Astaranın qəsəbə və kəndlərini sel basıb, infrastruktur dağılıb

Astaranın qəsəbə və kəndlərini sel basıb, infrastruktur dağılıb Foto: Fövqəladə Hallar Nazirliyi
18 Sentyabr 2023
Mətni dəyiş

 İcra başçısının köməkçisi: “Evləri zərər görən sakinlər qohumlarının və tanışlarının evlərinə yerləşdiriləcəklər”

Astara rayonunun Ərçivan qəsəbəsi Maşxan kəndi güclü sel sularının altında qalıb. Qonşu kəndlərə də ziyan dəyib. Bu barədə məlumatı Fövəqladə Hallar Nazirliyi yayıb. Bildirilib ki, sentyabrın 17-də axşam saatlarından başlayaraq yağan intensiv yağışlar nəticəsində bir sıra yaşayış məntəqələrinə, bəzi fərdi yaşayış evlərinə, həyətyanı sahələrə və digər ərazilərə sel suları dolub.

Astara rayonu Sərək kənd məktəbinin direktoru Nuranə Həmidova sosial şəbəkə hesabında sel gələndən sonra evinin həyətinin düşdüyü vəziyyəti əks etdirən video paylaşıb. Videoda görünür ki, bütün həyətyanı sahə, ağaclar, həyətdəki köməkçi tikililər su altında qalıb.

Astara rayon İcra Hakimiyyəti başçısının köməkçisi Asiman Qasımlı da faktı Abzas Media-ya təsdiqləyib. O, bildirib ki, əsasən Ərçivan qəsəbəsini su basıb, ancaq yollarda da sürüşmələr var.

Onun sözlərinə görə, hələlik sel sularından nə qədər adamın zərər görməsilə bağlı rəqəmlər yoxdur:

“Bir neçə yerdə torpaq sürüşüb, sel körpünü, piyada keçidini aparıb. Hal-hazırda bütün suların çəkilməsi, yolların açılması üçün iş gedir, ancaq yağış hələ də yağır. İşlər yekunlaşdıqdan sonra mülki əhaliyə dəyən zərərin ödənməsi üçün komissiya yaradılacaq, ziyanlar hesablanacaq, aktlar tərtib olunacaq”.

Bu müddətdə sakinlərin harada yerləşdiriləcəklərilə bağlı sualın cavabında icra başçısının köməkçisi bildirib ki, işlər uzun çəksə, bununla bağlı qərar veriləcək:

“Hələlik sakinlər müvəqqəti olaraq kənddə qohumlarının, tanışlarının evlərində yerləşdiriləcəklər. İndi əsas işlər yolların açılması ilə bağlıdır ki, hərəkət bərpa olunsun. Güman ki, ilkin bərpa işləri çox çəkməyəcək, amma çəksə, sakinlərin yerləşdirilməsilə bağlı bir qərar veriləcək”, – deyə Asiman Qasımlı bildirib.

Astara sakini Erkin İbrahimli Abzas Media-ya deyib ki, çayın daşması nəticəsində ziyan görən sakinlər dövlət dəstəyi sarıdan ümidsizdirlər:

“Sel gəlib, Kələdəhnə çayı daşıb, Ərçivan qəsəbəsində bir çox evləri, həyətləri su basıb. Heyvan tələfatı da var. Adətən belə olanda insanlara dəyən zərərlər ödənmir. İndiyə qədər verməyiblər, bundan sonra da belə olacaq. Eləcə Fövqəladə Hallar Nazirliyinə zəng edirlər, onlar da gəlib həyətlərdən suyu çəkib gedirlər”, – deyə E.İbrahimli bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun