Vəkil: “Zorakılıq qurbanlarına dövlət büdcəsindən 6 aylıq müavinət ayrılsın”

Vəkil: “Zorakılıq qurbanlarına dövlət büdcəsindən 6 aylıq müavinət ayrılsın” Foto: VOA
22 Avqust 2023
Mətni dəyiş

Sosial işçi: “Təəssüf ki, Azərbaycanda qanun zorakılıq edən şəxsi evdən çıxarmır, əksinə, qoruyur”

Vəkil Zibeydə Sadıqova dövlətin zorakılığa məruz qalan qadınların təhlükəsizliyi və sosial təminatı ilə bağlı bir sıra addımlar atamalı olduğunu deyir. O, bu barədə öz “Facebook” hesabında yazıb.

Vəkilin sözlərinə görə, məişət zorakılığı qurbanı olan qadın və uşaqların vəziyyətinin yaxşılaşdırılması üçün vacib amillər var ki, onlardan da biri zorakılıq qurbanlarının müvəqqəti evlərlə təmin edilməsidir.

“Zorakılıq qurbanları uzun müddətli psixoloq və psixiatr dəstəyi ilə, sosial işçilərlə, hüquqi yardımla təmin edilsinlər. Özlərini hazır hiss edəndə işlə təmin edilsinlər və ya təhsil almalarına şərait yaradılsın. Zorakılığa məruz qalan qadınların uşaqları bağça ilə təmin edilsin, aliment alana kimi dövlət büdcəsindən ayrılmış alimentlər verilsin. Eyni zamanda həkim xidmətləri ilə dərhal təmin edilsinlər. Qanunvericilikdə nəzərdə tutulmuş müddətlər zorakılıq qurbanlarına hüquqi prosedurlar zamanı şamil edilməsin və s”.

Bəs görəsən, zorakılığa məruz qalan şəxslər həm təhlükəsizlikləri, həm də təminatları ilə bağlı hansı çətinlikləri yaşayırlar?

Zorakılığa məruz qalan şəxslərlə işləyən sosial işçi Sənubər Heydərova deyir ki, hökumət uzun müddətdir bu istiqamətdə addımlar atdığını desə də, ortada effektiv nəticə yoxdur.

Onun sözlərinə görə, zorakılığa məruz qalan şəxslərin hüquqlarının təminatı üçün qanunvericlikdə olan müddəlar da tətbiq olunmur:

“Cinayət qanunvericiliyində bir neçə məsələ var ki, onlar tətbiq olunmur, polis idarələrində problem yaşayırıq. Bizim resurslarımız dövlət qədər deyil, ancaq kiçik resurslarla nələrsə edirik. Bu, daha çox hüquqi yardım olur, çünki hüquqi yardım kifayət qədər bahalıdır. Ömür boyu işləməsi qadağan olunan və təhsili yarımçıq qalan qadınlar bir gün hüquqi yardımla bağlı müraciət etmək istəsələr, onların buna pulu çatmaz. Rüsumlar da kifayət qədər bahadır. Əsasən uşaqla birlikdə gəlirlər və uşaqları da, özləri də travmalı olurlar. Sosial işçilər və psixoloqlar onlarla planlı şəkildə işləməyə başlayırlar. Bu proses bəzən uzanır və nə qədər resursumuz varsa, o qədər dəstək verməyə çalışırıq”.

S.Heydərova deyir ki, ən böyük problem qadınların yaşayış yerinin dəyişdirilməsilə bağlıdır. Onun sözlərinə görə, bu məsələdə qismən kömək edə bilirlər, amma çox vaxt imkanları yetmir:

“Təəssüf ki, Azərbaycanda qanun zorakılıq edən şəxsi evdən çıxarmır, əksinə, qoruyur. Polis bəzən zorakılığa məruz qalan qadına deyir ki, çıx get, niyə oturmusan o evdə? Bu qadınların isə adətən gedəcək yerləri olmur.

Azərbaycanda üç sığınacaq var, bu da əhalinin sayına görə çox azdır. Adətən sığınacaqlarda yer olmur və biz çox böyük çətinlik yaşayırıq. Hələ mən eşitməmişəm ki, dövlət sığınacağı desin ki, bizdə yer var, göndərin. Biz məcbur qalırıq onlara kirayə ev tapaq. Bir çox hallarda da atalarının, qardaşlarının yanına qayıtmağa məcbur olurlar. Regionlardan ancaq Gəncədə sığınacaq var, o da çox balacadır. Standartlara uyğun işləmir. Regionlarda sığınacaq açmaq lazımdır”.

Sosial işçi deyir ki, hökumət ilk addım kimi bu sahədə peşəkarlaşmış şəxslər hazırlamalıdır. Onun sözlərinə görə, sığınacaqlarda işləyən şəxslərlə bağlı da şikayətlər olur:

“İlk addım kimi, polis idarələrində, icra hakimiyyətlərində qadınlarla işləmək üçün təlim keçmiş şəxslər olmalıdır, pulsuz sosial-psixoloji yardım göstərməlidirlər. Sığınacaqlarda sadəcə yemək və yatmaq məsələsi təmin olunur. Qadınların gələcək həyatı, əmək bazarına girmələrilə bağlı iş görülmür”.

S.Heydərova deyir ki, Aliment Fondu yaradılmalıdır, ancaq bu da çətinlikləri tam həll etməyəcək:

“Aliment sadəcə dəstəkdir və uşaqların ilkin xərclərini ödəyir. Bunun qadınlara təsiri yoxdur. Aliment Fondu olsa, bir sıra məsələləri həll edərdi. Avropada zorakılığa məruz qalan şəxslərin özünə müavinət və ya güzəştlər şəklində dəstək olur”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanov Abzas Media-ya bildirib ki, komitə zorakılığa məruz qalan şəxsləri müvafiq dövlət qurumlarına yönləndirir:

“Müavinət və sosial dəstək məsələləri komitənin səlahiyyətlərinə aid deyil. Qanunvericiliyin bu istiqamətdə təkmilləşdirilməsi üçün təkliflər veririk, ancaq Aliment Fondunun yaradılması məsələsi müzakirə edilməyib”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 51 qadın məişət zorakılığının qurbanı olub. Bir il öncə isə bu rəqəm 46 olmuşdu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun