Həlak olan hərbçinin atası: “18 yaşlı uşağın hansı taktikası ola bilərdi ki, onu erməninin 40-50 ildir qurduğu qruplaşmanın qabağına buraxıblar?!”

Həlak olan hərbçinin atası: “18 yaşlı uşağın hansı taktikası ola bilərdi ki, onu erməninin 40-50 ildir qurduğu  qruplaşmanın qabağına buraxıblar?!”
29 Sentyabr 2023
Mətni dəyiş

Son əməliyyatda həlak olan Gökhan Səfərovun təhsilini yarımçıq saxlayaraq hərbi xidmətə aparıblar

“Cənab prezident məni göndərsin hərbi hissəyə, şəxsi heyətin qarşısında hərbi hissə komandirindən 1-2 şey soruşum, ürəyim sakitləşsin”.

Bu sözləri sentyabrın 19-da başlayan, bir gün davam edən hərbi əməliyyatlarda həlak olan Gökhan Səfərovun atası İlqar Səfərov Abzas Media-ya deyir. Onlar əslən Ağdam rayonundan olsalar da, Mingəçevirdə yaşayırlar. Onun sözlərinə görə, evin balacası olan Gökhanı Mingəçevir Turizm Kollecindəki təhsilini yarımçıq saxladaraq hərbi xidmətə aparıblar.

İ.Səfərov deyir ki, oğlu ilə fəxr edir, ancaq onu sakitləşməyə qoymayan suallar hələ də var:

“5 ay idi hərbi xidmətə getmişdi. Mən fəxr edirəm ki, oğlum şəhid olub, amma 5 ayın əsgəri idi. Martın 20-də 18 yaşı tamam olmuşdu. Körpələri qabağa buraxıblar. 18 yaşlı uşağın hansı taktikası ola bilərdi ki, onu erməninin 40-50 ildir qurduğu  qruplaşmanın qabağına buraxıblar?! Mən gözləmirdim ki, 5 ayın əsgərini döyüşə apararlar. Özüm Birinci Qarabağ Müharibəsinin veteranıyam, mən yaxşı bilirəm ki, müharibə nədir. Heç gözləmirdim ki, hərbi hissə komandiri özü oturub haradasa gizlənə, 18 yaşlı uşağı qabağa basa, şəhid eləyə. Mən uşağımla fəxr edirəm, amma dövlətin pulu ilə təlim keçmiş uşaqları orada-burada gizləyib, onları mina partlatmaq üçün qabağa buraxan komandirdən soruşsunlar ki, bu necə ola bilər?” – deyə İ.Səfərov sual edir.

Həlak olan hərbiçinin atası deyir ki, övladının ölümündən sonra evlərinə hərbi hissə rəhbərliyindən heç kim gəlməyib, ancaq 2 hərbçi ilə ərzaq göndəriblər:

“2 nəfər gəlmişdi, biri kapitan idi. Hərbi hissənin psixoloqu idi. Bir də şoferi. Düyü yarması filan gətirmişdilər. Dedim, istəmirəm, aparın əsgərlərə verin, ya da komandir aparıb özü istifadə eləsin. O da dedi ki, "əmi, qadan alım, bunu bizə oradan veriblər, sizə verməliyik". Elə onların maşını ilə aparıb məscidə verdilər ki, ehtiyacı olanlar götürsün”– deyə o, bildirib.

Müdafiə Nazirliyi bir gün ərzində 192 hərbçinin hansı şəraitdə həlak olması haqda sualımıza cavab verməyib.

Sentyabrın 19-da Azərbycan ordusu Rusiya Sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə olan qanunsuz silahlı qruplaşmaya qarşı “Antiterror” adlandırdığı hərbi əməliyyatlara başladığını elan edib. Sentyabrın 20-də isə tərəflər hərbi əməliyyatların dayandırılması və danışıqlara başlanması ilə bağlı razılığa gəliblər.

Azərbaycan bir günlük əməliyyatlarda 192 hərbçisini itirib. Bir nəfər mülki şəxs həlak olub. 11 nəfərin şəxsiyyətinin müəyyənləşdirilmədiyi bildirilsə də, sentyabrın 28-də Müdafiə Nazirliyi daha 6 nəfərin kimliyinin müəyyənləşdiyini açıqlayıb.

Sentyabrın 28-də Qarabağdakı qeyri-leqal hökumət yanvarın 1-ə qədər buraxılacağını elan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun