Yazıçının statuslarına görə polisdə saxlanıldığı bildirilir (yenilənib)

Yazıçının statuslarına görə polisdə saxlanıldığı bildirilir (yenilənib) Foto: Özünün "Facebook" profili
11 Avqust 2023
Mətni dəyiş

15:38 - yenilənib: Səməd Şıxı polis bölməsindən sərbəst buraxılıb

Yazıçı Səməd Şıxının atası: “Rəis telefonunu istədi, gətirib verdik".

Yazıçı Səməd Şıxı Abşeron Rayon Polis Şöbəsinin Qobu Polis Bölməsində saxlanılır. Abzas Media-ya bu barədə onun atası Mirbala Şıxıyev məlumat verib.

“Dünən polislər evə gəlib onu Xırdalan polisinə çağırmışdılar. Gəldik bura, buradan apardılar Qobu Polis Bölməsinə. Sosial şəbəkələrdə yazdıqlarına görə gətiriblər. Rəis telefonunu istədi, gətirib verdik. Mənimlə gəlmişdi, içəri tək girdi. İndi soruşdum, dedilər izahat yazır. Bilmirəm buraxacaqlar, ya yox”, – deyə Şıxıyev bildirib.

Səməd Şıxı son günlər ardıcıl olaraq gənc fəal Afiəddin Məmmədovun həbsi ilə bağlı hökuməti tənqid edib. O yazıb:

"Afiəddin Məmmədov aclıq aksiyasına başlayıb. 3-cü dəfədir ki, dövlət onu haqsız yerə həbs edir. Bu oğurluqdur. Dövlətin sivil insanlara qarşı etdiyi cinayətdir. Həyatımızı onsuz da məhv edərək bizi neçə il geriyə atdıqları bəs deyilmiş kimi həbs edir. Nə qanunu tanımalı, nə  müstəqil olaraq görülməlidir bu dövlət. Müstəqil dövlətin insanının sığına biləcəyi bir qurumu olur. Bizimki nədir? Məhkəməmiz, ya bizi yoldan oğurlayan polisimiz? Bəlkə seçə bildiyimiz şəxslər?

“Vəzifəsini icra edir”, “yuxardan tapşırıq gəlib” deyə kimsə öz etdiyi əxlaqsızlığa haqq qazandırmasın",- S. Şıxı yazıb.

Səməd Şıxının yaxını, "D18 - Demokratiya 1918" Hərəkatının sədri Əhməd Məmmədli deyir ki, yazıçı ictimai-siyasi proseslərlə bağlı fikir bildirdiyi üçün saxlanılıb. Onun sözlərinə görə, müstəqil, heç bir təşkilatın üzvü olmayan şəxslərin tənqidi hökuməti daha çox qıcıqlandırır:

“Onlar düşünürlər ki, əgər müstəqil bir yazıçı tənqid yazırsa, insanlar daha çox simpatiya duya bilər. Çünki heç bir təşkilatı təmsil etmədən fərdi formada fikirlərini yazır. Bir də Söyüdlü hadisələri, inanclı şəxslərin həbsləri zamanı yazdıqları, xarici mediaya müsahibələri ümumilikdə hakimiyyətin qıcıqlanmasına səbəb olub. Belə görünür ki, hazırda hakimiyyət ictimai fəalları da, onlara dəstək olan müstəqil qələm adamlarını da məqsədli şəkildə sıxışdırmağa başlayıb”, – deyə Əhməd Məmmədli bildirib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən açıqlama almaq istəsək də, zənglərimizə cavab verilmədi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun