakimiyyətini “Abzas Media” jurnalistlərinin üzərindən bütün ittihamları götürməyə və onları dərhal azat etməyə çağırıb

Mərkəzi Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) avqustun 20-də “Abzas Media” əməkdaşlarına qarşı yeni ittihamların irəli sürülməsini qınayan bəyanat yayıb.

Bəyanatda deyilir ki, son günlərdə azərbaycanlı müstəntiqlər korrupsiya araşdırmaları aparan “Abzas Media” müstəqil onlayn nəşrinin altı jurnalistini Qərb donor təşkilatlarından maliyyələşdirmə iddiası ilə bağlı yeddi yeni iqtisadi cinayətdə ittiham edib.

“Azərbaycan hakimiyyətinin “Abzas Media”nın həbsdəki araşdırmaçı jurnalistlərinə qarşı yeni ittihamlar irəli sürməsi yüksək vəzifəli məmurların korrupsiyasını cəsarətlə ifşa edən bir media orqanına qarşı qisasçılıq motivinə dəlalət edir. Hökumət “Abzas Media” əməkdaşlarına qarşı bütün ittihamları ləğv etməli və Qərbdən maliyyə dəstəyi aldığı iddiası ilə saxlanılan bütün jurnalistləri dərhal azadlığa buraxmalıdır”, - JMK-nin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Səid bildirib.

Polis “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov və jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımovanı 2023-cü ilin noyabrından 2024-cü ilin yanvarına qədər valyuta qaçaqmalçılığı ittihamı ilə həbs edib.

Təşkilatın bəyanatında qeyd edilir ki, bu jurnalistlər Azərbaycanla Qərb arasında münasibətlərin gərginləşməsi fonunda Qərbdən gəldiyi iddia edilən donor maliyyələşdirməsi ilə bağlı valyuta qaçaqmalçılığı etməkdə ittiham olunan dörd müstəqil media orqanının 13 əməkdaşı arasındadırlar.

Onlara qarşı irəli sürülən yeni maddələrlə jurnalistlər xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınmada ittiham olunurlar.

“Abzas Media”nın repressiyalardan ehtiyat edərək adının gizli saxlanılmasını istəyən bir əməkdaşı Jurnalistləri Müdafiə Komitəsinə jurnalistlərin bu ittihamları rədd etdiyini bildirib. Onlar ittihamları “Abzas Media”nın yüksək səviyyəli korrupsiya araşdırmalarına son qoymaq cəhdi” kimi qiymətləndiriblər.

Təşkilatla danışan Ülvi Həsənli və Elnarə Qasımovanın vəkilləri Zibeydə Sadıqova və Bəhruz Bayramovun sözlərinə görə, yeni ittihamlar potensial həbs müddətini 8 ildən 12 ilə qədər artırıb.

Jurnalistləri Müdafiə Komitəsi bəyanatın sonunda qeyd edir ki, qurumun şərh almaq üçün Azərbaycan Daxili İşlər Nazirliyinə göndərdiyi elektron məktuba cavab verilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun