60 gündən çoxdur aclıq edən iqtisadçı alim “cinsi təcavüzlə hədələndiyini” deyib

60 gündən çoxdur aclıq edən iqtisadçı alim “cinsi təcavüzlə hədələndiyini” deyib Foto: Amerikanın Səsi
19 Avqust 2024
Mətni dəyiş

Qubad İbadoğlu ilə eyni iş üzrə həbs edilən Fazil Qasımov onların cinayət işlərinin ayrılmasını əsassız hesab edir və işgəncələr altında yalan ifadə verməli olduğu üçün məhkəmədə bu işlərə birlikdə baxılmasını istəyir

Fazil Qasımov ötən ilin avqust ayında iqtisadçı Qubad İbadoğluna qarşı açılan cinayət işi çərçivəsində Türkiyədə saxlanılıb və Azərbaycana ekstradisiya edilib.

İbadoğlu ilə əlbir cinayət törətməkdə ittiham olunan Qasımov daha üç nəfərlə birlikdə eyni gündə həbs edilib.

Korrupsiya araşdırmaları edən iqtisadçı alim Qubad İbadoğlu 2023-cü il iyulun 23-də mütəşəkkil qrup tərəfindən saxta pul və ya qiymətli kağızların hazırlanması, əldə edilməsi və ya satılması ittihamı ilə həbs edilib. Daha sonra ona dini ekstremizmi təbliğ edən materialların hazırlanması, saxlanması və ya yayılması ittihamı da irəli sürülüb.

Bir ildir həbsdə saxlanılan Fazil Qasımov bu il iyunun ortalarından aclıq aksiyasına başlayıb.

Cümə axşamı Meydan TV-nin yazdığına görə, iyulun 16-da Qubad İbadoğlunun işi Fazil Qasımov və onlarla eyni iş çərçivəsində həbs edilən digər şəxs - Anar Əliyevin işlərindən ayrılıb və bu səbəbdən hazırda məhkəmədə Fazil Qasımovla Anar Əliyevin işinə baxılır.

Xəbər Qubad İbadoğlunun vəkilinin onun işinin qeyri-müəyyən müddətə “dondurulduğunu” təsdiqləməsindən bir gün sonra gəlib.

“Mənə işgəncə verdilər, ailəmlə hədələdilər”

Məhkəməyə müraciətində Fazil Qasımov onun və Anar Əliyevin işinin İbadoğlunun işindən ayrılması qərarının əsassız olduğunu bildirib:

“Biz eyni maddə ilə, eyni əməldə və əlbirlikdə ittiham olunuruq. İyunun 22-dən 30-dək Türkiyədə saxta dollarlar əldə etdiyim, Qubad İbadoğluna verdiyim, daha sonra Azərbaycana gətirdiyim iddia edilir”, - deyə o vurğulayıb.

Qasımovun müraciətdə həmçinin deyilir:

“Mənə işgəncə verdilər, ailəmlə hədələdilər, özümə və Qubad İbadoğluna qarşı yalan ifadə verməyə məcbur etdilər”.

O daha sonra bildirib ki, Baş prokurora və İnsan Hüquqları Müdafiəçisinə - Ombudsmana müraciət edərək işgəncəyə və ləyaqəti alçaldan rəftara məruz qalması barədə ifadə verib.

“Mən orada işgəncələrə və qeyri-insani rəftara məruz qaldığımı göstərdim. Belə bir vəziyyətdə yalan ifadə verməkdən imtina etdiyimi bildirdim. Həmin ifadələrə görə, guya üçümüz - Qubad İbadoğlu, Anar Əliyev və mən videozəng vasitəsilə danışmışıq. Əslində isə belə bir şey olmayıb. Bu işə obyektiv və ədalətli baxılması üçün digər işlə birləşdirilməlidir”.

Vəkilləri Telman Qasımov və Rövşanə Rəhimli onun 60 gündən artıq aclıq aksiyasından sonra Qasımovun səhhətində narahatlıq yarandığını bildiriblər. Onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət qaldırıblar, məhkəmə bu vəsatəti təmin etməyib.

Hüquq müdafiəçisi Rüfət Səfərov özünün Facebook hesabında qeyd edib ki, Nazim Qasımov 66 gündür ki, aclıq edən qardaşı Fazil Qasımovla görüşüb və onun çəkisinin 42 kiloqrama düşdüyünü deyib.

Fazil Qasımov böyük qardaşı Nazim Qasımova bunları deyib:

"Əgər ölüm xəbərini eşitsən, qəti özünü itirmə. Səndən çox xahiş edirəm, bacardığın qədər anamdan gizlət. Nəsə olsa, qoy uzun müddət bilməsin. Söz verirsən?"

Bu ilin may ayında iqtisadçı alim Qubad İbadoğlunun həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. İyulda isə Daxili İşlər Nazirliyi onun işini qeyri-müəyyən müddətə “dayandırıb”.

İbadoğlunun vəkili Zibeydə Sadıqova avqustun 14-də yazılı sənədlə işin dayandırıldığını təsdiqləyib.

“İlkin istintaq dövründə işin dondurulması ittihamı götürmür. Bu müddət ərzində təqsirləndirilən şəxsin ölkədən çıxışına qoyulan qadağa qüvvədə qalır”, - deyə sənəddə qeyd edilib.

Qubad İbadoğlunun həbsi ölkə daxilində və beynəlxalq səviyyədə tənqid və qınaqlara səbəb olub, beynəlxalq təşkilatlar dəfələrlə onun azadlığa buraxılmasına çağırıblar.

Həbs olunmazdan əvvəl Qubad İbadoğlu Böyük Britaniyanın prestijli London İqtisadiyyat Məktəbində qonaq müəllim olaraq çalışıb. O, Azərbaycana xəstə olan anasını ziyarətə gələrkən həbs olunub.

Cümə günü “The Guardian” yazıb ki, bir qrup britaniyalı deputat İbadoğlunun işinə xitam verilməsi üçün Bakıya müraciət edib.

“Azərbaycan məhkəmələri indi işi dondurub, məhkəmə prosesini ləğv edib və doktor İbadoğlunu qeyri-müəyyən müddətə girov saxlamağa çalışır. Sizdən xahiş edirik ki, onu qeyd-şərtsiz azad edəsiniz, xaricdə müalicə almasına icazə verəsiniz və ailəsinə qovuşdurasınız”, - bəyanatda deyilir.

Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun