Ali Məhkəmə fəalı zorlamaqda təqsirli bilinən şəxslə bağlı hökmü qüvvədə saxlayıb

Ali Məhkəmə fəalı zorlamaqda təqsirli bilinən şəxslə bağlı hökmü qüvvədə saxlayıb Foto: Mikroskop Media
27 İyun 2024
Mətni dəyiş

Sənay Yağmur: “Azərbaycan ədalət sistemi olduqca problemli, ləng və qeyri-peşəkardır”

İyunun 27-də Azərbaycan Ali Məhkəməsində ictimai fəal Sənay Yağmurun işi üzrə həbs olunmuş Əsgər Ağazadənin kassasiya şikayətinə baxılıb.

Sənay Yağmurun vəkili Zibeydə Sadıqovanın Turan-a verdiyi məlumata görə, Ali Məhkəmə şikayəti təmin etməyib.

“Təqsirləndirilən şəxs ona bəraət verilməsini istəyib. Lakin məhkəmə heyəti şikayəti təmin etməyib və digər instansiyaların qərarlarını qüvvədə saxlayıb", deyə Zibeydə Sadıqova bildirib.

Zərərçəkmiş Sənay Yağmur “Abzas Media”ya bildirib ki, Ali Məhkəmənin qərarından razıdır, amma cəza müddətinin hələ də çox az olduğunu düşünür. Bununla belə, ictimai fəal məhkəmə sisteminin ləng işləməsindən narazılıq edib:

“Bütün bu dörd illik proses barəsində onu deyə bilərəm ki, Azərbaycan ədalət sistemi olduqca problemli, ləng və qeyri-peşəkardır. Bu tipli həssas mövzularda cinayət işinin olduqca tez yekunlaşdırılması vacibdir. Lakin bu gün hələ 4 il sonra mənə qarşı törədilən cinayətlə bağlı son nöqtə qoyulur. Zərərçəkmişin və ailə üzvlərinin həyatının 4 ilini haqq mübarizəsi ilə keçirməsi sağalma prosesinin önünə keçir. 4 illik prosesdə, xüsusilə ilk istintaqı nəzərə alsaq, açıq aydın görünür ki, hüquq mühafizə orqanları davamlı qanuna zidd istintaq aparıb, süni şəkildə prosesi uzadıb və Azərbaycanın da qoşulduğu bir neçə konvensiyanı pozub".

Sənay Yağmur vəkillə məsləhətləşdikdən sonra qərardan Avropa Məhkəməsinə müraciət etmək barədə düşünə biləcəklərini bildirib:

"Avropa Məhkəməsinə müraciət etmək üçün əsaslar var, amma hələ də bununla bağlı dəqiq qərarımız yoxdur. Yalnız vəkilimlə ətraflı müzakirə etdikdən sonra belə bir addım atıla bilər. Avropa məhkəməsinə müraciət edilsə də, edilməsə də, bundan əminəm ki, bu cinayət işi başqa zərərçəkmişlərə nümunə ola bilər. Nə qədər çətin, yorucu və ağrılı proses olsa da, ədalət sisteminə güvənməsəniz də, susmamaq, səsimizi çıxarmaq, lazım gəldiyində etiraz etmək və sonuna qədər ədalət üçün mübarizə aparmaq lazımdır. Bu 5 illik cəza da bunun nəticəsidir. Tək mənim deyil, feministlərin, davamlı mənə dəstək olan anamın və proses ərzində susmayan hamının nail olduğu nəticədir” – Sənay Yağmur bildirib.

Əsgər Ağazadə 2022-ci il oktyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

O, C.M.-in 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama) maddəsi ilə təqsirli bilinib. Bu maddədə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Zərərçəkmiş tərəf bu ilin yanvarında bu müddətin artırılması barədə Ali Məhkəməyə müraciət etsə də, məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun