Müsavat parlament seçkilərində iştirak edəcək

Müsavat parlament seçkilərində iştirak edəcək
4 İyul 2024
Mətni dəyiş

Partiya iyulun 1-də yaydığı bəyanatda seçkilərin qeyri-demokratik şəraitdə keçiriləcəyini bildirmişdi

Müxalifətdə olan Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcəyi barədə qərarını açıqlayıb. 

Qərar partiya məclisinin 4 iyulda keçirilən iclasında qəbul edilib. Bu haqda Müsavat Partiyasından məlumat verilib. Amma hələlik partiyanın rəsmi infomasiya orqanlarında qarar və əsaslandırıma ilə bağlı heç bir məlumat dərc olunmayıb.

Ancaq iyulun 1-də partiya bəyənat yayaraq bildirib ki, cəmiyyətdən gələn çağırışlara baxmayaraq, Milli Məclisə seçkilər ərəfəsində zəruri siyasi islahatlar həyata keçirilməyib:

– seçkiqabağı demokratik şərait üçün zəruri olan hüquq və azadlıqların məhdudlaşdırılması davam etdirlib.

– vətəndaşların sərbəst toplaşma, söz və ifadə azadlığı təmin edilməyib.

– siyasi məhbuslar azadlığa buraxılmayıb, əksinə, seçki ərəfəsində siyasi və ictimai fəalların, jurnalistlərin həbsi kütləvi xarakter alıb.

– seçki qanunvericiliyində demokratik dəyişikliklərin edilməsi, proporsional seçki sisteminin bərpası, seçki komissiyalarında iddiaçı tərəflərin təmsilçiliyinin təmin edilməsi çağırışları cavabsız qalıb.

– seçki kampaniyası dövründə iddiaçı tərəflərin bərabərhüquqlu təbliğat imkanlarının təmin edilməsi üçün zəruri normativ aktlar qəbul olunmayıb.

Müsavat partiyasına 10 illik fasilədən sonra yenidən İsa Qəmbər başçılıq edir. Partiyanın bu il mayında keçirilən qurultayında İsa Qəmbər Arif Hacılını əvəz edib. Arif Hacılıya qədərki dövrdə də partiya başqanı İsa Qəmbər idi. 

Hələlik digər siyasi partiyalar seçkilərdə iştirakla bağlı qərarlarını açıqlamayıblar. Ancaq bu müddətdə Respublikaçı Alternativ Partiyası (REAL), Ağ Partiya və Vətəndaş Həmrəliyi Partiyasının (VHP) səlahiyyətli nümayəndələri Mərkəzi Seçki Komissiyasında (MSK) qeydiyyata alınıblar.

Ölkə prezidentinin sərəncamı ilə növbədənkənar parlament seçkiləri 1 sentyabra təyin edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun