Hikmət Hacıyev: “Erməni hərbi birləşmə üzvlərinə amnistiya nəzərdə tutulur”

Hikmət Hacıyev: “Erməni hərbi birləşmə üzvlərinə amnistiya nəzərdə tutulur” Foto: Reuters
22 Sentyabr 2023
Mətni dəyiş

Milli təhlükəsizlik zabiti hesab edir ki, birinci müharibədə əhaliyə qarşı cinayət törədənlər cəzalandırılmalıdır, ikinci müharibədə iştirak edənlərə isə amnistiya tətbiq oluna bilər 

Azərbaycan Qarabağda silahı yerə qoyacaq erməni hərbi birləşmə üzvlərinə amnistiya nəzərdə tutur. Bu barədə prezidentin xarici siyasət üzrə müşaviri Hikmət Hacıyev “Reuters”ə müsahibəsində bildirib.

H.Hacıyev deyib ki, keçmiş hərbçilər üçün də amnistiya nəzərdə tutulur:

“Keçmiş hərbçilərə və döyüşçülərə gəlincə, əgər onlar bu cür təsnif edilə bilərsə, onlar üçün də belə amnistiya nəzərdə tutulur”.

Prezidentin köməkçisi əlavə edib ki, buna baxmayaraq, Qarabağın bəzi hərbi bölmələri və ayrı-ayrı zabitlər açıq şəkildə bildiriblər ki, Bakının şərtlərinə razı olmayacaqlar və müqavimət göstərməyə davam edəcəklər. Onun sözlərinə görə, Azərbaycan Qarabağ ermənilərinin dinc reinteqrasiyasını istəyir.

Qarabağdakı son hərbi əməliyyatlardan bir neçə ay əvvəl prezident İlham Əliyev çıxışlarının birində bildirmişdi ki, separatçı qurum özünü buraxdığı təqdirdə onlara amnistiya tətbiq edilə bilər.

Ehtiyatda olan milli təhlükəsizlik zabiti İlham İsmayıl bildirir ki, birinci Qarabağ müharibəsində Azərbaycan xalqına qarşı törədilənlər cinayətdir və bu işdə əli olan hər kəs cəzalandırılır. Amma ikinci Qarabağ müharibəsində məsələ fərqlidir.

“İkinci Qarabağ müharibəsində Azərbaycan vətəndaşlığını, müstəqilliyini görməyən, yalnız bu 30 il ərzində böyüyən adamlar var ki, onlar bu məsələni təbii qəbul edirlər. Situasiya başqadır. Üstəlik məsələni sülh yolu ilə həll etmək istəyirik. Ona qalsa, gərək keçmiş Dağlıq Qarabağ ərazisində, Xankəndidə yaşayan hər kəsi Azərbaycan qanunlarına tabe olmadıqlarına görə həbs edək. Bunu edə bilmərik. 

Hesab edirəm ki, Hikmət Hacıyevin açıqlaması və bu mövqeni nümayiş etdirməsi düzgün addımdır. Bu məsələni əlavə gərginlik yaranmasın deyə tətbiq etmək lazımdır. İkinci Qarabağ müharibəsində iştirak edənləri həbsdə saxlamağımız bizə heç nə verən deyil. 

Birinci Qarabağ müharibəsində isə konkret olaraq yerli əhaliyə qarşı xüsusi amansızlıq göstərən istər Koçaryan olsun, istər Sarkisyan, heç birini bağışlamırıq. Baxmayaraq ki, onlar dövlət başçıları olublar. Heç Harutyunyanı da bağışlamırıq. 

Amma ikinci Qarabağ müharibəsində döyüşənlərin amnistiyaya salınması sülh naminə düzgün addımdır”.

İ.İsmayıl Qarabağdakı hərbçilərin necə silahsızlaşdırılacağı, onların taleyinin necə olacağı haqda ictimaiyyətə detallı məlumatın verilməməsini doğru saymır.

“Bizə erməni silahlılarının tərksilah edilməsi, onların silahlarını kimə verəcəyi, bunun neçə gün ərzində baş tutacağı barədə məlumat verilmir. Çox təəssüf ki, informasiya qıtlığı var. Hətta dünənki Yevlax görüşü barədə də çox xəsis məlumat verilib. İlk mərhələ silahların təhvil verilməsidir. Neçə müddətə, necə olacaq bilmirik. Üstəlik silahı təhvil verən canlı qüvvənin taleyi necə olacaq? Qarabağ ermənilərindən olan canlı qüvvəni anlayırıq, tutaq ki, silahlarını yerə qoyub evlərinə gedəcəklər. Amma onların əksəriyyəti Ermənistan qeydiyyatında olan və başqa xarici ölkə vətəndaşlarıdır. Onların Azərbaycan ərazisindən çıxarılıb-çıxarılmayacağının detallarını biz bilmirik. Bunlar müzakirə olunmalıdır və xalqa informasiya verilməlidir. Çünki bu, cəmiyyəti narahat edən məsələdir”.

Sabiq milli təhlükəsizlik əməkdaşı amnistiya tətbiq ediləcək hərbçilərin sonradan ölkə üçün təhlükəyə çevrilə biləcəyi fikri ilə razılaşmır.

“Onların arasında silahları təhvil vermək istəməyənlər barədə məlumatlar var. Onlar terrorçudurlar, muzdludurlar. Onlar həm şovinist hissləri ilə, həm pul istəyi ilə gəlmiş insanlardır. Onlar sadəcə silahı qoyub getmək istəmirlər.
Əgər onlar amnistiyadan istifadə edib silahlarını təhvil versələr və Azərbaycan ərazisində qalsalar, terror törətmək təhlükələri var. Artıq bu işə bizim xüsusi xidmət orqanımız nəzarət edəcək. 

Orada qalanlar kimlərdir, detallarına qədər öyrənəcəyik, onların perspektivdə hər hansı terror hadisəsi törətmələrinin qarşısını almaq üçün bəri başdan zərərsizləşdiriləcəklər. Zərərsizləşdirmək deyəndə fiziki məhvdən tutmuş deportasiyaya qədər müxtəlif variantlar nəzərdə tutulur”, - deyə İ.İsmayıl bildirib.

Sentyabrın 19-da gecə Daxili İşlər Naziliyinin 4, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin isə 2 əməkdaşı Qarabağda minaya düşərək həlak olub. Bu barədə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb. Dövlət Təhlükəsizliyi Xidmətinin başlatdığı cinayət işində isə hər iki hadisə “terror aktı” kimi təsnif edilib.

Bundan sonra Müdafiə Nazirliyi rəsmi məlumat yayaraq bildirib ki, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli “antiterror tədbirlərinə” başlanılıb.

Qarabağda tanınmamış “respublikanın rəsmiləri” Azərbaycanın iddialarını rədd edib və atəşkəs rejimini onların deyil, Azərbaycanın pozduğunu bildirib.

Sentyabrın 20-də tərəflər hərbi əməliyyatların dayandırılması və bir gün sonra Yevlaxda görüşməklə bağlı razılığa gəliblər.

Sentyabrın 21-də Yevlaxda tərəflərin görüşü baş tutub. Görüşdən sonra Azərbaycan hökuməti bildirib ki, Qarabağ ermənilərinin təmsilçiləri onlardan humanitar yardım istəyib.

Bu gün Azərbaycan Qarabağ ermənilərinin "ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə" yardım göndərib.

Ağdamdan Xankəndi istiqamətinə gedən yardım karvanına müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr yüklənmiş 2 ədəd 20 tonluq, o cümlədən 2 ədəd çörək dolu yük maşınlarının daxil olduğu bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun