“Sumqayıt Tibb Mərkəzi”nin əməkdaşları 5 milyonluq mənimsəmədə ittiham olunur

“Sumqayıt Tibb Mərkəzi”nin əməkdaşları 5 milyonluq mənimsəmədə ittiham olunur Foto: Azərtac
23 Avqust 2023
Mətni dəyiş

Onların 7 il ərzində 41 şirkət yaradaraq Sumqayıt şəhər Səhiyyə Şöbəsindən tender vasitəsilə əldə olunan vəsaiti mənimsədikləri bildirilir

“Sumqayıt Tibb Mərkəzi”ndə külli miqdarda mənimsəmə ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, cinayət işi Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş məlumatlar əsasında açılıb.

İstintaq məlumatlarına əsasən, tibb müəssisəsinin sabiq baş mühasibi Gülnarə Bayramova qohumu Gündüz Əliyevlə əlbir olaraq tanışları Elxan Əsədovun köməyi ilə sahibkarlıq fəaliyyəti adı altında 2012-2019-cu illər ərzində keçirilmiş dövlət satınalmaları və müqavilələr üzrə külli miqdarda pul vəsaitlərini mənimsəməkdə ittiham olunur.

Prokurorluğun məlumatına görə, bu üç şəxs 41 şirkət yaradaraq Sumqayıt şəhər Səhiyyə Şöbəsindən 5 milyon 716 min 684 manat pul vəsaitinin həmin şirkətlərə köçürülməsinə nail olublar.

Bundan sonra köçürülmüş pul vəsaitinin bir hissəsini, yəni 1 milyon 613 min 334 manatını Elxan Əsədov və digərləri nağdlaşdıraraq mənimsəyiblər.

“Bu vəsaitin 1 milyon 35 min manat hissəsinin müxtəlif əqdlər bağlamaqla, həyata keçirilən maliyyə əməliyyatları nəticəsində ayrı-ayrı şəxslərin bank hesablarından məxaric edilərək leqallaşdırması ibtidai istintaq zamanı sübuta yetirilib”, - deyə prokurorluğun məlumatında bildirilib.

İş üzrə toplanmış sübutlar əsasında Gülnarə Bayramova və Gündüz Əliyevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və digər maddələri, Elxan Əsədova isə 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməklik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməklik) və digər maddələri ilə yekun ittiham elan edilib.

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Baş Prokurorluğun məlumatında həmçinin qeyd edilir ki, istintaq zamanı 41 hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin görülməsi barədə qərar qəbul edilib və dəymiş maddi ziyanın 1 milyon 542 min 351 manatının ödənilməsi təmin olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun