"Beyləqan İşgəncələri"ndə adı hallanan general-leytenant Mayis Bərxudarov vəzifəsindən azad edilib

"Beyləqan İşgəncələri"ndə adı hallanan general-leytenant Mayis Bərxudarov vəzifəsindən azad edilib Foto: sosial media
7 Oktyabr 2024
Mətni dəyiş

Bərxudarovun hansı səbəbdən sərəncama götürülməsilə bağlı rəsmi məlumat dərc olunmayıb

Müdafiə Nazirliyinin II ordu korpusunun komandiri general-leytenant Mayis Bərxudarov vəzifəsindən azad edilib.

Xəbəri "gununsesi.info"ya təsdiqləyən general-leytenant bildirib ki, heç bir məyusluğu yoxdur və yeni vəzifəyə gətirilib-gətirilməyəcəyilə bağlı məlumatsızdır. Bərxudarovun yerinə isə general-mayor Vilayət Quliyev təyin olunub.

Mayis Bərxudarovun adı hərbçilərə kütləvi işgəncələrin verildiyi üzə çıxan “Tərtər işi”ndə hallanıb. Belə ki, 2017-ci ilin may-iyun aylarını əhatə edən işgəncələr ordunun “Tərtər korpusu” ilə yanaşı, “Beyləqan korupusu” kimi tanınan 2-ci ordu korpusunda da baş verib. Mayis Bərxudarov 2014-ci ildən etibarən bu korpusa komandanlıq edib.

İş üzrə məhkəmədə təkcə Beyləqan epizodları üzrə 62 nəfər zərərçəkmiş kimi tanınıb. Bunlardan biri - baş-leytnant Adil Sabirli işgəncələr nəticəsində həyatını itirib. İş üzrə 5 nəfər cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilib.

Məhkəmədə ifadə verən zərərçəkmişlər də, iş üzrə həbs olunanlar da Mayis Bərxudarovun məhkəməyə çağırılmasını tələb ediblər. Onlar işgəncələrin elə Mayis Bərxudarovun rəhbərliyi altında aparıldığını bildiriblər.

"Məni Mayis Bərxudarovun otağına apardılar. O, məndən soruşdu ki, neçə nəfər düşmənə işləyirsiniz? Dedim belə şey yoxdur. Dedi "Aparın bunu, ağlı başına gəlsin". Məni aparıb ağır işgəncələr verdilər", -  ağır işgəncələrdən sonra sağlamlığını itirən hərbçi Orxan Səfərov məhkəmədə bildirib.

Ancaq bütün bunlara baxmayaraq, məhkəmə Mayis Bərxudarovu dindirməyə ehtiyac duymayıb. Əksinə Bərxudarov İkinci Qarabağ Müharibəsindən sonra prezidentin sərəncamları ilə bir sıra medallarla təltif olunub.

"Tərtər işi" üzrə adı hallananlardan biri də general-mayor Hikmət Həsənov olub. Həsənov 2014-cü ildən 1-ci Ordu Korupusuna rəhbərlik edib. 2021-ci ilin avqustunda vəzifəsindən azad edilərək Hərbi Akademiyanın rəis müavini təyin olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun