Həbsdə olan serebral iflic xəstəsi aclıq aksiyasına başlayıb

Həbsdə olan serebral iflic xəstəsi aclıq aksiyasına başlayıb Foto: Sosial Media
16 Avqust 2024
Mətni dəyiş

Hüquq müdafiəçisi: “Hökumət tənqidçilərinə çatdırmaq istəyir ki, biz tənqidi fikirlərinə görə hətta birinci qrup əlili də bağışlamırıq” 

Tənqidi paylaşımlardan sonra narkotik ittihamı ilə həbs olunan serebral iflic xəstəsi, 1-ci qrup əlil Famil Xəlilov saxlanıldığı istintaq təcridxanasında aclıq aksiyasına başlayıb. 

Abzas Media-ya bu barədə “Müdafiə xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov məlumat verib. Onun sözlərinə görə, Xəlilov daha əvvəldən aclıq aksiyası etsə də, rəsmi olaraq bununla bağlı təcridxana rəhbərliyinə avqustun 15-də müraciət edilib. 

Famil Xəlilov xəstəliyilə əlaqədar əllərini işlədə bilmədiyi üçün özü ehtiyaclarını ödəyə və qida qəbul edə bilmir. Yaxınları deyir ki, Familin kamera yoldaşları artıq ona kömək etmək istəmirlər, yorulublar. O da utanıb heç kimdən heç nə istəmir və bir neçə gün ac qalıb. 

Famil Xəlilov da düşdüyü bu çətin vəziyyətdən bezib, qanunsuz həbsinə etiraz olaraq aclıq aksiyasına başlayıb. 

“Bunu qolları iflic olan birinci qrup əlilə qarşı hakimiyyətin amansız münasibəti kimi qiymətləndirirəm. Hakimiyyət bununla tənqidçilərinə çatdırmaq istəyir ki, biz tənqidi fikirlərinə görə hətta birinci qrup əlili, serebral iflic xəstəsini də bağışlamırıq. Famil Xəlilova ona görə bu münasibət göstərilir ki, yerdə qalan tənqidçilərin də gözlərinin odunu alsınlar”, - deyə Rüfət Səfərov bildirib. 

Famil Xəlilov keçmiş siyasi mühacirdir, ötən il İsveçdən redmissiya edilib. Xəlilov bundan sonra da sosial şəbəkə hesablarında Azərbaycan hökumətini tənqid edən fikirlər paylaşıb. 

Xəlilov bu ilin may ayında evinə olan polis basqını ilə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. Bu maddə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun