Deputata silahlı hücum edənlərə 4 ildən ömürlük həbsə qədər cəza kəsilib

Deputata silahlı hücum edənlərə 4 ildən ömürlük həbsə qədər cəza kəsilib Foto: qafqazinfo.az
13 Avqust 2024
Mətni dəyiş

Bu iş üzrə cəlb olunmuş bir neçə şəxs günahsız olduqları üzə çıxdıqdan sonra narkotik ittihamı ilə həbs edilib

Avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində VI çağırış Milli Məclisin deputatı Fazil Mustafaya silahlı hücumda təqsirləndirilən şəxslərin işi üzrə hökm oxunub. Hökmü Elnur Nuriyevin sədrlik etdiyi hakimlər heyəti çıxarıb.

İş üzrə təqsirləndirilən Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il azadlıqdan məhrum ediliblər. Bundan əvvəlki prosesdə dövlət ittihamçısı onlara təxminən eyni cəzanın verilməsini istəmişdi. 

Ötən il martın 28-də millət vəklinə evinin qarşısında silahlı hücum olduğu açıqlanandan sonra iş üzrə cəlb olunanlar təkcə bu şəxslər deyildi. Həmin ərəfələrdə Fazil Mustafanın qonşusu Yunis Quliyev də saxlanılıb. Amma günahsız olduğu üzə çıxandan sonra o, sərbəst buraxılmayıb, narkotiklərin satışında ittiham olunub. 

Quliyev bildirib ki, polis şöbəsində işgəcələrə məruz qalıb və həyat yoldaşı ilə təhdid olunub. Bu sırada onun həyat yoldaşı da polis şöbəsinə gətirilib. 

Sonradan isə Bakı Apellyasiya Məhkəməsi onun günahsız olduğu qənaətinə gəlib və azadlığa buraxıb. 

Anoloji hadisə millət vəkilinin yaşadığı ərazidə qəssablıqla məşğul olan inanclı İlkin Süleymanovun da başına gəlib. O da Fazil Mustafaya qarşı sui-qəsdçi kimi təqdim olunsa da, daha sonra narkotik ittihamı ilə məhkəmə qarşısına çıxarılıb.

Rəsmi açıqlamaya əsasən, deputata qarşı silahlı hücum ötən il martın 28-də Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. İstintaq materiallarında qeyd olunur ki, Fazil Mustafaya yaşadığı evin qarşısında "Kalaşnikov" avtomat silahından atəş açılıb. 

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Azərbaycan rəsmiləri bu hadəsiəni terror kimi xarakterizə ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun