BMT-nin məruzəçisi: “Hökümətin "Abzas Media" ilə bağlı iddiaları yalan saymasından narahatam”

BMT-nin məruzəçisi: “Hökümətin "Abzas Media" ilə bağlı iddiaları yalan saymasından narahatam” Foto: sosial media
15 Avqust 2024
Mətni dəyiş

Meri Laulor deyir ki, “Abzas Media işi” ilə yanaşı hüquq müdafiəçisi Anar Məmmədlinin də məsələsi hökumət qarşısında qaldırılıb

Avqustun 15-də BMT-nin insan hüquqları müdafiəçiləri ilə bağlı xüsusi məruzəçisi Meri Laulor "Abzas Media" və Anar Məmmədlinin işləri üzrə açıqlama verib.

O, Azərbaycanda həbsdə olan jurnalistlərin və hüquq müdafiçilərinin həbs olunmasından narahat olduğunu bildirib. 

“Son aylarda Azərbaycanda hüquq müdafiəçiləri və jurnalistlərin cinayət məsuliyyətinə cəlb edilib həbs olunmasının şahidi oldum. Bu həbslərlə bağlı hökumətin qarşısında iki iş üzrə məsələ qaldırdım”. 

BMT-nin məruzəçisi deyib ki, qaldırılan məsələlər arasında əsasən insan hüquqları problemlərini işıqlandıran və korrupsiya araşdrımaları ilə tanınan “Abzas Media”nın direktoru Ülvi Həsənlinin, redaktoru Sevinc Abbasovanın (Vaqifqızı), jurnalistləri Nərgiz Absalamova və Elnarə Qasımovanın, eyni zamanda müstəqil araşdırmaçı jurnalist Hafiz Babalının həbsi məsələsi var. 

Bununla bərabər, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədlinin həbsi də hökumətin qarşısında qaldırılan məsələlərdən biridir.

“Anti-korrupsiya araşdırmaları, seçkilərin azad şəkildə monitorinqi və beynəlxalq insan haqlarının müdafiəsi legitim insan hüquqları işidir. Bu tipli işlərə və ifadə azadlığından istifadəyə görə qisas almaq beynəlxalq insan hüquqlarının açıq şəkildə pozulmasıdır”, - deyə Laulor vurğulayıb.

Məruzəçi bildirib ki, “Abzas Media”nın ofisindən və həbs edilmiş jurnalistlərin, hüquq müdafiəçilərinin evlərindən elektron cihazların və sənədlərin götürülməsi, onların korrupsiyaya qarşı araşdırmaları ilə əlaqəli mənbələrinə təhlükə yaradıb. 

O qeyd edib ki, bütün bu baş verənlərlə yanaşı həbs edilən şəxslərin vəkillərə çıxışı və bəzi hallarda hətta onların ailələri ilə əlaqə saxlamaları məhdudlaşdırılıb. Həbs edilən fəalların yaxınlarının bank hesabları dondurulub.

“Azərbaycanın 6 ildən artıqdır ki, Məmmədli işində ədaləti bərpa etməməsi ölkə daxilində səmərəli hüquqi müdafiə vasitələrinin olmadığını üzə çıxarır və hüquq müdafiəçilərinin hüquqlarının pozulması hallarının təkrarlana biləcəyi ilə bağlı narahatlıq yaradır”, - deyə Laulor bildirib. 

Xüsusi Məruzəçi bu məsələlərlə bağlı Azərbaycan hökuməti ilə əlaqə saxlayıb və hökumət onun sorğusuna cavab verib. Laulor deyir ki, hökümətin "Abzas Media" ilə bağlı iddiaları yalan saymasından narahatdır.

"Azərbaycanda bütün hüquq müdafiəçiləri və jurnalistlər hədə-qorxu və təqiblərə məruz qalmadan azad və təhlükəsiz mühitdə işləmə imkanlarına sahib olmalıdırlar".

Ötən ilin noyabrından etibarən Azərbaycanda korruspiya araşdırmaları dərc edən "Abzas Media"nın rəhbərliyi də daxil olmaqla ümumilikdə 6 əməkdaşı "qaçaqmalçılıq" ittihamı ilə həbs edilib. Sonradan SMDT rəhbəri Anar Məmmədli də bu iş üzrə istintaqa cəlb olunub, amma sonradan onun işinin icraatı “Abzas Media işi”ndən ayrılıb. 

Yerli və beynəlxalq hüquq müdafiəçiləri bu həbsləri əsassız hesab edirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun