Ayxan İsrafilovun həbs yerində döyülüb 15 gün ailəsindən gizlədildiyi bildirilir

Ayxan İsrafilovun həbs yerində döyülüb 15 gün ailəsindən gizlədildiyi bildirilir Foto: sosial media
15 İyul 2024
Mətni dəyiş

Vəkilinin sözlərinə görə, ictimai fəal bir cəza müəssisəsindən digərinə köçürülərkən mütəmadi içdiyi dərmanların əlindən alınmasına etiraz etdiyi üçün zorakılığa məruz qalıb 

İşçi Masası Həmkarkar İttifaqları Konfederasiyasının idarə heyətinin üzvü Ayxan İsrafilovun saxlanıldığı Cəzaçəkmə Müəssisəsində zorakılığa məruz qaldığı bildirilir. 

Bu barədə onun vəkili Fariz Namazli məlumat yayıb. 

Vəkil bildirib ki, 10 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşları ictimai fəalı döyüb, 15 gün ailəsindən gizlədiblər. Penitensiar Xidmət 15 gün ərzində fəalın ailəsinin və vəkilinin heç bir müraciətinə cavab verməyib. 

“İyunun 29-da Umbakıdakı həbs yerindən çıxarılaraq aparılıb. Ailəsinə hara aparılması, harada olması ilə bağlı heç bir məlumat verilməyib. Ombudsman Aparatı ailəsinə bildirib ki, Ayxan 17 saylı CM-dadır. Ancaq ora gedəndə məlum oldu ki, orda da deyil. 2 saylı CM-ya da getdik, orda da yox idi. Nəhayət, ailəsi 10 saylı müəssisəyə getdikdə, Ayxanın orada olduğu bilindi” - vəkil “Facebook” hesabında yazıb.

O da məlum olub ki, Ayxan İsrafilov müəssisəyə gətirildikdən sonra zorakılığa məruz qalıb. 

Ailəsi bildirib ki, iyunun 29-da müəssisəyə girişdə onun üzərində olan əşyalar yoxlanışdan keçirilib.

“Dərmanların nəyə lazım olduğu soruşulub. Ayxan ayağında problem olduğunu və mütəmadi olaraq dərmandan istifadə etdiyini bildirib. Müəssisə əməkdaşları dərmanları götürmək istədikdə, Ayxan buna etiraz edib. Bu etirazın nəticəsində, müəssisə əməkdaşları onu dəhşətli şəkildə döyüblər. 15 dəfə üzünə şillə və 1 dəfə sinəsinə yumruq vurulub. Daha sonra onu cərimə kamerasına salıblar, hələ də oradadır”, - vəkil yazdığı postda qeyd edir ki, bu məlumatı Ayxan İsrafilovun ailəsindən alıb. 

Məlumatda qeyd olunur ki, İsrafilov cərimə kamerasında da qeyri-insani rəftara məruz qalır. 

“Bu müddətdə yemək verilməyib. Ayxan cəmi 4 yumurta ilə qidalanıb. Bu gün ailəsi ilə görüşdə bilinib ki, Ayxan çox çəki itirib, çətinliklə yeriyir və danışır. O, döyüldükdən sonra ona izahat yazdırmağa çalışıblar ki, guya yoxlanış zamanı müəssisə əməkdaşlarına müqavimət göstərib və onlara müdaxilə edib. Lakin Ayxan bu formada izahat yazmaqdan imtina edib və izahatında şəxsi dərmanlarından istifadəsinə maneə yaradıldığı üçün etiraz etdiyinə görə döyüldüyünü bildirib”, - vəkilin paylaşdığı məlumatda qeyd olunub. 

İyulun 14-də ictimailəşdirilən bu məlumatlarla bağlı nə Penitensiar Xidmət, nə də Ombudsman Aparatı açıqlama verməyib.  

İsrafilov ötən ilin avqustunda saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 234-cü maddəsinin ağır bəndlərilə ittiham irəli sürülsə də, sonradan iş 234.1.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəyə tövsif olunub.

Fəal özü narkotik ittihamını rədd edir və ictimai fəaliyyətinə görə həbs edildiyini deyir. Buna baxmayaraq, bu il aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu bu maddə üzrə təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrum edib. 

Ayxan İsrafilov İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının idarə heyətinin üzvüdür. Bu təşkilat müstəqil fəaliyyət göstərib və xüsusilə kuryerlərin hüquqlarının müdafiəsilə bağlı müxtəlif tədbirlər təşkil edib.

İsrafilovla eyni dövrdə təşkilatın sədri Afiəddin Məmmədov və üzvü Elvin Mustafayev də müxtəlif ittihamlarla həbs ediliblər.

Hüquq müdafiə təşkilatları Ayxan İsrafilovu və digər iki fəalı siyasi məhbus hesab edir, onlara qarşı irəli sürülmüş ittihamları uydurma sayırlar və bildirirlər ki, fəalların həbsləri işçi hüquqlarını müdafiə etdiklərinə görədir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun