Jurnalistin həbs müddəti uzadılıb: “Cinayətlərini araşdırdığımız adamlarla yerlərimiz səhv düşüb”

Jurnalistin həbs müddəti uzadılıb: “Cinayətlərini araşdırdığımız adamlarla yerlərimiz səhv düşüb” Foto: sosial media
10 Avqust 2024
Mətni dəyiş

Polis 10 aya yaxındır davam edən istintaqı bitirmir və bu müddətdə jurnalistlər həbsdə saxlanılır 

“Abzas Media işi” üzrə həbs edilmiş jurnalist Elnarə Qasımovanın həbs müddəti 1 ay 7 gün uzadılıb.

“Abzas Media”ya bu barədə jurnalistin müdafiəçisi Bəhruz Bayramov məlumat verib. Vəkil bildirib ki, həbs müddətinin uzadılması ilə bağlı təqdimata Xətai rayon məhkəməsinin hakimi Rafail Sadıxov baxıb. 

“Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) müstəntiqi Nahid Abbaslı jurnalistin həbs müddətinin uzadılması ilə bağlı təqdimatı məhkəməyə təqdim etdi, hakim də müddəti 1 ay 7 gün uzatdı”.

Məhkəmədə çıxış edən jurnalist Elnarə Qasımova bildirib ki, onun həbsi, həbs müddətinin uzadılması “Abzas Media”da dərc olunan korrupsiya araşdırmalarına görədir:

“Biz yüksək vəzifədə olan məmurlarla bağlı korrupsiya araşdırmaları aparmışıq. Prezidentin ailəsini araşdırmışıq. Ölkədə hər şey bir nəfərin əlində cəmlənib və bizim yerimiz korrupsiya cinayətlərini araşdırdığımız adamlarla səhv düşüb”.

Bundan əvvəl də jurnalistin həbs müddəti 2 dəfə uzadılıb. Bu iş üzrə həbs olunan digər jurnalistlərin də həbs müddətləri bir neçə dəfə artırılıb. 

Son olaraq bu ilin iyununda iş üzrə istintaq müddəti də sentyabrın 20-nə qədər uzadılıb. 

Yerli və beynəlxalq qurumlar həbs müddətlərinin uzadılmasına reaksiya verərək bunun jurnalistləri daha çox həbsdə saxlamağa hesablandığını bildiriblər.

“Abzas Media” müstəqil nəşri Azərbaycan hökumətinin rəhbər şəxsləri və onların yaxınları ilə bağlı korrupsiya araşdırmaları dərc etdikdən sonra hədəfə gəlib.

Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, yanvarın 13-də isə jurnalist Elnarə Qasımova saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.

Məhkəmə istintaq zamanı prokurorluğun ittihamlarını əsaslı hesab etsə, jurnalistləri 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Jurnalistlər isə ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun