Fazil Qasımov barəsində həbs qətimkan tədbiri seçildi [yenilənib]

Fazil Qasımov barəsində həbs qətimkan tədbiri seçildi [yenilənib] Foto: Fazil Qasımovun "Facebook" hesabı
8 Avqust 2023
Mətni dəyiş

16:49 yenilənib: Nərmanov Rayon Məhkəməsindən Abzas Media-ya bildirilib ki, F.Qasımov barəsində 3 ay 12 gün həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsilə ittiham olunub. Onun həbsi barədə vəsatəti Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (Bandotdel) verib.

Alimin qardaşı Nazim Qasımov: “Saxlanma səbəbi ailəmizə izah olunmayıb və biz onun haqqında dövlət strukturlarından məlumat ala bilmirik”

Azərbaycanlı alim, hüquq və iqtisadiyyat üzrə fəlsəfə doktoru Fazil Qasımov Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilib.

Qasımovun qardaşı Nazim Qasımov "Turan"-a bildirib ki, onu yaşadığı evdən aparıblar.

“Onun hansı səbəbdən saxlanılması barədə heç bir məlumat verilməyib. Sosial şəbəkələrdən öyrəndik ki, Fazil Bakıya gətirilib.

Lakin saxlanma səbəbi ailəmizə izah olunmayıb və biz onun haqqında dövlət strukturlarından məlumat ala bilmirik”, - deyə Nazim Qasımov bildirib.

Onun sözlərinə görə, Fazil Qasımov Qafqaz Universitetini bitirib (universitetin fəaliyyəti 2017-ci il yanvarın 16-da dayandırılıb), daha sonra Türkiyədə təhsilini davam etdirərək İstanbul Universitetində doktoranturanı bitirib.

 “Fazil prezident təqaüdçüsü idi, vətənini, dövlətini çox sevir”, – deyə qardaşı bildirib.

Alimin saxlanılması ilə bağlı xəbəri Azərbaycanın Daxili İşlər Nazirliyi (DİN)  təsdiqləyib. Nazirlikdən Abzas Media-ya bildirilib ki, F.Qasımov axtarışda olub:

“Cinayət işi ilə əlaqədar axtarışda olan F.Qasımov ölkəyə gətirilib və istintaqa təhvil verilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib”.

Nazirlik alimin hansı iş çərçivəsində saxlanıldığını açıqlamayıb.

Fazil Qasımov sonuncu dəfə iyulun 29-da son həbslərlə bağlı tənqidi status paylaşıb: “21-ci əsrdə alimlər təqib edilir, xeyirxah insanlar şərlənir. Artıq nəyin həqiqət, nəyin yuxu olduğunu ayırd etməkdə çətinlik çəkirik. Aydınlıq sabahlar naminə yeni bir Rönesansa ehtiyac var”, – deyə alim “Facebook” hesabında yazıb.

Fazil Qasımov Niderlandın Tilburg, Türkiyənin Özyeğin Universitetində təhsil alıb. Daha sonra isə İstanbul Universitetində doktoranturada təhsilini davam etdirib.

Son illərdə İstanbul şəhərində yaşayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun