Az əvvəl həbsdən çıxan Afiəddin Məmmədovun yenidən saxlanıldığı bildirilir

Az əvvəl həbsdən çıxan Afiəddin Məmmədovun yenidən saxlanıldığı bildirilir Foto: Meydan TV
20 Sentyabr 2023
Mətni dəyiş

Əhməd Məmmədli: “Bir nəfər ona yaxınlaşaraq özünə bıçaqla xəsarət yetirib və bıçağı Afiəddinin üstünə atıb”

İctimai fəal,  İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun saxlanıldığı bildirilir. Abzas Media-ya bu barədə ictimai fəal Əhməd Məmmədli məlumat verib. Məmmədli bildirib ki, Afiəddin Məmmədovu evinin yaxınlığında polis saxlayıb. 

“Yaxınlarının bildirdiyinə görə, Afiəddinin saxlanılmasına səbəb kimi yaşadığı binadan çıxarkən bir şəxsi bıçaqlaması göstərilib. Afiəddin binadan çıxan zaman bir nəfər ona yaxınlaşaraq özünə bıçaqla xəsarət yetirib və bıçağı Afiəddinin üstünə atıb. Polis də dərhal Afiəddini saxlayıb. Yeni qondarma həbs ssenarilərinə yox deyir və Afiəddin Məmmədovun sərbəst buraxılmasını tələb edirik”, – deyə Ə.Məmmədli bildirib. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyilə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmadı. 

Afiəddin Məmmədov dəfələrlə inzibati qaydada həbs olunub. Avqustun 1-də moped sürən kuryerlərin etiraz aksiyası baş tutub. Yol polislərinin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz edən kuryerlərin aksiyasında İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri də iştirak edib. 

Konfederasiyasının sədri Afiəddin Məmmədov aksiyadan sonra saxlanılaraq, 30 sutka müddətinə həbs olunub. O, avqustun 31-də azadlığa çıxmışdı. 

Sentyabrın 19-da Azərbaycanın Qarabağda hərbi əməliyyatlara başlamasından sonra ölkə içində ictimai-siyasi fəalların həbsləri başlayıb. Bundan əvvəl sentyabrın 19-da ictimai fəal Rail Abbasovu Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları saxlayıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham olunur. 

Bundan başqa, DİN-in yaydığı məlumata görə, son günlərdə aparılan hərbi əməliyyatlarla bağlı “dezinformasiya yayan” 10-a yaxın şəxs polis idarələrinə dəvət olunub və onlarla profilaktik söhbətlər aparılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun