Valideyn: “Formaya diqqət ayırırlar, təhsil vermirlər”

Valideyn: “Formaya diqqət ayırırlar, təhsil vermirlər” Foto: insanoid.com
3 Avqust 2023
Mətni dəyiş

Ekspert: “Məktəb bu il seçdiyi formanı gələn il dəyişirsə, insanlara ciddi maddi ziyan vurur”

2023-2024-cü tədris ilində vahid məktəbli geyimi 4 formada təsdiq olunub. Bu barədə Nazirlər Kabineti qərar verib. Elm və Təhsil Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, məktəblər 4 formadan birini özləri seçəcəklər.

Bakı Tikiş Evinin açıqladığı rəqəmlərə görə, oğlanlar və qızlar üçün köynəklər 15, ətək və şalvarlar 25, jaketlər isə 30 manata olacaq.

Ancaq bu il də yeni və 4 formada olan məktəbli geyimlərinin tətbiqi heç də hər kəs tərəfindən müsbət qarşılanmır. Formaların həm keyfiyyətindən, həm qiymətindən, həm əlçatan olmamasından, ən əsası isə hər il yeni formanın tətbiq edilməsindən narazılıq edənlər var.

Bakıda yaşayan Lalə Əmirli deyir ki, onun 2 övladı məktəblidir, biri 5-ci, biri 6-cı sinifə gedir. Hər ikisi üçün tam dəst məktəbli forması alınsa, bu, ailəyə 140 manata başa gələcək.

“Biz dolanışığa pul çatdırmırıq, o da ola hər il yeni paltar almaq. Birinin ailəsində 3-4 uşaq varsa, görün nə qədər pul edir? Bu qərarı təqdirəlayiq hesab etmirəm. Yenə keyfiyyətləri yaxşı olsa, hər il dəyişməsələr, 1 dəfə almaq üçün normal saymaq olar. Keçən il özüm tikdirdim, amma peşman oldum, onun da keyfiyyəti yaxşı olmadı. Formaya diqqət ayırırlar, təhsil vermirlər. İstəyərdim ki, uşaqların geyimi sərbəst olsun. Bu işi sərbəst buraxsalar, daha yaxşıdır, əsas təhsildir”, – deyə Lalə Əmirli bildirir.

Nazirliyin sosial şəbəkə hesablarında məsələ ilə bağlı gələn rəylərə nəzər saldıqda da narazılıqları müşahidə etmək olur:

“Tövsiyə etməyə nə var ki. İgid odur, sosial təminat ehtiyacı olan valideynləri, məktəbli forması almaqda çətinliyi olan valideynləri müəyyənləşdirib yardım edə. Valideyn həm yarıtmaz təhsil ucbatından övladlarını hazırlıqlara qoyub əlavə maddi vəsait sərf eləsin, həm də forma almaq dərdinə düşsün. Əcəb təhsildir”.

“Qiymətlər çox bahadır, hər uşaq üçün 100 manat ödəməliyik”

“Yoldaşım hərbçidir, tez-tez yaşayış yerimizi dəyişirik. İndi hər yerin məktəbinə uyğun bir forma almalıyıq?”

Vahid geyim forması ilə bağlı rəsmi məlumatların rəy bölməsində yüzlərlə bu cür fikirlər görmək mümkündür.

Təhsil eksperti Vüsal Kərimli deyir ki, hər il yeni məktəbli formalarının satışa çıxarılması vətəndaşlar üçün əlavə xərclər yaradır.

O hesab edir ki, vahid məktəbli forması tətbiq olunsa, bu, valideynləri narazı salmazdı.

“Hər il vahid geyim forması kimi yeni formaların çıxması ilə bağlı vətəndaşların narazılığı haqlıdır. Vahid forma olsa, insanlar da bilərlər ki, hansı formaları almaq lazımdır. Əvvəllər formalar vahid idi, indiki qərarda hər məktəb özü qərar verəcək ki, hansı vahid formanı seçir. Əgər məktəb bu il seçdiyi vahid formanı gələn il dəyişəcəksə, bu insanlara ciddi maddi ziyan vuracaq və narazı olmaqda haqlıdırlar.

O da düzdür ki, məhsulların keyfiyyətləri aşağıdır, qiymətləri isə baha. Ancaq dövlət qurumları qiymət siyasətinə qarışsa, satışı həyata keçirən özəl müəssisələrə necə müdaxilə edəcək?”, - deyə sual edən ekspert hesab edir ki, problemlər olsa da, məktəblilərin vahid məktəbli forması geyinməsi onların cəmiyyətdən, adi insanlardan ayrılması üçün yeganə yoldur.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi “Abzas Media”nın sorğusuna cavab olaraq bildirib ki, məktəbli geyiminin istehsalına, keyfiyyətinə, eləcə də satışına nəzarət onların funksiyasına daxil deyil:

“Bildiyiniz kimi, “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə vahid məktəbli geyimi formalarının tətbiqinə başlanılmışdır. Hər bir məktəb formanın təklif olunan 4 rəngindən birini seçir, məktəbin Pedaqoji Şurasında təsdiq edir və bu barədə valideynlərə məlumat verir. Valideynlər məktəbli geyimi formalarını istədikləri satış məntəqələrindən satın alırlar.

Məktəbli geyiminin istehsalına, keyfiyyətinə, eləcə də satışına nəzarət Elm və Təhsil Nazirliyinin funksiyalarına daxil deyil”, - nazirliyin açıqlamasında deyilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun