COP29-a görə Bakıdakı bəzi şadlıq saraylarında toylar qadağan ediləcək

COP29-a görə Bakıdakı bəzi şadlıq saraylarında toylar qadağan ediləcək Foto: Sosial Media
30 İyul 2024
Mətni dəyiş

Hüquqşünas hesab edir ki, hökumət müdaxilə edirsə və sahibkarlıq fəaliyyəti dayanırsa, bunun əvəzi ödənilməlidir

Noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar bəzi şadlıq saraylarında toyların keçirilməsi dayandırılacaq.

Bu barədə məlumatı hökumətyönlü “Report” informasiya agentliyi yayıb. Məlumatda qeyd olunub ki, artıq tədbirin baş tutacağı Bakı Olimpiya Stadionu ətrafındakı bəzi şadlıq sarayları noyabrın 8-dən 22-nə qədər olan sifarişləri qəbul etmir.

Sahibkarlar bunu onunla əsaslandırıblar ki, həmin ərəfələrdə Bakıda çoxlu qonaqlar olacaq və sıxlıq olmaması üçün bu cür dəstək addımı atırlar. Ancaq bunun dövlət orqanlarından gəlmiş şifahi tapşırıq olub-olmadığı dəqiq deyil.

Hüquqşünas Əsabəli Mustafayev deyir ki, Azərbaycanda belə vəziyyətlərin necə idarə olunması ilə bağlı təkmil qanunvericilik bazası yoxdur. Onun sözlərinə görə, bir çox ölkələrin qanunvericiliklərində belə hallarda necə davranılmasını müəyyən edən müddəalar mövcuddur.

“Məsələn, hansısa ərazilərdə belə tədbirlər keçirilirsə, sıxlığın qarşısını almaq, təhlükəsizliyi təmin etmək üçün qismən fövqəladə vəziyyət elan olunur və fövqəladə hallarda nəzərdə tutulan qadağalar və imtiyazlar tətbiq edilir. Məhdudiyyətlər tətbiq olunan ərazilərdə kompensasiya da verilir.

Azərbaycanda da belə olmalıdır. Amma təəssüf ki, belə halda hansı addımların atılması bizim yerli qanunlarla tam nizamlanmayıb. Qanunla nizamlanmadığı üçün konkret ödəniş olmalıdır demirəm, amma məntiqlə, əgər hökumət müdaxilə edirsə və sahibkarlıq fəaliyyəti dayanırsa, bunun əvəzi ödənilməlidir. Pandemiya vaxtı hökumət insanlara dedi ki, işləməyin, evdə oturun. Ona görə də həm fərdi şəxslərə, həm də sahibkarlara kompensasiyalar ödənildi. Ona görə də qanunda olmasa belə, hökumət bu cür davranmalıdır”, - Əsabəli Mustafayev bildirib.

Hələlik məsələ ilə bağlı rəsmi açıqlama olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun