Məhkəmə iqtisadçı Fərid Mehralızadəni həbsdə saxlayıb

Məhkəmə iqtisadçı Fərid Mehralızadəni həbsdə saxlayıb Foto: Sfera
3 İyul 2024
Mətni dəyiş

O, Abzas Media ilə əlaqəsi olmasa da, bu iş üzrə istintaqa cəlb olunmuş vətəndaş cəmiyyəti təmsilçilərindən biridir 

İyulun 3-də məhkəmə iqtisadçı Fərid Mehralızadənin ev dustaqlığına buraxılması ilə bağlı verilmiş vəsatətə baxıb. 

Abzas Media-ya bu barədə onun yaxınları məlumat verib. 

Bildirilib ki, Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyilə keçirilən prosesdə müdafiə tərəfinin verdiyi vəsatət təmin edilməyib. 

Fərid Mehralızadəni mayın 31-də işdən çıxarkən polis saxlayıb. Daha sonra onun evində axtarış aparılıb.

İyunun 1-də ona qarşı “Abzas Media işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Xətai rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 20 gün həbs qətimkan tədbiri seçilib.

Elə həmin gün “Abzas Media”nın müvəqqəti rəhbərliyi bəyanat yayaraq Mehralızadənin bu media qurumu ilə heç bir əməkdaşlığının və əlaqəsinin olmadığını bildirib.

Ötən ilin noyabrından etibarən “Abzas Media”nın 6 əməkdaşı “qaçaqmalçılıq” ittihamı ilə həbs olunub. Bir neçə başqa şəxs də bu iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub və ya şahid qismində dindirilib.  

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu təqibləri siyasi motivli hesab edir və həbs olunanların azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun